Layihə

LAYİHƏ: İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar!

17.08.2017 , 10:27

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində yeddinci yazısı 

Ötən yazılarımızda “Gənclər futbolunun inkişafı” proqramı ilə bağlı AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun fikirlərini öyrənmişdik. Qrup rəhbəri görülən işlərlə yanaşı, mövcud problemlərdən bəhs etmişdi. Bu dəfə “İnter” klubunun Uşar-Gənclər Futbol Məktəbinin (UGFM) rəhbəri Rövşən Babayevin məsələyə münasibətini öyrəndik: 

“Gənclər rayonda həvəskar səviyyədə futbol oynayaraq it-bat olur” 

Təbii ki, əvvəlcə hal-hazırda çalışdığım “İnter”də bu istiqamətdə görülən işlər barədə məlumat vermək istərdim. Son zamanlar klubun düşdüyü ağır durum hər kəsə məlumdur. Lakin hansı vəziyyətdə olmağımızdan asılı olmayaraq, komanda üçün ən lazımlı sahələrdən biri olan gənclər futbolunun inkişafını ciddi şəkildə nəzarətdə saxlayırıq. Hazırda uzun müddətdir ki, kluba transferlərlə bağlı qadağa tətbiq olunub. “İnter” yalnız öz yetirmələrinin xidmətindən istifadə edə bilər. Bununla yanaşı, “İnter” bir çox gənc futbolçusu başqa komandaların heyətində çıxış edir. Elə klubun uşaq komandasından yetişən və ölkə futbolunun ən ümidverici gənclərindən biri hesab edilən Abbas Hüseynovu(“Qarabağ”) misal göstərə bilərəm. Bizim klubda belə gənc və yeniyatmə futbolçuların sayı çoxdur. Konkret, özüm burada olduğum 3 ay ərzində Bakıda üç seleksiya xarakterli toplanış keçirmişik. Həmin toplanışlarda xeyli gənc futbolçu iştirak edib. Seleksiya xarakterli məşqlərdə biz bütün məsələlərə diqqətlə yanaşmışıq. Belə toplanışlar klublar üçün çox faydalıdır. Paytaxtda keçirdiyimiz toplanışlarla işi yekunlaşdırmadıq. Azərbaycan futbolu üçün ən önəmli məqamlardan biri bölgələrdə seleksiya işinin aparılmasıdır. Buna uyğun olaraq arxada qalan müddət ərzində Xaçmazda böyük bir seleksiya toplanışı təşkil etdik. Hər kəsə məlumdur ki, ölkənin şimal bölgələrindən xeyli sayda istedadlı futbolçu çıxıb. Orada işlər düzgün qurularsa, yeni istedadlı gənclərin üzə çıxacağına əminəm. Potensiallı yeniyetmələr var, sadəcə onları kəşf etmək lazımdır. Avropada bu sahədə işlər sistemli şəkildə qurulub və uzun illərdir öz bəhrəsini verir. 

R.Babayev “İnter”ə təyinatından sonra gənclər futbolunun inkişafı üçün yeni proqram hazırladıqları haqqında məlumat verdi:

Xaçmazda təşkil etdiyimiz son seleksiya xarakterli təlim-məşqdə əvvəlcə kiçik qruplar halında çalışmalara üstünlük verdik. Hər qrupa bir məşqçi rəhbərlik edirdi. Kiçik qrupların çalışmasını izlədik, yeni tərtib etdiyimiz proqramı həmin toplanışlarda tətbiq etdik. Qeyd edim ki, çox böyük effekti oldu. Kiçik qruplarla təlimlərin əsas xarakterik cəhəti ondan ibarətdir ki, az sayda gənc öz həmyaşıdları arasında özünü göstərə bilir. Hər qrupda seçilən, “gözə batan” futbolçuları əsas qrupa yönləndiririk. Bizə qoşulan məşqçilərin də işindən razıyam. Yeni qəbul etdiyimiz proqramın dəqiq həyata keçirilməsi üçün lazım olan bütün işləri layiqincə yerinə yetirdilər. Təbii ki, maliyyə cəhətdən daha çox imkanımız olsaydı, seleksiya toplanışlarını ölkəmizin digər bölgələrində keçirmək olardı. Mən inanıram ki, rayonlarda xeyli sayda gəncimizi belə təlim-məşq toplanışlarına cəlb edə bilsək, gələcəkdə aşağı yaş qrupları üzrə yığmalara seçim etmək imkanımız daha çox olacaq. Təəssüflər olsun ki, hazırda ölkəmizin bəzi rayonlarında uşaq futbolu yox olmaq dərəcəsindədir. Varsa belə, çox ağır şərtlər altında məşq edirlər. Özünü yaxşı tərəfdən göstərən bir çox gəncin isə paytaxta gəlmək imkanı yoxdur. Vaxt keçir və həmin gənclər rayonda həvəskar səviyyədə futbol oynayaraq it-bat olur. Sovetlər dönəmində uşaqlar arasında xeyli sayda futbol turnirləri təşkil olunurdu. Futbol klublarının məşqçiləri həmin yarışları izləyib futbolçu seçirdi. Strateji plan var idi. Mütəxəssislər həmin plana əsasən çalışırdı. Ona görə futbolçu sarıdan korluq çəkmirdik. “İnter” uzun illərdir öz bazası olduğu üçün potensiallı futbolçulara “qucaq açıb”. Son seleksiya xarakterli toplanışlardan sonra bölgələrdən seçdiyimiz, bəyəndiyimiz gəncləri buraya toplamışıq. Onlar klubun bazasında qalırlar. Bu gənclər “İnter”in və Azərbaycan futbolunun gələcəyidir. Çalışırıq ki, tez-tez təlim-məşq toplanışları təşkil edək, bunun ancaq faydası var. 

“Uşaq futbolunda bu sahədən xəbəri olmayan insanlar çalışır” 

Təcrübəli mütəxəssis gənclər futbolunun inkişafı sahəsində olan çatışmamazlıqları da unutmadı:

Bu istiqamətdə ən böyük boşluq futbol akademiyalarının olmamasıdır. Akademiyalar olarsa, gənclər futbolunun inkişafı üçün böyük işlər görmək mümkündür. Yeniyetmələr artıq 12-13 yaşlarından xaricdə təlim-məşq toplanışları keçməlidir. Onlar avropalı həmyaşıdları ilə oyunlarda özlərini sınamalıdır. Onda bizim nəyə qadir olduğumuz üzə çıxacaq. Məşqçilərimiz də xaricdə təşkil edilən seminarlarda iştirak etməlidir. Avropanın zəngin təcrübəyə malik klublarının bazalarını ziyarət edərək, uşaq futbolunda görülən işlərlə tanış olmaq olmaq lazımdır. Düzdür, bəzi klublarımızdan olan mütəxəssislər bəzən belə seminarlarda iştirak edirlər, ancaq bu mütəmadi olaraq həyata keçirilməlidir. Çünki, dünya futbolu durmadan inkişaf edir, uşaq futbolu yerində dayanmır. Daim yeni proqramlar dərc edilir, təkmilləşdirilmiş metodlardan istifadə olunur. Avropada bir çox klub futbolçuları yetişdirib, onları xarici komandalara satmaqla büdcəsini doldurur. Götürək, elə Hollandiyanın “Ayaks” klubunu, 1960-cı illərdən bəri qurduqları sistemi ildən-ilə təkmiləşdirərək dünya futbolunda görünməmiş uğurlar qazanıblar.

Top klublar dünyanın müxtəlif ölkələrində akademiyalarını açır. Həmin akademiyalar fəaliyyət göstərdiyi ölkənin müxtəlif bölgələrində seleksiya toplanışları təşkil edir. Bu iş illərdir sistematik şəkildə davam edir. Bəzən deyirlər ki, necə olur ki, Afrikanın kasıb bir ölkəsindən tanınmış futbolçu çıxır və “böyük beşlik” ölkələrindən birində top qovur, azərbaycanlı futbolçular isə ən yaxşı halda 2-ci dərəcəli futbol ölkələrinin ortabab klublarında ehtiyat oyunçular skamyasında əyləşir. Bu uzun illər ərzində qurulan işin nəticəsidir. Hazırda bizdə uşaq futbolunda bu sahədən xəbəri olmayan insanlar çalışır, bunu açıqca etiraf etməliyik. Bölgələrdə isə vəziyyətin nə yerdə olduğunu hər kəs bilir. Belə olan təqdirdə biz necə uşaq futbolunun inkişafından, gənclərimizin gələcəyindən danışa bilərik. Son illər rayonlarda uşaq futbolunun inkişafı dayanıb. Bu sahədə nəyəsə nail olmaq istəyiriksə, mütləq şəkildə bölgə futboluna dəstək olmalıyıq. Bunun üçün əsas məsələ futbol ənənələri ilə zəngin olan bölgələrimizdə akademiyaların tikilməsidir o zaman ölkə futbolu inkişaf edəcək. Akademiyalar olarsa, orada çalışacaq məşqçilərin ixtisasını, biliyini artırması üçün xaricdən mütəxəssis də dəvət etmək olar. Bu praktikadan yararlanan bir çox ölkə var. Bura gələn təcrübəli mütəxəssislər yerli məşqçilərə nə isə öyrədir. Onlar Azərbaycanda həmişəlik qalası deyillər, əcnəbilər getdikdən sonra yerlərini doldura biləcək öz kadrlarımız olmalıdı…(ardı var)

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

Yuxarı