Layihə

LAYİHƏ: Heç kimin şans vermədiyi “körpə uşaq”, qızıl medalları necə qazandı?

01.06.2017 , 12:33

Korner.az və Sportfm.az saytlarının “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində beşinci yazısı
 
Klub prezidentinin həbsi və “əldən çıxan” avrokuboklar 
Futzal üzrə Azərbaycan Yüksək Liqasında son dəfə ciddi rəqabətin yaşandığı mövsümün üzərindən 3 ilə yaxın vaxt keçir. 2014/15-ci il mövsümündə Azərbaycan futzalında sözün əsl mənasında inqilab edən, yeni yaradılan “Xəzər Adaları” komandası çempion oldu. İş adamı İbrahim Nehrəmlinin xərclədiyi böyük pullar hesabına güclü kollektiv formalaşdıran yerli mütəxəssis Elnur Qəmbərov nəinki “Araz”ı, digər klubları da arxada qoyaraq, qızıl medalları qazandı. Azərbaycan çempionatında bir çox tanınmış futzalçı peyda oldu(Sonralar onlardan bəziləri yığmamızın şərəfini qorumağa başladı – red.).
Həmin mövsüm ciddi rəqabətin yaşandığı Yüksək Liqada ölkə futzalının bayraqdarı hesab edilən “Araz” komandası yalnız 3-cü oldu, 2-ci sıranı isə Turqay Fərzəliyevin himayədarlıq etdiyi “Fənər” klubu tutdu. Mövsümboyu hər üç klub arasında baş tutan matçlarda gərgin mübarizə getdi, tribunalar doldu, azarkeşlər əsl futzal ab-havası ilə nəfəs aldılar. Ölkəmizdə uzun illərdən bu yana formalaşan və unudulmaqda olan futzal ənənələri yenidən dirçəldi, inkişaf etdi. Mövsümün bitimində isə ölkə futzalına ağır zərbə vuracaq hadisələr yaşandı. İlk sıranı tutan “Xəzər Adaları” ölkəmizi avrokuboklarda təmsil edə bilmədi. Buna səbəb isə klubun sahibi olan İbrahim Nehrəmlinin çempionatın bitimində Filippinə işgüzar səfərə yollandığı zaman, hava limanında saxlanılması oldu.Üç həftədən sonra klub prezidenti azadlığa buraxılsa da, artıq gec idi. “Avropa qatarı” getmişdi. Bir müddət sonra İbrahim Nehrəmli klubun fəaliyyətini dayandırdığını açıqladı. “Xəzər Adaları” avrokuboklarda iştirak edə bilmədiyi üçün reqlamentə əsasən, ölkə çempionatında 2-ci olan kollektiv onu əvəz etməli idi. Yüksək Liqada gümüş medal qazanan “Fənər” bu şansdan yararlana bilmədi, çünki klub eynən “Xəzər Adaları” kimi dağıldı. Mövsüm ərzində çəkilən əziyyətin boşa getməməsi üçün Azərbaycan Futzal Federasiyası UEFA rəsmilərinə müraciət edərək, “Köhnə qitə”də ölkəmizi turnir cədvəlində 3-cü olan “Araz”ın təmsil etməsini xahiş etdilər. UEFA-dan mənfi cavab alan Azərbaycan, avrokuboklarda təmsil olunmadı. Bir il sonra isə baş verən proseslərin ciddi fəsadları üzə çıxdı. Belə ki, əvvəllər mübarizəyə əsasən elit-raunddan başlayan “Araz” komandası bu dəfə ilkin mərhələdə çıxış etməli oldu. 
“Tək aktyorlu tamaşa”nı xatırladan Yüksək Liqa 
Son illər Azərbaycan futzalı tək aktyoru olan tamaşaya bənzəyir. Bir vaxtlar iddialı klubların çempionluq üçün “savaşdığı” futzal zallarında “Araz” komandası sözün həqiqi mənasında “at oynadır”. Artıq uzun müddətdir davam edən bu təkhakimiyyətlikdən bezən azarkeşlər tribunları boş qoyub. Mövsüm başlamadan bitir, bütün trofeylər “Araz”a qismət olur, “Avropanın üzünü” yalnız bu komandanın futzalçıları görür. Yığmamıza bu klubun baş məşqçisi rəhbərlik edir, kollektivin üzvləri isə yığmanın əsasını təşkil edir. Belə olan təqdirdə, Yüksək Liqada yalnız görüntü və say xatirinə çıxış edən klubların məqsədsiz, inkişafa heç bir təkan verməyən, formallıq xatirinə xərclədiyi pullar göyə sovrulur. Bu mövsüm cəmi 7 komandanın iştirakı ilə keçirilən Yüksək Liqanın bütün matçlarında “Araz”ın nəinki məğlub olmaması, heç-heçə belə etməməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərdi. Turnir cədvəlində liderlə əks qütbdə yerləşən “Olimpik” komandası isə bütün görüşlərdə meydanı başıaşağı tərk etdi. “Araz”ın rəqib qapılarından keçirdiyi 230 qolun fonunda, Şirvan təmsilçisi 299 dəfə topu öz qapısından çıxardı. “Araz”ın hegemonluq etdiyi elitadan fərqli olaraq bu mövsüm Birinci Liqada ciddi rəqabət yaşandı. 18 klubun yarışdığı ölkənin 2-ci dərəcəli futzal çempionatında, ilk turlardan sonra 6-7 komandanın medallar uğrunda yarışacağı məlum oldu. 1-ci liqada uzun illərdir ölkə futzalının inkişafına töhfə verən “Baku Fire1”, güclü sponsor dayaqlarına malik “Hell Energy”, güclü heyəti olan “Marafon”, iddialı “İtaldizayn”, yaxşı təşkilatlanmış “Nəbi” kimi klublarla yanaşı, yeni yığılan, gənclərdən qurulan komandalar da öz parlaq çıxışları ilə hər kəsin rəğbətini qazana bildi.
“İtaldizayn”ın aparıcı siması, Azərbaycan futzalının ən tanınmış simalarından biri olan Ağatahir Əzimovu dinləyək:”Mövsümün əvvəlində Yüksək Liqa klublarından təkliflər vardı. Özüm 1-ci liqada çıxış edən komandanın sıralarında olmaq istədim. Burada rəqabət var, oyun sayı çoxdur, komandalar gücünə görə bir-birinə yaxındır. Görüşləri izləməyə xeyli sayda azarkeş gəlir. Yüksək Liqanın matçları maraqsız keçir, “Araz”da hamısı legionerdir, ona görə də yerli futzalçı yetişmir”. 
Kuboku başı üzərinə qaldıran körpə uşaq 
Veteran futzalçı Ağatahir Əzimovun dediyi kimi, oyunlara daha çox azarkeşin gəldiyi 1-ci Liqada, gərgin keçən uzun marafonun sonunda, çoxlarının gözləmədiyi halda “Nəbi” futzal klubu qızıl medalları qazandı. “Nəbi”nin təsisçisi olan Tofiq Şahmuradov əvvəlcə “çıxdıqları yolda”, qarşılaşdıqları çətinliklərdən danışdı:”2016-cı ilin yanvar ayında, klubu yeni yaradanda bir çox problemlərlə üzləşdik. Təbii ki, ən böyük problemimiz maliyyə dayaqlarımızın olmaması idi. Ancaq yenədə işimizə davam etdik, inandıq və uğur qazanmağı bacardıq. Təsəvvür edirsiniz ayda cəmi 600 manat büdcə ilə komanda saxlayırdıq! Bu inanılmazdır. Ötən mövsüm 1-ci Liqaya yüksəldik. İlk dövrə klubun adı “Qrey Vulf” idi, həmin vaxt 7-ci olduq. İkinci dövrədə kiçikyaşlı azarkeşimiz Nəbinin adını götürən komandamız qazandığı ardıcıl qələbələr sayəsində çempionatı 3-cü sırada tamamladı”. 
Bu il qazanılan uğurdan söhbət açan Tofiq bəy, çempionatın ilk dövrəsindən sonra heyəti xeyli sayda futzalçının tərk etdiyini bildirdi:”Biz üzdə olmayan potensiallı gəncləri, yığmaya dəvət almayan futzalçıları bir araya toplayaraq, döyüşkən kollektiv qurduq. Baş məşqçi Əhməd Əyyubov, klubun icraçı direktoru Şahin Məmmədovla əl-ələ verərək, sağlam komanda ruhu yarada bildik. Bu uğurda baş məşqçimizin və Şahin müəllimin rolu danılmazdır. Hər kəs mövsümün əvvəlində maksimum 6-7-ci yerlərdə qərarlaşacağımızı deyirdi biz isə 86 xal topladıq. Artıq ilk dövrədən sonra maliyyə çətinliyinə görə, 7 futzalçı sıralarımızı tərk etdi. Onlar müqavilə bağladıqları başqa klublarda, bizdən aldıqlarından 4-5 qat artıq maaşa qol çəkdilər. İkinci dövrədə Şahin Məmmədov və Aspoliqraf LTD MMC komandaya maliyyə yardımı edərək, çempion olmağımıza çox böyük köməklik göstərdi. Biz hər kəsə sübut etdik ki, az miqdarda pulla da uğur qazanmaq, futzalçı yetişdirmək mümkündür”.
1-ci Liqanın qalibi olan “Nəbi” komandasının növbəti mövsümdən Yüksək Liqada çıxış etməsinə gəlincə isə Tofiq Şahmuradov bunları dedi:”İlkin planımız əsəbli, stresli çempionatın sonunda yaxşıca dincəlməkdi. Sonra klubdaxili toplantı olacaq və qərarlar qəbul olunacaq. Əgər, Yüksək Liqa builki səviyyədə olacaqsa, qətiyyən iştirak etmək fikrimiz yoxdur. Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov bildirib ki, növbəti çempionat yeni formatda keçiriləcək, maraqlı liqa təşkil ediləcək. Həqiqətən belə olacaqsa, təbii ki, gücümüzü Yüksək Liqada sınamaq istəyirik”. 
Qeyd edək ki, 1-ci Liqanın “ən yaxşı oyunçusu” ünvanını qazanan Elşən İbrahimxəlilov və çempionatın bombardiri(76 qol) Elvin Əlizadə ilk dövrədə “Nəbi” FK-nın şərəfini qoruyublar. 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı