Layihə

LAYİHƏ: Hokkeyin bir nömrəli idman növü olduğu ölkənin futbol möcüzəsi…

28.07.2017 , 09:21

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində ikinci yazısı
Dünya futbolu bir yerdə durmur, daim inkişaf edir. Hər gün bir yenilik, hər saat bir ideya dünyanın ən populyar idman növünü “izləyir”. Avropada bu idman növünün inkişafı üçün müxtəlif proqramlar həyata keçirən UEFA, Azərbaycanda gənclər futbolunun inkişafı üçün AFFA-ya daim yardım edir. Avropanın aparıcı futbol ölkələrinin təcrübəsinin ölkəmizdə tətbiq edilməsi istiqamətində qitənin ali futbol qurumu tövsiyələrini əsirgəmir. 
Gənclər futbolunun inkişafı əsas prioritet istiqamət kimi
Yarandığı gündən UEFA-nın əsas inkişaf istiqamətlərindən biri gənclər futboludur. Avropa futboluna nəzarət edən qurum yerli federasiyalara daxili strukturun təkmilləşməsi, təcrübə mübadiləsi, maliyyə yardımı, daimi dialoq, kurslar, seminarlar və s. məsələlərdə kömək edir. Futbolun inkişafının vacib elementlərindən olan elmi-metodik işlərin düzgün qurulması, yerli mütəxəssislərin hazırlanması UEFA üçün əsas prioritet istiqamətlərdən hesab olunur. UEFA və onun tərkibinə daxil olan federasiyalar və assosiasiyalar gələcəkdə futbolçu yetişdirəcək məşqçilərin inkişafına xüsusi diqqət ayırır. Axı, həmin mütəxəssislər həm də istedadlı gəncləri üzə çıxarmalıdır. AFFA Avropanın futbol “ailəsinin” bir üzvü kimi, bütün proqramlarda yaxından iştirak edir. Bizim federasiya ilə yanaşı UEFA-nın önərdiyi proqramları tətbiq edən “köhnə dünya”nın bir çox ölkəsində əsas prioritet istiqamət məhz gənclər futbolunun inkişafıdır. 
 
Finlər bunu necə bacardı?
Azərbaycanla müqayisədə bir nömrəli idman növünün hokkey olduğu Finlandiyada 90-cı illər futbolun yüksək sürətlə inkişaf etdiyi dövr hesab edilir. Məhz 1954-cü ildən UEFA-nın üzvlüyünə qəbul edilən Finlandiya Futbol Assosiasiyası 1990-cı ildə gənclər futbolunun inkişafı ilə bağlı ilk proqramı təsdiq etdi. Həmin dövrə qədər bu soyuq Skandinaviya ölkəsində futbolla hobbi kimi məşğul olan 130 minə yaxın insanın içərisindən gələcəkdə xeyli sayda tanınmış futbolçunun çıxacağı heç kəsin ağlına gəlməzdi. Proqram çərçivəsində ilk iş olaraq, məktəblərdə futbolun fənn kimi tədris edilməsi nəzərdə tutulurdu. Bu sahədə əməli işə başlayan finlər ölkə ərazisində 11 mindən çox orta məktəbdə futbol fənninin tətbiqinə nail oldular. Artıq 3-cü sinifdə oxuyan hər bir fin məktəbləsi futbolla “tanış olmaq” imkanı yaxalamışdı. 2-ci mərhələdə böyük şəhərlərin boş sahələrində, kiçik qəsəbələrdə 650-yə yaxın yeni üstüörtülü(soyuq iqlim şəraitinin olduğu üçün) futbol meydançaları tikilib istifadəyə verildi. Artıq 1992-ci ildə(Finlandiyanın Baltik hövzəsində qonşusu hesab edilən Danimarka Avropa çempionluğunu qazanmışdı) ölkənin ən şimal nöqtəsi hesab edilən Nuorqam qəsəbəsində belə yeni meydança var idi. Orta məktəblərdə futbolun tədrisi, stadionların tikilməsi prosesindən sonra finlandiyalı futbol funksionerləri üçüncü mərhələdə yerli məşqçilərin yetişdirilməsi üçün “qollarını çırmaladı”. Bu sahədə UEFA-nın bir çox islahatlarını həyata keçirən FFA məşqçilərin püxtələşməsi üçün elmi-metodik yeniliklərdən istifadə etməyə başladı. Yerli assosiasiya gələcəkdə istedadlı gəncləri üzə çıxaracaq finlandiyalı mütəxəssislərin hazırlığına böyük diqqət ayırdı. Artıq 1992-ci ildə, sonradan dünya futbolunun ulduzlarından birinə çevriləcək Yari Litmanen 21 yaşında Finlandiyanın “MüPa-47” klubundan “Ayaks”a yollandı.
Gənclərin inkişaf proqramı adlı “ağacı” “bar vermişdi”. Bundan daha da həvəslənən finlandiyalılar tezliklə ölkə ərazisində olan istedadlı uşaqların aşkarlanması üçün, proqram çərçivəsində yetişdirilən mütəxəssislərin xidmətindən istifadə edərək, futbol internatlarının yaradılmasına qərar verdi. Finlandiyanın 8 şəhərində 11 futbol internatı fəaliyyətə başladı. Onlardan bir çoxu, Laxti, Kouvola şəhərlərində yerləşən internatlar sistemli çalışma nəticəsində xeyli sayda istedadlı gənci Finlandiya futboluna qazandırdı. “Suomi” futbolunun ən məşhur simalarından biri olan, uzun illər ölkə yığmasının şərəfini qoruyan Yoonas Kolkka həmin günləri belə xatırlayır:”Biz uşaq idik, yeni proqramla çalışacağımızı dedilər, hamımız bunun necə olacağını təxmin etməyə çalışırdıq. Təbii ki, bu əvvəllər olduğu kimi küçələrdə top qovmağa bənzəmirdi. Biz gənc yaşlarımızdan futbolçu kimi düşünür, futbolçu kimi qidalanırdıq. Həmin dövrdə qəbul edilən proqramın çox xeyri dəydi. Bir çox istedadlı gənc üzə çıxdı, xeli sayda finlandiyalı futbolçu Avropanın klublarının yolunu tutdu.
Həmin proqram sayəsində məlum oldu ki, biz təkcə hokkey yox, həm də futbol oynamağı yaxşı bacarırıq. Yaxşı xatırlayıram, biz paytaxt Helsinkidə turnirə qatılmışdıq. Yerli gənclər bizə başqa planetdən gəlmə kimi baxırdılar. İlk oyundaca Helsinki komandasını 4-0 hesabı ilə məğlub etdik, sevincimizin həddi-hüdudu yox idi. Əyalət uşaqları şəhərli həmyaşıdları məğlub etmişdi. O dövrə qədər Finlandiyada bunu təsəvvür etmək belə mümkün deyildi. Çünki, Helsinkidə güclü futbol məktəbləri, yaxşı infrastruktur vardı. Ancaq biz bunu bacardıq. Təbii ki, məşqçilərimizin əməyini danmaq olmazdı. Daha sonra bizim komandada çıxış edən gənclərdən 4 nəfəri “Avropanın yolunu” tutdu. Gənclər futbolunun inkişaf proqramı öz bəhrəsini verirdi. Yari Litmanen adını dünyanın hər bir futbolsevəri bilir. Düzgün iş nəticəsində böyük uğurlar əldə etmək mümkündür. Finlandiyada biz bunu gördük”. 
 
Fin modelindən bəhrələnənlər
1990-cı ildə dünyanın ən stabil ölkəsi hesab edilən Finlandiyanın gənclər futbolunun inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramı 5 il davam etdi. Həmin müddətdə ölkədə futbolla məşğul olanların sayı iki dəfə artdı, 54 yeni klub yarandı, 36 nəfər finlandiyalı futbolçu Avropa klublarına transfer oldu. Bütün bunlrın kökündə isə işə məsuliyyətli yanaşmanı, proqramın ən xırda detallarının belə dəqiqliklə yerinə yetirilməsini, ayrılan maliyyə vəsaitinin lazimi yerlərə yönləndirilməsini misal göstərmək olar. Bu ölkənin təcrübəsindən bəhrələnən Estoniya və Litva futbol federasiyalarının rəsmilərinin açıqlamalarından anlaşılır ki, gənclər futbolunun inkişaf proqramları içərisində Finlandiya modeli ideala yaxındır…
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı