Layihə

LAYİHƏ: “Futzalla futbolu eyni vaxtda oynamağı məsləhət görmürəm” – iki idman növü üzrə yığmamızın sabiq üzvü

19.06.2017 , 08:30

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində səkkizinci yazısı
 
2001-2002-ci ildə futbol üzrə 11-ci Azərbaycan çempionatı dayandırıldı. Ölkə klublarının 2002-ci ilin aprelində 11-ci milli çempionatı dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi. Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi. Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi. Çünki AFFA, PFL, UEFA və FİFA həmin çempionatda qeydə alınan nəticələri tanımadı.Ölkə futbolunda baş verən böhran, bu hadisədən sonda daha da dərinləşdi. Azərbaycan çempionatının dayandırılması ilə əlaqədar  klublarımız ardıcıl 2-ci il Avropa klub turnirlərinə buraxılmadı. Ölkədə "böyük futbol”un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu. Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı. Həmin dövrdə stadiondan çıxıb zala tələsən futbolçulardan biri Rəcəb Fərəczadə idi. Futbolda və futzalda eyni uğurla çıxış edən Fərəczadəyə ilk sualımız iki fərqli növdə özünü sınamanın hansı çətinliklər törətdiyi ilə bağlı oldu.
– Həm futbol, həm də futzalda eyni anda oynamış idmançı kimi hansı çətinliklərlə üzləşmisiniz?
– Futzal və futbol ayrı idman növləridi. Bir şey ki, dünya və Avropa çempionlatları ayrı turnirdi. Qazondan çıxıb parketə getmək, bir az fərqli hissdi. Futzalda daha iti düşüncə sahibi olmalısan, bu idman növü insandan cəldlik tələb edir, taktiki gedişlər futboldan tamamilə fərqlənir. Daha çox şey demək olar. İndiki idmançılara futzalla futbolu eyni vaxtda oynamağı məsləhət görmürəm, sadəcə birini seçməkləri daha yaxşı olar. O dövrdə kasıbçılıq idi, biz iki yerdə oynamağa məcbur idik, bəzən ağrılarla meydana çıxırdım, ancaq nə etmək olardı, əlimizdən başqa bir iş gəlmirdi, dolanmaq isə lazım idi. Təbii ki, çətin olurdu, bəzən elə olurdu, futbolda oyundan çıxıb, birbaşa futzal matçına yollanırdım. Yolda parketin üzərində necə hərəkət edəcəyimi düşünürdüm. Bir yandan isə yenicə bitən futbol görüşü beynimdən çıxmırdı. 
– Sizin üçün daha çətin futbol idi, yoxsa futzal?
– Məndə hər iki idman növü yaxşı alınırdı. Ancaq etiraf edim ki, futbol mənim üçün daha çətin olurdu. Əsas zədələr baxımından. Zədəyə meyilli futbolçu idim. Zədə baxımından futbol çətin olsa da, taktiki cəhətdən futzal mənə daha ağır gəlirdi. Meydandan olduğumuz zaman hər an təzyiq altnda olurduq. Bu idman nəvü elədir ki, hesabda öndə olursan və birdən bir dəqiqə ərzində bir iki və ya çox qol buraxırsan. Həmin məqamda gərək ruhdan düşməyərək, mübarizəni davam etdirəsən, meydanda tez-tez yerdəyişmə edəsən. Ona görə mənim fikrimcə, üçün futzal futboldan daha çətin idman növüdür. Tez bir zamanda, böyük olmayan meydançada, səni daim təzyiq altında saxlayan rəqibə qarşı vuruşmalısan. 
– Hər iki idman növündə oynamağın hansı faydaları və yaxud ziyanları var?
– Ziyanlar əsasən zədələrlə, bir də məğlub olmaqla bağlı idi. Hər iki idman növündə məğlub olmağı sevmirdim. Mən şəxsən uzun illər futbolda olsam belə, futzalda daha çox tanındım. Böyük futbolu 17 yaşında oynamışam. Həmin dövrdə belə hadisələr nadir hallarda olurdu. Gənc yaşlarımda Premyer Liqada oynayıb qol vurmuşam. Sadəcə futbolda bir az səhlənkarlıq etdim. Mənim potensialım vardı. Daha çox inkişaf edə bilərdim. Hərbi xidmətdən sonra futzalı seçdim. Həmin vaxtdan bu günə kimi futzaldayam və mənim nə uğurum varsa bu idmanla bağlıdı.
– Demək olarmı ki, futbolda potensialı ortaya qoya bilmədiyinizə görə futzala üstünlük verdiniz?
– Yox, mən belə deməzdim. Artıq gənc yaşlarımdan futbolda özümü sübut etməyə başlamışdım. Həvəsimdə vardı, amma o dövrdə pulun olmaması öz işini deyirdi. Çox ağır vəziyyət yaranmışdı. Səhlənkarlığım isə öz yerində. Bizim oynadığımız vaxtda çempionat dayandı, təxminən 1 il böyük futbol olmadı. Futbolda olan uşaqların bir qismi xaricə yollandılar. Xeyli sayda oyunçu ümumiyyətlə futbolu buraxdı. Çünki, vəziyyətin düzələcəyinə ümidimiz yox idi. Mən isə məcbur olub futzal oynadım. Həmin vaxt çempionat çox güclü idi və Azərbaycan çempionu olub yığma komandaya düşdüm və elə bu hadisədən sonra futzalda qaldım. 15-16 il yığmada oynamışam. Əsas uğurlarımı futzal yığmamızda çıxış edəndə qazandım. 
– Necə düşünürsüz, həmin dövrün futzalı ilə hazırki dövr arasında hansı fərqlər var?
– Həmin dövrlə indiki dövr arasında çox fərq var. O zaman futzal daha maraqlı idi, çempionatın səviyyəsi daha güclü idi, rəqabət yaşanırdı. Hətta sonuncu sırada olan komandayla oyuna çıxdıqda belə nəticəni heç cür təxmin etmək olmurdu. Yaxşı komandalar çox idi. "Gömrükçü”, "Tribut”, "Azneftyanacaq” ,"Azərsell”,"Xəzər Universiteti” və s. əla kolllektivlər vardı. Ola bilər, bəziləri yaddan çıxdı, amma əsas odur ki, yaxşı çempionat keçirilirdi. Güclü komandaların sayı çox olduğundan, mövsümün sonuna qədər kimin qızıl medalları qazanacağı bilinmirdi. Həmin dövrün ən yaxşı cəhətlərindən biri isə yerli futzalçıların çox olmasını qeyd edərdim. Təsəvvür edirsiniz, yığmanın tərkibində 20-30 oyunçu yer alırdı. İndi belə bir şey mümkün deyil! Tanınan cəmin 10-15 oyunçu var. Ancaq o dövrə nisbətən indi nəticə var. Əvvəlki illərdə nəticə baxımından axsayırdıq, ancaq son 7-8 ildə bu problem aradan qalxıb. Zaur Axundovun futzala gəlişindən sonra bu idman növü yetərincə inkişaf etdi və nəticə qazanmağa başladıq. Düşünürəm ki, gələcəkdə futzalımızın daha da inkişaf etməsini istəyiriksə, mütləq yerli idmançılar yetişməlidir. 
Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 

Son yazılar

Yuxarı