Layihə

LAYİHƏ: Futzalla maraqlanmayan gənc necə yığmamızın üzvünə çevrildi?

22.11.2017 , 13:45

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində yeddinci yazısı

Azərbaycan futzalında Məmmədkərimov soyadının xüsusi yeri var. Bu soyad uzun illərdən bəri bu idman növünə könül verənlərin dilindən düşmür. Natiq və Namiq Məmmədkərimovlar eyni uğurla klublarımızda və millimizdə çıxış ediblər. Bəs, necə oldu ki, ölkə futzalı bu iki istedadlı oyunçunu qazandı. Kiçik qardaş Namiq Məmmədkərimovu dinləyək:“Bir çox futzalçı kimi mən də karyerama böyük futbolda başlamışam. Futzal məktəbi olmadığı üçün o zaman gənclər ancaq futbolla məşğul olurdu. Əslində, futbola gəlməyimdə böyük qardaşımın(Futzal yığmamızın sabiq üzvü Natiq Məmmədkərimov – red.) rolu böyük olub. Kiçik yaşlarımda atamla birlikdə Sumqayıtdan qardaşımın oyunlarını izləməyə gedirdik. Həmin dövrlərdə futbola həvəsim artdı və futbolçu olmaq fikrinə düşdüm(gülür). Mənim məşqçilərim qardaşımın da məşqçiləri olub, ikimiz də eyni adamdan öyrənmişik.İlk məşqçimiz Tofiq Rzayev və Musa(soyadını xatırlamadı – red.) müəllim olub. Mən bu mütəxəssislərdən futbolun sirlərini öyrəndim və nəyi necə etmək lazım olduğuna bələd oldum. Böyük futbolda “Bakılı” komandasında oynamışam. Həmin dövrdə bir qədər çətinlik, klubdaxili sıxıntılar vardı. Natiq hərbi xidmətə yollanmazdan öncə Qusarın “Şahdağ” komandasında, qayıtdıqdan sonra isə Bakının “İnşaatçı” klubunun şərəfini qoruyurdu. Uzun illər yaşıl meydanlarda çıxış edən Natiq maddi sıxıntıların artdığını görüb, futzal oynamağa qərar verdi. Yaxşı yadımdadı, onda mən 16 yaşındaydım. Qardaşım məsləhət gördü ki, məndə özümü futzalda sınayım. Təbii ki, onun məsləhətinə qulaq asdım. Açığını deyim ki, özüm futzalla yaxından maraqlanmırdım. Belə bir idman növü barədə ümumiyyətlə məlumatım yox idi. Bəlkə də qardaşım deməsəydi, elə həmişəlik futbolda qalacaqdım. Natiqin təklifindən sonra bu idman növünə gəlmək barədə düşündüm. Qardaşımın təklifindən sonra onunla birlikdə futzala başladıq. O gündən bu günə parket üzərində top qovuram(gülür)”.


Namiq ilk komandasını və məşqçisini heç vaxt unutmayacağını deyir:”Həmin dövrdə “Nafspor” adlı futzal komandası var idi, baş məşqçisi Əbdülqəni Nurməmmədov idi. İlk dəfə o komandada oynamağa başladım. Bunu heç vaxt unutmaram. Allahverdi Babayev, Baba Əsgərov kimi əfsanəvi oyunçularla gənc yaşlarımda birlikdə oynayırdım. 17 yaşında futzala yeni ayaq basan gənc üçün belə ustalarla bir klubda çıxış etmək böyük uğur idi. Həmin futzalçılardan futzalın sirrlərini öyrəndim. Bu idman növü mənə çox maraqlı gəldi. Kənardan oyunlara baxırdım, imkan olduqca baş məşqçi mənə şans verirdi. “Nafspor”dan sonra “Rifarm” “Qlobus” komandasının şərəfini qorudum. Natiq “Araz”da oynadığı vaxt mən digər klublarda təcrübəmi artırırdım. Bu da onun məsləhəti idi. Sonradan qardaşım “Turan AİR” komandasında oynayanda, mənidə həmin komandaya dəvət etdilər. O zamanlar həmin klubda çox güclü futzalçılar yer alırdı. Karyeram ərzində qardaşımla rəqib olduğumuz matçlar da olub. O qarşılaşmaların birində 2:3 hesabı ilə uduzurduq və bərabərlik qolunu “Araz”ın qapısına mən vurdum. Təsəvvür edirsiniz, gənc yaşlarımda Marat Salyanski kimi qapıçıya qol vurmuşdum(gülür). Həmin görüş bərabərliklə bitdi və bundan sonra “Araz”a dəvət olundum. Bəzi səbəblərə görə “Turan AİR” komandası dağıldı. Mən də “Araz”da oynamağa başladım. 9 ilə yaxın Rizvan Fərzəliyev, Vitali Borisov kimi futzalçılarla bir komandada çiyin-çiyinə oynamışam. Klubda bizdən başqa legionerlər də var idi. Mən Naxçıvan təmsilçisində oynadığım dönəmdə 9 qat Azərbaycan çempionu olmuşuq. Məhz “Araz” forması altında oynadığım vaxt, yığmaya dəvət olundum”.


Hazırda EKOL-un şərəfini qoruyan təcrübəli futzalçı gələcək karyerası haqqında da danışdı:”Artıq 37 yaşım var. Bəziləri üçün bu çox görünə bilər. Ancaq mən yaşın futzala təsiri ilə razılaşmıram. Düşünürəm ki, formada olduqdan sonra uzun müddət yüksək səviyyədə çıxış etmək mümkündür. Yaşla bağlı heç bir məhdudiyyət yoxdu. İnsanın özündən asılıdı. Sadəcə olaraq, müəyyən yaşdan sonra məşqləri ikiqat artırmaq lazımdı. Biro Jade(Yığmamızın sabiq üzvü və baş məşqçisi – red.)40 yaşına kimi oynayıb. Andrey Tveryankin(Yığmamızın sabiq qapıçısı – red.) oynayanda 40-dan çox yaşı vardı. Qardaşım Natiqin özü 43 yaşına parket üzərinə çıxıb. Zədədən uzaq olsan, uzun illər top qova bilərsən. Çünki, yaşın çox olduqda zədə alsan, bərpa olunmaq çox çətin olacaq. Hazırda formadayam və komandama kömək etdiyimi hiss edirəm. Zədədən qorunmaq lazımdı. Oynamaq istəyirəm, hələ karyeramı bitirmək fikrim yoxdu. 14 ilə yaxındı ki, milli komandamızın şərəfini qoruyuram”.


Namiq Məmmədkərimovun futzala yeni başlayanlara məsləhəti də var:”Futzalla məşğul olan hər kəs daim öz üzərində işləməlidir. Bizim dövrlə müqayisədə indi şərait çox yaxşıdır. Məşq etmək üçün zallar var. Yeganə tələb olunan şey, öz üzərində durmadan işləməkdir. Çoxlu idman zalları var. Əvvəllər isə belə deyildi. Məşq saatı az idi. Bəzən oyuna hazırlaşmaq üçün şəhərin bu başından o başına gedirdik. Gənclər gərək həvəsdən tez düşməsin. Bir dəfə alınar, bir dəfə alınmaz. Əsas odur ki, çalışasan. Elə olub ki, yığmanın qarşılaşmalarında baş məşqçisi Joze Alesio da Silva bizi bir dəqiqə belə olsun meydana buraxmayıb. Hələ o zaman 27-28 yaşımız var idi və təcrübəli oyunçu hesab olunurduq. Buna baxmayaraq, həvəsdən düşmürdük və öz üzərimizdə çalışırdıq. Hazırda hansı mövqedə olmağımız da zamanında tökdüyümüz tərlərlərin, çəkdiyimiz əziyyətin nəticəsidir. Futzal daim inkişaf edən idman növüdür. Burda yerində addımlamaq olmaz. Gələcəkdə yaxşı futzalçı olmaq istəyin varsa, ona uyğun məşq etməlisən. Biz o dövrlər bütün bu çətinliklərdən keçib bu səviyyəyə çatmışıq. Təbii ki, hazırki dövrdə də müəyyən çətinliklər var. Mən bunu bilirəm. Amma bu amil insanın özünü inkişaf etdirmsinə mane olmamalıdı. Hər sahədə belədir. Öz üzərində işləməlisən ki, gələcəkdə onun bəhrəsini görəsən. Mən əmin edirəm ki, hazırda çalışan, əziyyət çəkən futzalçılar gələcəkdə adlı-sanlı oyunçu olacaq və ölkə idmanına lazımi səviyyədə xeyir verəcək. Gələcəkdə futzalın olimpiya idman növlərinin sırasına daxil olacağı deyilir. Təsəvvür edirsiniz, onda rəqabət necə artacaq. Ona görə də, qarşıdakı illərdə bizə yaxşı futzal oynayan əzmkar gənclər lazım olacaq. Bizə şans verilmədiyi zaman həvəsdən düşsəydik, indi buralara gəlməzdik. Karyeram ərzində həvəsdən düşüb, futzalı atan çox gənc görmüşəm. Mən də onlar kimi olsaydım, yəqin ki, hazırda başqa işlə məşğul olurdum. Sona qədər mübarizə aparmışam. Elə olurdu ki, bir dəqiqə meydana çıxmaq şansı qazanırdım. Fikirləşirdim ki, demək ki, istənilən səviyyədə deyiləm, “artırmaq” lazımdır. Oyundan-oyuna, məşqdən-məşqə artırdığımı hiss edirdim. Zamanı gəldikdə isə çıxış etdiyim komandalarda start 5-likdə yer almağa başladım. Gənclərə tövsiyəm budur ki, durmadan səhvlərini araşdırsınlar. Əllərində olanla heç zaman kifayətlənməsinlər. Həmişə irəli getmək haqqında fikirləşsinlər. Hər insanda iradə olmalıdı. Şərt deyil ki, məhz “Araz”ın heyətində yer alasan, digər klublarda da forma geyinib, layiqli mübarizə aparmaq olar. Bizim “çörəyimiz” parket üzərində top qovmaqdan çıxır. Təbii ki, yaxşı çıxış etdikdə, səni mütləq “görəcəklər”. “Pilləkənləri” yavaş-yavaş çıxmaq lazımdır”. 
Qeyd edək ki, hazırda EKOL-da çıxış edən Namiq Məmmədkərimova digər klublardan transfer təklifləri var. Onu heyətində görmək istəyən komandalar onun yaşına yox, oyununa qiymət verir. Ardı var…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı