Layihə

LAYİHƏ: Gənclər futbolunun inkişafında klublarımızın üzərinə düşən vəzifələr

04.08.2017 , 16:17

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində dördüncü yazısı
“Gənclər futbolunun inkişaf proqramı”nı diqqətlə gözdən keçirdikdə, aydın olur ki, bu proqramın icrası dəqiqliklə həyata keçirilərsə, ölkəmizdə gənclər futbolunun inkişafı istiqamətində böyük uğurlar əldə etmək mümkündür. Bu işə nəzarət edən qurumlar olan Məşqçilər Komitəsi ilə Lisenziyalaşdırma qrupunun birgə fəaliyyətinin nəticələri, klubların sözügedən proqramlarına nə cür rəy verildiyi növbəti yazılarımızın mövzusu olacaq. İndi isə keçək proqramın icrasını zərurətə çevirən maddələrə…
“A” dərəcəli meyar: həm AFFA, həm də UEFA üçün
Proqramla bağlı əsas müddəa “İdman meyarları” bölməsində öz əksini tapıb. İzah üçün bəri başdan qısaca bildirək ki, həm Topaz Premyer Liqasında, həm də UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etmək istəyən klubların qarşısına qoyulan tələblər iki yerə bölünür: “A” dərəcəli və “B” dərəcəli meyarlar. “Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın (2016-cı il buraxılışı) 14-cü maddəsində (Ümumi müddəalar) qeyd olunub ki, əgər lisenziya iddiaçısı “B” dərəcəli meyarlardan hər hansı birini yerinə yetirməzsə, ona qarşı sanksiyalar (xəbərdarlıq, 500 manatdan 10000 manatadək cərimə və kluba verilən lisenziya geri çağırılması) tətbiq edilir, lakin o, Premyer Liqa klub yarışlarında iştirak etmək üçün zəruri hesab edilən lisenziyanı ala bilər. Yox, əgər lisenziya iddiaçısı “A” dərəcəli meyarlardan hər hansı birini yerinə yetirməzsə, ona Premyer Liqa lisenziyası və müvafiq olaraq Premyer Liqa klub yarışlarında iştirak etmək hüququ verilmir. Bu məqamlar “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın (2016-cı il buraxılışı) 15-ci maddəsində (Ümumi müddəalar) də eyni prosedur formasında qeyd olunub. 
 
Eyni məzmun, eyni tələblər
“Gənclər futbolunun inkişafı proqramı” “Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın 15-ci, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”ın isə 16-cı maddəsində yer alıb və hər ikisinin məzmunu eynidir. Maddədə qeyd olunur ki, lisenziya almaq iddiası olan klub AFFA-nın Texniki direktoru və Məşqçilər Komitəsi tərəfindən təsdiq edilmiş, yazılı şəkildə tərtib edilmiş “Gənclər futbolunun inkişafı proqramı”na malik olmalıdır. Proqramın həyata keçirilməsi isə AFFA-nın əməkdaşları tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla belə, zəruri hallarda idman meyarları üzrə ekspert əlavə məlumatın təqdim olunmasını tələb edə bilər. Qaydalarda göstərilir ki, adıçəkilən proqrama ən azı aşağıdakı bəndlər daxil olmalıdır:
a. Gənclər futbolunun inkişafının məqsədləri və əsas prinsipləri;
b. Gənclər futbol sektorunun təşkilati strukturu (təşkilati diaqram, əlaqədar orqanlar, lisenziya iddiaçısına aid qurumlar, gənclər komandaları və s.);
c. İşçi heyəti (zəruri minimal ixtisas dərəcəsi göstərilməklə texniki, tibbi, inzibati və digər işçi heyəti);
d. Gənclər futbol sektorunun istifadəsinə verilmiş infrastruktur (təlim-məşq obyektləri, oyun üçün idman qurğuları və s.);
e. Maliyyə resursları (sərəncamlarında olan büdcə, lisenziya iddiaçısının, oyunçuların və ya yerli bələdiyyə orqanları tərəfindən ayrılan vəsait);
f. Müxtəlif yaş qrupları üçün futbol təlimi proqramı (oyun ustalığı, texniki, taktiki və fiziki hazırlıq);
g. Oyun qaydaları üzrə təlim proqramı;
h. Anti-dopinq üzrə təlim proqramı;
i. Oyunların ədalətli keçirilməsi (danışılmış oyunlara qarşı) üzrə təlim proqramı;
j. Gənclər komandalarının oyunçularına tibbi xidmət (tibbi baxışların keçirilməsi də daxil olmaqla);
k. Qarşıya qoyulmuş məqsədlər üzrə nəticə və nailiyyətlərin qiymətləndirilməsi üçün araşdırma və təkliflər;
l. Proqramın etibarlılıq müddəti (minimum – 3 (üç) il, maksimum – 7 (yeddi) il).
Doğrudur, indiyədək hansısa klubumuzun bu meyarı yerinə yetirə bilmədiyinə görə “ilişdiyi” barədə məlumata rast gəlməmişik. Ancaq maddələrdən göründüyü kimi, ölkənin futbol elitasında mübarizə aparmaq istəyən hər bir klub mütləq şəkildə “Gənclər futbolunun inkişafı proqramı”nda yazılanlara əməl etməlidir, əks təqdirdə komandalar Premyer Liqada çıxış etmək arzusunun üzərindən xətt çəkməlidir. Hazırda, ardıcıl 2 ildir Topaz Premyer Liqasında cəmi 8 komanda yarışır, ancaq əvvəlki illərdə bu sayın artıq olduğunu nəzərə alsaq, məlum olur ki, Azərbaycanda xeyli sayda klub bu proqrama əməl edib! Amma bu, hələ vəziyyətin yaxşı olduğunu düşünməyə əsas vermir və…
Əslində, vəziyyətimiz necədir?
Layihə çərçivəsində hazırlanmış ötən yazılarımızda Avropada(konkret olaraq Finlandiyada) uşaq-gənclər futbolunun inkişafına yanaşma tərzinə ayna tutmuşduq. Bizdən fərqli olaraq bu soyuq Skandinaviya ölkəsində gənclər futbolunun inkişafı proqramının mükəmməl icrasının Finlandiya futbolunun inkişafına verdiyi töhfədən bəhs etmişdik. Bəs Azərbaycanda bu sahədə nə kimi işlər görülür? Uşaq-gənclər futbolunun inkişafına klublarımızın münasibəti nə səviyyədədir?
Günah kimdədir? – 200 manat maaş alaraq, işini “yola verən” məşqçilərdə, yoxsa bu sahənin inkişafında maraqları olmayan bəzi klub idarəçilərində. Ölkə futbolunun gələcəyini müəyyən edən proqramları icra edən məsul şəxslərin bilikləri bu iş üçün yetərlidirmi? Xaricdən dəvət edilən mütəxəssislər Azərbaycan futboluna nə qazandırdı? Bölgələrdə istedadlı futbolçuların “sayının azalması” nə ilə bağlıdır? Biz niyə Avropa təcrübəsindən lazımi şəkildə yararlana bilmirik? Klublarımızdan hansı, neçə illik proqrama sahibdir və s. Bütün bu suallara layihə çərçivəsində hazırlanacaq növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq. 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı