Layihə

LAYİHƏ: Mehdiabadda futbol “ölməsin” deyə yaradılan klub

30.11.2017 , 12:40

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində doqquzuncu yazısı

Futzal klublarımız arasında bəziləri yeni yaransa da, artıq adından söz etdirə bilib. Onlardan biri 2013-cü ildə təsis edilən “Xəmsə” futzal klubudur. Klubun necə yaranmasını, “Xəmsə”nin idarə heyətinin üzvlərindən biri olan Samir Tağıyevin dilindən eşidək:”4 il bundan əvvəl 5 nəfər yaxın dost – Arif Vəliyev, Novruz İbrahimov, Əli Həsənov, Qüdrət İsmayılov və mən yaxşı futbol oynayan uşaqları bir yerə yığmaq üçün komanda yaratmaq fikirnə düşdük. İstedadlı uşaqların qıraqda qalmasını istəmirdik. Gənclərimizin pis vərdişlərdən uzaq durması, idmanla məşğul olması üçün bir yerdə toplanıb, bu ideyanı həyata keçirmək qərarına gəldik . Klubu beş nəfər yaratdığımız üçün adını “Xəmsə” qoyduq. Əsas məqsədimiz Azərbaycan futzalına xidmət etməkdir. Həmin dövrdə bir çox tanıdığımız potensiallı oyunçu həvəskarlar liqasında top qovurdu. Yaxşı xatırlayıram, onda həmin uşaqlar üçün yeri tutmuşdular. O futbolçuların böyük əksəriyyəti Mehdiabadda yaşayır. İndinin özündə belə, klubumuzun heyətində əsasən bu qəsəbinin uşaqları yer alır. Əsasən texnikalı futbolçular olduğu üçün futzal liqasında çıxış etmək istəyinə düşdük. Düşündük ki, futzalda oyunumuz daha yaxşı alınar. Sağ olsun federasiya rəsmiləri, bizə hər çür şərait yaratdılar”. 

Samir bəy komandanı təsis etdikdən sonra ortaya çıxan maliyyə problemlərini necə aradan qaldırdıqları haqqında da söhbət açdı:”Təbii ki, klub yaratmaq və saxlamaq asan məsələ deyil. Bunun üçün müəyyən maliyyə dayaqları olmalıdı. Bizim isə heç bir köməyimiz yox idi. İdarə Heyətinin üzvləri ilə birlikdə bankdan pul götürməyə qərar verdik. Həmin pula uşaqlara forma, idman ayaqqabıları, top və s. aldıq. Birlikdə məsləhətləşib klubumuzun loqosunu yaratdıq”. 
Bu məqamda söhbətə 4 ildir komandanı çalışdıran Arif Vəliyev qoşuldu:”Ümumiyyətlə, “Xəmsə” yaranandan bir neçə loqodan istifadə etmişik. Biz Mehdiabadı təmsil etdiyimiz üçün istəyirdik ki, loqolarda bu mütləq əks olunsun”.

Vaxtilə “Ədliyyə”də çıxış edən Arif bəy komandanın ilkin heyətini formalaşdırmasında yaranan çətinliklərdən bəhs etdi:”Uşaqları bir yerə toplamaq asan olmadı. Bilirisiniz, hamı futbolu maddi durumunu yaxşılaşdırmaq üçün oynayır. Bizim komandada isə pul yoxdur. Əsasən futbolu sevən həvəskar və istedadlı gəncləri “Xəmsə”yə cəlb etdik. Mehdiabadda futbola çox böyük maraq var. Mən uşaq yaşlarımdan xatırlayıram ki, bizim qəsəbədə xeyli sayda futbol turnirləri keçirilirdi. Dəfələrlə qəsəbəmizdə futbol məşqçisi kimi çalışan Kamil Həsənovun, şəhidlərimizin xatirəsinə həsr olunan turnirlər təşkil etmişik. Sovetlər dönəmində burdan Novruz Əzimov(“Neftçi”nin sabiq futbolçusu – red.) kimi futbolçu çıxıb. Hazırda “Binə”nin şərəfini qoruyan, vaxtilə müxtəlif yaş qrupları üzrə yığmalarımızda çıxış edən Bəxtiyar Soltanov, Yamin Ağakərimzadə də bizim qəsəbədə yetişən futbolçulardandır. İstedadlı uşaqlarımız çoxdur. Onların itib-batması ilə razılaşa bilməzdik. İstəyirdik ki, qəsəbədə futbol “ölməsin”, uşaqlar həmişə top qovsun. Düzdür, yeni yarananda dəstəyimiz olmadığı üçün xeyli çətinliklərlə üz-üzə qaldıq. Adi federasiyanın tələb etdiyi lisenziya pulunu belə güclə düzəldə bildik. Axı indiki dövrdə klub saxlamaq o qədər asan məsələ deyil. Həvəskarlar Liqasından sonra futzal üzrə Birinci Liqda çıxış etdik, böyük təcrübə topladıq. Həmin mövsüm turnir cədvəlində 3-cü sırada yer aldıq. Bu ilk uğurumuz idi. Bu uğurdan sonra yerli bələdiyyəyə kömək üçün müraciət etdik, lakin, onlar bildirdi ki, komandaya yardım etmək üçün vəsaitimiz yoxdur. Buna baxmayaraq, həvəsdən düşmədik. Nəticələrimiz yaxşılaşdıqca, sponsorun tapılacağına ümid edirdik. Azarkeş dəstəyimiz də var. Hətta bir dəfə bununla bağlı bizə diplom da verilib. Yeri yaranan klub olsaq da, uzun illərdir ölkə futbolunun bayraqdarı olan “Neftçi”ni məğlub etmişik. Onları 8-7 hesabı ilə yenmişdik. Həmin görüşü heç vaxt unutmaram. Qəsəbənin özündə futbolla maraqlanan, oynayan hər kəs özü bizə müraciət edir. Bir müddət bizdə çıxış edib sonra başqa klublara transfer olunan futzalçılarımız da var. Məsələn, Rasif Səfiyarov. O bizdə yetişib, “Araz”da baxışda olub, hazırda isə “Marafon”un şərəfini qoruyur. O uşaq olanda Mehdiabad stadionunda top çiləyən zaman videosunu paylaşmışdılar. Sonra necə olubsa, həmin videonu Ronaldinyoya(Futbol üzrə Braziliya yığmasının sabiq üzvü – red.) göstəriblər. O da öz növbəsində Rasifin texnikasını çox bəyənərək, ona top və imzalı formasını göndərmişdi. Bildiyimə görə, hətta onu Braziliyaya dəvət etmişdilər. Lakin, imkanı olmadığı üçün gedə bilmədi. Heyətimizdə bir futzalçı vardı, “Araz” onu təkidlə istəyirdi. Ancaq o Naxçıvan klubunun təklifini geri çevirdi. Çünki, həmin vaxt o başqa sahədə çalışırdı. Belə hallar çox olub. İlk mövsüm çempionata qatılmaq fikrinə düşəndə mən gedib rəqiblərin oyunlarını izləməyə qərar verdim. Baxdım ki, bu komandalarla oynamaq olar. Birinci Liqaya hazırlaşanda yalnız dəniz qırağında qaçmaqla kifayətlənirdik. Zalımız yox idi, elə indinin özündə belə məşq etmək üçün zal tapa bilmirik. Bütün çətinliklərə baxmayaraq, Birinci Liqadakı ilk ilimizdə 3-cü sıranı tutduq və Yüksək Liqaya vəsiqə qazandıq. Yüksək Liqada isə debütant olsaq da, mövsümün sonunda turnir cədvəlində 4-cü pillədə qərarlaşdıq. Bu illər ərzində İdarə Heyətinin üzvləri olaraq, formamızı, yol pulumuzu, digər xərclərimizi öz cibimizdən ödəmişik. Bu mövsümün əvvəlində isə Mehdiabadda yerləşən bir şirkətin rəhbəri forma dəstlərimizi aldı. Artıq, bir neçə tanınmış şirkətə sponsorluqla bağlı müraciət ünvanlamışıq. Ümidvaram ki, müsbət cavab verəcəklər. Hazırda Yüksək Liqada sonuncu sırada yer almağımız təbii ki, ürəyimizcə deyil. Çempionatda yaranan fasilədən sonra nəticələrimizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Söhbət əsnasında klubun İdarə Heyətinin üzvü Samir bəy ofislə bağlı məsələni də gündəmə gətirdi:”Öz ofisimizin olmasını çox istəyirik. Əvvəllər ofis tikmək üçün cəhdlərimiz oldu. Həmişə son anda nə isə alınmırdı. İndi belə bir imkanımız yoxdur. Hərdən elə olur ki, mənim iş yerimdə yığışırıq, iclas keçiririk. Arxada qalan illər ərzində “Xəmsə” komandasından heç kim maaş almayıb, amma almalarını istərdik. Axı, hamı evinə çörək aparmalıdır. Biz qapı-qapı gəzib sponsor axtarmırıq, müəyyən müraciətlər etdik, alınarsa lap yaxşı. Əslində, bir neçə dəfə klubu himayəsinə götürmək istəyənlər olub. Təkliflərini müzakirə etmişik, sonda isə ortaq məxrəcə gəlmək mümkün olmayıb. Bir daha bildirmək istəyirəm ki, bütün çətinliklərə baxmayaraq, “Xəmsə” yaşayacaq”. 
Qeyd edək ki, hazırda futzal üzrə Yüksək Liqada arxada qalan 9 turdan sonra “Xəmsə” komandasının aktivində 1 xal var. Arif Vəliyevin yetirmələri “İtaldizain”lə oyunda 2:2-lik bərabərliyə nail olub. Klub turnir cədvəlinin 7-ci, yəni sonuncu pilləsində qərarlaşıb. Rəqib qapılarına 18 dəfə yol tapan Mehdiabadlı futzalçılar, 46 dəfə məyusluq yaşayıb.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı