Layihə

LAYIHƏ: İlk “Qızıl Oyun”un “AĞ-QARA” ssenarisi

13.03.2017 , 16:00

Korner.az və Sportfm.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində səkkizinci yazısı

Əvvəlki yazını oxumaq üçün kliklə: BURA

İLK “QIZIL OYUN”UN “AĞ-QARA” SSENARİSİ

“Xəzər-Lənkəran” Bakıda uduzmasaydı…

Müstəqil Azərbaycanda keçirilən futbol üzrə ölkə çempionatlarının ən maraqlısı və sona qədər həm iştirakçıları, həm də azarkeşləri intriqada saxlayanı, heç şübhəsiz ki, 2004-2005-ci illər mövsümüdür. Bu iddianı isbatlamaq üçün bircə bu faktı demək kifayətdir: çempionatın sona çatmasına cəmi 3 tur qalmış 6 klub nəzəri cəhətdən çempionluq iddiasını sürdürüdü. Bu “altılıq” arasında “qızıl” medallara ən real namizdələr isə “Neftçi”, “Xəzər Lənkəran” və Yevlaxın “Karvan” komandaları idi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qarşıdakı 3 turda ən ağır duruma düşən tərəf “Xəzər Lənkəran” idi. Bu da daha çox psixoloji amillərlə izah olunurdu. Məsələ burasındadır ki, 31-ci turda Bakıda “Neftçi”nin qonağı olan lənkəranlılar olduqca dramatik bir oyunda məğlubiyyət acısını daddılar. 89-cu dəqiqədə buraxılan qol paytaxt təmsilçisinə çempionluq marafonundan qopmamaq üçün yardımçı oldu. Halbuki, səfərdən 1 xalla dönəcəkləri təqdirdə cənublular qızıl medala ən real namizəd olacaqdılar. Amma, necə deyərlər, “sən saydığını say…”. Hadisələri qabaqlayaraq deyək ki, məhz nəzər saldığımız görüş son nəticədə “Xəzər Lənkəran”ın çempionluq arzularının üstündən çarpaz xətt çəkilməsində müstəsna rol oynadı.

“Qızıl oyun”a aparan Gəncə dramı

Son tur ərəfəsində isə çox maraqlı bir vəziyyət yaranmışdı: “Şəfa” klubu çempionatı tərk etdiyi üçün “Neftçi” 34-cü turun oyunlarından azad idi və hesabına 3 xal yazıldı. Beləliklə də, bakılılar turniri 78 xalla başa vurdular və birinci pilləyə yüksədilər. “Xəzər Lənkəran”ın aktivində 75 xal və son turda Gəncə səfəri var idi. Rasim Karanın yetirmələri yalnız qalib gələcəyi təqdirdə çempionluq arzularını davam etdirə bilərdilər. Bundan sonra “Neftçi”ni “qızıl oyun”da məğlub etmək lazım idi. Hesabında 73 xal olan “Karvan” da Gəncədəki görüşü maraqla gözləyirdi. Şahin Diniyevin baş məşqçisi olduğu “Gəncə” lənkəranlılara qalib gələcəyi təqdirdə “Karvan” gümüş medallara sahib olacaq, “Xəzər Lənkəran” isə 3-cü pillə ilə kifayətlənməli olacaqdı. Odur ki, Gəncədəki matç Azərbaycanın futbol adamlarının diqqət mərkəzində idi. “Gəncə” üçün bu oyunun heç bir əhəmiyyəti yox idi: artıq komandanın turnir cədvəlindəki mövqeyi bəlli idi – 9-cu. Amma doğma publikanın gözü önündə çıxış edən kollektiv sona qədər güclü və ciddi motivasiyası olan rəqibə qarşı mübarizə apardı. Yalnız görüşün 87-ci dəqiqəsində baş hakim Anar Salmanovun təyin etdiyi və sonradan böyük söz-söhbətlərə yol açan şübhəli penalti lənkəranlılara intizarında olduqları 3 xalı qazandırdı. “Xəzər Lənkəran” 1:0 hesabı ilə qələbə qazandı və çempion titulunu müəyyənləşdirmək üçün əlavə “qızıl olyun”un keçirilməsi labüd oldu.

Yenə də Gəncə

Ölkənin Futbol Federasiyasının qərarı ilə bu görüşün keçirilməsi üçün Gəncə şəhər stadionu seçildi. Hakimlərin qərəzliliyi barədə istənilən söz-söhbətləri əvvəlcədən qarşısını almaq üçün isə referi briqadasını ölkənin hüdudlarından kənarda aramaq məqsədəuyğun sayıldı. Nəticədə milli çempionatlar tarixində ilk dəfə olaraq əcnəbi hakimin Azərbaycan klublarını meydana çıxardı. Bu hakim, isveçrəli Karlo Bertolini idi. Görüşün TV vasitəsi ilə birbaşa translyasiya olunmasına rəğmən, Gəncə şəhər stadionuna 25 min azarkeş toplaşmışdı. Görüşə bilet əldə edə bilməyərək stadiondan kənarda qalan fanatların sayı barəsinbdə isə dəqiq bir statistik rəqəm söyləmək çətindir.

Birinci hissədə “ağ-yaşıllar” sevinsə də…

Görüşdə ilk real qol vəziyyətini lənkəranlılar yaratdılar: Alim Qurbanovun qapıçı meydançasına asmasını Oqtay Dərəlioğlu başı ilə çərçivəyə tərəf yönəltdi. Türkiyəli legioner dəqiq olsaydı, çıxışda yubanan Cahangir Həsənzadə komandasına heç nə ilə yardım edə bilməzdi. Lakin təcrübəli hücumçu hədəfdən yayındı.

“Neftçi” isə fərqlənmək imkanını yalnız 40-cı dəqiqədə əldə etdi: Rəşad Sadıxovun uzun ötürməsinə sağ cinahdan sürətlə rəqibin cərimə meydançasına şığıyan Qurban Qurbanov cavab verdi. Lənkəranliların müdafiəçisi Ədahim Niftəliyevin kobud səhvindən istifadə edən və digər müdafiəçiləri qabaqlamağa bacaran kapitan uzaq küncü nişan alsa da, zərbəzi dirəkdən azacıq yan keçdi.

Əvəzində cənublular birinci hissənin sonuna yaxın yaratdıqları fürsəti fövtə vermədilər. Bakılıarın həmləsi zamanı Tebloyev topu rəqib meydançasında itirdi, “Xəzər-Lənkəran”ın futbolçuları isə rəqibin arxa xəttində yranan boşluqdan məharətlə istifadə etdilər. Bu qolda sağ cinahla topla uzun reyd edən Rəşad Abdullayevin müstəsna xidməti oldu. Bir neçə rəqibin əhatəsində olmasına rəğmən, lənkəranlı zərbə vurmağa macal tapdı. Qolkiper bu həmləni dəf etsə də, səkən top heç kimin nəzarət etmədiyi Alim Qurbanovun düz üstünə gəldi. Boş qapını dəqiq nişan almaq isə artıq heç bir çətinlik törətmirdi. Beləliklə də, “Xəzər-Lənkəran” görüşdə 1:0 hesabı ilə irəli keçdi. Amma cəmi bir dəqiqədən sonra bakılılar əks-hücumda bərabərlik qoluna çox yaxınlaşdılar. Fəqət Zaur Tağızadənin yaxın məsafədən vurduğu topu müdafiəçilər boş qalmış qapıdan çıxarmağı bacardılar.

…yekun “ağ-qaralar”ın xeyrinə oldu

İkinci hissədə də fərqlənmək imkanını məhz Zaur Tağızadə qazandı. Lakin Mahmud Qurbanovun mükəmməl ötürməsindən sonra “Xəzər-Lənkəran”ın qolkiperi Matryoşkinlə üz-üzə qalsa da, bu dueldə qapıçıya məğlub oldu.

Amma təzyiqi artıran “ağ-qaralar”, nəhayət ki, üstünlüklərini tabloda əks etdirə bildilər. Ruslan Abbasovun təqribən 30 metrlik məsafədən vurduğu top toru silkələdi. Həm lənkəranlı, həm də bakılı futbolçularıa cərimə meydançası qarşısında sıx toplaşmaları qolkiperin zərbə anını görməsinə və vaxtında reaksiya verməsinə mane yaratdı. Martyoşkin son anda sıçrayışla “Xəzər-Lənkəran”ı qoldan xilas etməyə çalışsa da, bunu bacarmadı. Hesab bərabərləşdi. Artıq hər şey “sıfır”dan başlamalı idi.

Amma paritet uzun sürmədi. Vurulan qoldan ruhlanan paytaxt təmsilçisi həmlələrini davam etdirdi. Hücumların birində lənkəranlı müdafiəçini top uğrunda dueldə məğlub edən Zaur Tağızadə, nəhayət ki, fərqlənməyi bacardı.

Oyunun əsas vaxtının bitməsinə hələ kifayət qədər vaxtın qalmasına baxmayaraq, hadisələrin belə cərəyan etməsi “Xəzər-Lənkəran”ı sanki iflic etdi. Cənublular bərabərlik qolunu vurmaq üçün bir real vəziyyət belə yarada bilmədilər. Əvəzində bakılılar fərqi artırmaq üçün şanslar qazandılar, amma onları məntiqi sonluğa çatdıra bilmədilər. Karlo Bertolininin 90 dəqiqəlik mübarizənin bitməsini bəyan edən fiti “Neftçi”yə çempion titulunu qazandırdı. Beləliklə də, müstəqil Azərbaycanın tarixində ilk dəfə keçirilən “qızıl oyun” bakılıların  layiqli qələbəsi ilə yekunlaşdı və qocaman mütəxəssis Ağasəlim Mircavadovun komandası 5-ci çempionluğuna qovuşdu.  

Qəhrəmanların dili ilə

Mahmud Qurbanov həmin qızıl heyətin üzvlərindən olub və qarşılaşmanı da çox yaxşı xatırlayır: “Həmin oyun haqda çox danışmaq olar. Mən də daxil olmaqla, çox adamın yaddaşında qalıb. Karyeramın ən unudulmaz oyunlarından biri idi. Bu oyunla Azərbaycan çempionu məlum olacaqdı. “Xəzər Lənkəran” həmin dövrdə çox güclü idi və “qızıl oyun”da Azərbaycanın ən güclü iki komandası qarşılaşırdı. Neytral meydanda, mənə doğma olan Gəncədəki oyun inanmıram ki, nə vaxtsa yadımdan çıxsın. Qısacası, karyeram ərzində xoş bir an kimi xatırlayıram. Oyunun özünə gəlincə, ilk hissənin sonlarında 0:1 hesabı ilə geri düşdük. Alim Qurbanov əks-hücumdan fərqlənmişdi. Fasiləyə məğlub durumda getdik. Ancaq bizim futbolçularımız sakit idi. Soyunub-geyinmə otağında da heç bir panika yox idi. Aqressiyamız da yox idi. Baş məşqçi Ağasəlim Mircavadov bizə sakit, öz oyunumuzu oynamağımızı demişdi. İkinci hissədə isə hər şey istədiyimiz kimi oldu. Nəyinki hesabı bərabərləşdirdik. Hətta qalibiyyət topunu da vurduq. Çox möhtəşəm atmosfer var idi. Həm Bakıdan, həm Lənkərandan, həm də Gəncə futbol azarkeşləri tribunaları bəzəmişdi. Final oyunu ab-havası var idi. Bu amil şəxsən mənə daha yaxşı oyun göstərmək üçün stimul kimi kömək etdi”.

Qurbanov deyir ki, yenidən həmin dövrə qayıtmaq üçün klublar iddialı olmalıdır, komandalar öz azarkeşlərinin sevgisini qazanmalıdır: “O dövrdə azarkeşlik möhtəşəm idi. Boş tribunalar qarşısında mübarizə aparmaq ilə dolu stadionda oynamaqla böyük fərq var. Azərbaycan Premyer Liqasında “Qəbələ” və “Qarabağ”ın xalları bərabər olsa, məncə, “qızıl oyun” keçirilməlidir. Bu, futbolun gözəlliyi üçündü. Həm futbolçuların həm də azarkeşlər üçün futbol bayramıdır”.

“Ağ-qaralar”ın bərabərlik qolunun müəllifi Ruslan Abbasov üçün də “qızıl oyun” unudulmaz qarşılaşmalardandır: “Qızıl oyun” ölənə kimi yadımda qalacaq.  Möhtəşəm atmosfer var idi. Mən deyərdim, bu oyun insanların stadionlara qayıtması baxımından futbolda dönüş nöqtəsi idi. Çempion olacağımıza inanırdıq. Mənim vurduğum qol, çox önəmli idi. Bu qola qədər komanda istədiyi oyunu oynamırdı. Lakin vurduğum qoldan sonra sanki ayıldıq və daha kəsərli hücumlar etdik. Nəticədə qələbə topunu da vurduq”.

Abbasov da o illərdəki rəqabət üçün darıxanlardandır: “O dövrdəki rəqabəti qaytarmaq üçün klubların sayı çoxalmalıdır. Futbolun inkişafı üçün güclü təbliğat lazımdır. Azarkeşləri tribunalara qaytarmalıyıq. Fəxr edirəm ki, “Neftçi”nin həmin möhtəşəm heyətində olmuşam, o gözəl hissləri yaşamışam. Düşünürəm ki, hazırkı dövrdə də “qızıl oyun” olsa, yaxşı olar. Belə qarşılaşmalar futbol bayramı ab-havasında keçir”.

NEFTÇİ – XƏZƏR-LƏNKƏRAN (LƏNKƏRAN) 2:1 (0:1)

NEFTÇİ: C.Həsənzadə, A.Tebloyev (T.Mişura, 46), E.Quliyev, V.Abramidze, M.Qurbanov, Q.Qurbanov, G.Adamiya, R.Sadıqov, R.Abbasov, Z.Tağızadə (E.Aslanov, 86), D.Çordaş (E.Rəhmanov, 90+3).

XƏZƏR-LƏNKƏRAN: A.Martyoşkin, M.Saviç (İ.Əbdürrəhmanov, 87), Ə.Niftəliyev, D.Kolqu, F.Məmmədov, S.Əliyev, R.Kərimov (İ.Qurbanov, 71), A.Qurbanov, M.Stankov, R.Abdullayev (V.Lıçkin, 86), O.Dərəlioğlu.

Qollar: A.Qurbanov, 43 (0:1). R.Abbasov, 68 (1:1). Z.Tağızadə, 73 (2:1).

Vərəqələr: M.Saviç, O.Dərəlioğlu, R.Sadıqov, Z.Tağızadə, S.Əliyev, İ.Əbdürrəhmanov – sarı.

Hakim: Karlo Bertolini (İsveçrə).

Gəncə. Şəhər stadionu. 10 iyun. 25000 tamaşaçı.

Yekun

Yaxın keçmişdə baş verən hadisələri vərəqlədik. Kimsə yeni məlumat aldı, kimsə xatirələrini yeniədi. “Neftçi” azarkeşlərinin klubun bu şərəfli səhifəsinə nəzər salmaları, sözsüz ki, onlara böyük sevinc bəxş etdi. Amma Azərbaycan futbolunun müumu maraqları prizmasından çıxış etsək, bi məqama da mütləq toxunmalıyıq. O da, artıq günümüzdə “Xəzər Lənkəran”ın tarixə qovuşmasıdır. Nə qədər acınacaqlı olsa da, fakt faktlığında qalır: neçə illər Azərbaycan çempionatlarına rəng qatan, azarkeşlərə zövq verən, sona qədər intriqanın “ölməsinə” yol verməyən bir klub indi yoxdur. Ümid etmək istərdik ki, nə vaxtsa “Xəzər Lənkəran” Simurq quşu tək küldən yenidən pərvazlanacaq və “Neftçi” ilə “böyük oyunlar” seriyası davam etdiriləcək. Belə olacağı təqdirdə bir şeyi əvvəlcədən və şəksiz demək mümkündür: qazanan tərəf Azərbaycan futbolu olacaq.  

Son yazılar

Yuxarı