Layihə

LAYİHƏ: Futbolumuzu geri salan “xəstəlik” və aldadılan gənclər

18.09.2017 , 20:55

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on altıncı yazısı.

Azərbaycanda gənclər futbolunun inkişafı istiqamətində mövcud problemlərin fonunda, görülən işlər dənizdəki dalğaya bənzəyir. Uzun illərdən bəri bu sahədə əldə etdiyimiz uğurları daha aydın görmək üçün aşağı yaş qrupları üzrə yığma komandalarımıza nəzər salmaq yetərlidir. Əvvəlki yazılarda Premyer Liqa klublarında “Gənclər futbolunun inkişafı proqramı”na məsul şəxslərin həyata keçirdikləri layihələrini, görüləcək işlərini qələmə aldıq. Bəs, ölkəmizin futbol elitasını təmsil edən komandalarda çalışmayan, ancaq bu sahədə böyük təcrübəsi olan mütəxəssislər çıxış yolunu, inkişaf perspektivlərini nədə görürlər? Həmsöhbətimiz gənclərlə çalışmanın nə olduğunu yaxşı bilən, ölkəmizin futbol elitasından qeybə çəkilən Naxçıvan “Araz”ının baş məşqçisi Sakit Rzayevdir:”Gözəl bir deyim var, deyir ki, 6 aylıq məhsul istəyirsənsə, buğda ək, 10 illik məhsul istəyirsənsə, meyvə ağacları ək, ömürlük məhsul istəyirsənsə, insan yetişdir. Hazırda, bizdə bu deyimin birinci hissəsinə əməl edirlər, inkişaf etmiş futbol ölkələrində isə 3-cü hissədən yararlanır. “Neftçi”də gənclər futbolunun inkişafına məsul şəxs olan Eldar Bədəlovun dediklərini oxudum. Açığını deyim ki, çox pis oldum. Azərbaycan futbolunun bayraqdarı olan klubda bir illik proqramlarla bu sahəni inkişaf etdirmək istəyirlər!

Bu absurddur. Bu işlər illik planlarla olmaz, uzun müddətli, çoxşaxəli və hərtərəfli layihələr olmalıdı. O zaman hansısa uğurdan danışmağa dəyər. Az müddəti əhatə edən proqramlar isə yalnız məşq prosesi ilə bağlı ola bilər. Həmin planlar bir həftəni, bir ayı əhatə edə bilər. Baxın, hər kəs dayanmadan vurğulayır ki, futbol yerində durmur, dayanmadan inkişaf edir, belə olan təqdirdə bir illik proqram nə məşqçilərə, nə də futbolçulara bəs etməz. “Ağ-qaralar”da çalışan həmkarım bildirir ki, onlar futbolçu yetişdirir. Ancaq necə, hansı fəlsəfə ilə, meyarları, standartların nədən ibarət olduğunu vurğulamır. Axı, yaxşı gəncləri üzə çıxarmaq üçün təkcə planla, proqramla iş bitmir. Bu işi həyata keçirən insanların kimliyindən belə çox şey asılıdır. Məşqçinin düşüncəsi, zehni, yanaşması ən önəmli məsələlərdəndir. Ola bilər ki, siz uzun müddətli proqram tərtib edəsiniz, lakin bunu icra edən məşqçilər sizin ideyalarınızı tam şəkildə həyata keçirə biləcəkmi? Məsələ bundadır, ona görə, avropalılar kadr seçiminə çox həssas və ciddi yanaşır. Bizdə isə kimi gəldi işə götürürlər, sabah isə deyirlər ki, futbolçu yoxdur, gənclər batıb gedir”. 
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına malik olan Sakit bəy, gənclər futbolunun inkişafında müasir standartlardan istifadə etdiyini bildirən mütəxissələrə də sitəm edərək, onların bəzi fikirlərinin çox acınacaqlı olduğunu qeyd edir:”Müasir standartlarla futbolçu yetişdirdiklərini söyləyənlərdən soruşmaq istəyirəm, hansı stildən istifadə edirlər? Proqramda konkret hansı elementlərə üstünlük verirlər? Sizi inandırım ki, əksəriyyəti cavab verə bilməyəcək. Eldar Bədəlov deyir ki, əsas və digər komandalarımızın hansı sistemlə çalışacağını müəyyən edirik. Mən isə bildirirəm ki, dünya praktikasında belə bir şey yoxdur. Heç bir klub bu anlayışla işləmir. Hər kəs futbol təhsilindən bəhs edir, amma bunun üçün əməli iş görən yoxdur. Müasir futboldan ağızdolusu danışırıq, ancaq onun bir xırda elementini belə həyata keçirməyə cəhd göstərmirik. Avropa klublarının zəngin təcrübəsindən yararlanırıq deyirik, amma…”

“Beyinlə düşünən çexlər”

Burda təbii ki, gənclər futbolunun inkişafında böyük uğurlar qazanan Çexiyanın “Slaviya” komandasının təcrübəsinə “boylanmaq” yerinə düşər. Bu yaxınlarda “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı Fərid Nəbiyevi transfer etməsi ilə ölkə mətbuatının gündəmini zəbt edən çexiyalılar Avropanın ən qədim klublarından biridir. 1892-ci ildə yaradılan komanda arxada qalan illər ərzində Çexiya futbolunun inkişafı üçün çox böyük işlər görüb. Təkcə onu qeyd etmək yerinə düşər ki, Şərqi Avropanın bu kiçik ölkəsinin futbol tarixində qazandığı böyük uğurlarda daim “Slaviya” “imzası” olub. 1920-ci ildən başlayaraq, komandanın 516 nəfər futbolçusu Çexiya yığmasının şərəfini qoruyub. Tarixi ərzində 8 dəfə “qızıl nəsil” yetişdirən Praqa təmsilçisi son illər gənclər futbolunun inkişafı üçün

beyin məşqlərindən istifadə edir. Klubun apardığı araşdırmaların sonunda məlum olub ki, fiziki məşqlər gənc futbolçuların orqanizminin lazımi qaydada güclü olmasını təmin edirsə, zehni məşqlər onların düzgün inkişafına təkan verir. Bu sahədə almanların metodikasından yararlanan şərqi avropalılar böyük uğurlar əldə ediblər. Son 10 il ərzində gənc futbolçuları ixrac etməklə yanaşı, klubun sisteminə uyğun olan azyaşlı futbolçuların “ovuna” çıxan “Slaviya” seleksiyaçıları 25 illik proqramla çalışırlar. Təbii ki, komandanın aşağı yaş qruplarına cəlb edilən oyunçular istedadlı olmaları ilə yanaşı, tətbiq edilən beyin məşqlərində də özünü göstərməlidir. Son 4 il ərzində Çexiyadan və dünyanın müxtəlif ölkələrindən “Slaviya”ya gətirilən 85 nəfər gəncin yalnız 14-ü Praqada saxlanılıb! Çexiyanın müxtəlif şəhər və qəsəbələrində klubun 10-dan çox kiçik akademiyası fəaliyyətə başlayıb. 
Avropa təcrübəsinə nəzər saldıqdan sonra Naxçıvan “Araz”ında gənclərin inkişafı üçün çalışan Sakit Rzayevin Azərbaycanda bu sahənin “irəli getməsi”nə təkan verəcək hansı işlərin görülməsinin vacibliyini öyrənməyə qərar verdik:”Əgər, biz bu gün Avropa futbolundan özümüzə örnək götürürüksə və ordakı iş prinsiplərindən, sistemdən, plan və proqramlardan xəbərimiz yoxdursa, hansı örnəkdən söz gedə bilər? İndi bir çox məşqçilər internetdən hansısa Avropa klubunun məşqçini götürüb necə gəldi verir və deyir ki, mən yeni metodlardan istifadə edirəm. Belə olmaz. Bu ancaq bizim futbolumuzun ziyanına işləyən amildir”.

“Bu “xəstəlik” hər il futbolumuzu 3-5 il geri salır”

Ümumiyyətlə, gənc futbolçuların inkişafı haqqında Sakit müəllimin öz fikirləri var:”Klublarda gənclərə önəm vermək lazımdır. Bəli, komandalar nəticə qazanmaq üçün çalışır, ancaq bununla paralel gələcəkdə öz yetirmələri hesabına böyük pullar da qazanmaq olar. Sadəcə, işə məsuliyyətlə yanaşılmalı və konkret strategiya olmalıdır. Klub daxilində daim bu istiqamətdə müzakirələr aparılmalıdır. O zaman doğru iş sayəsində böyük uğurlar əldə etmək mümkündür. Hər bir klub bu sahədə öz prinsiplərini düzgün müəyyən edib, səylə çalışarsa, zaman keçdikcə işin keyfiyyəti yüksələcək. O zaman ölkə futbolu inkişaf edər. Futbolda bir çox təməl anlayışlar var. Məsələn, ən yaxşı məşq oyundur. Uşaqlar 6 yaşdan 15 yaşa qədər 1500 rəsmi oyun oynamalıdır. Bunu mən demirəm, aparıcı klubların praktikası deyir. Gəlin baxaq, Azərbaycanda bu rəqəm neçədir? Əlbəttə, bizim uşaqlar bundan qat-qat az oyunda meydana ayaq basır. Deməli, bizim gənclərimiz daha çox oyun keçirməli və onların çatışmamazlıqları müəyyən edilməlidir. Sonra həmin çatışmamazlıqları aradan qaldıracaq məşq proqramları tərtib olunmalıdır. Təəssüflər olsun ki, bizdə əksər hallarda plan və sistemi bəlli olmayan məşq prosesləri tətbiq edilir. Gənc oyunçuların inkişaf etməsi üçün təhsil mütləqdir. Üstəgəl, yeniyetmə futbolçuların yaşının süni şəkildə azaldıması da bizim futbolumuza böyük zərbə vurur. Bu “xəstəlik” hər il futbolumuzu 3-5 il geri salır.

Özümüz özümüzü aldadırıq. Ölkəmizdə olan klubların heç birinin uşaq-gənclər futbolunun inkişaf departamenti yoxdur. Olsa belə, hansı iş prinsipləri ilə çalışırlar layihələri neçə illikdir? Heç kəsə məlum deyil. Bizim futbolumuzu bir illik proqramlar geri salır, həmin planlardan ağızdolusu danışmaq günahdır. Əgər biz hər hansı bir gənc futbolçunun bacarığını inkişaf etdirmək istəyiriksə, onun texniki, taktiki, kondisiya, sosial və psixoloji tərəflərini yoxlamalıyıq. Bu bacarıqlarla yanaşı, təhsilli və yaradıcı oyunçu hazırlamaq üçün zehnin sürətini artıran beyin məşqlərinə xüsusi önəm vermək yerinə düşər. Bu işlər Avropada illərdir aparılır. Bizim gənclərimizlə kondisiya işi ümumiyyətlə aparılmır. Bu çox geniş bir anlayışdır. Fiziki hazırlıq məşqlərini uşaq futbolunda çalışan mütəxəssislərimizin özləri keçir. Onların əksəriyyəti hansı məşqin necə keçilməsi olduğunu, bərpa müddətinin vaxtını bilmir. Avropada isə fiziki hazırlıq üzrə məşqləri illərdir bu sahədə ixtisaslaşmış qocaman məşqçilər aparır. 7-15 yaş arası uşaqlarda fiziki yüklənmə necə tənzimlənməlidir, 16 yaşdan yuxarı oyunçularda nələrə diqqət yetirmək lazımdır? Hər şey elmi əsaslarla paralel şəkildə, testlər həyata keçirərək və məlumat mərkəzi yaradılaraq aparılmalıdır. Orada adları keçən hər bir yeniyetmənin inkişaf komponentləri daim diqqətdə saxlanılmalıdır. Reaksiya, cəldlik, çeviklik, uzununa və hündürlüyə tullanma, sürət, güc testləri edilməlidir. Testlərin nəticələrinə görə, hər bir futbolçunun çatışmamazlıqlarının aradan qaldırılması üçün özəl proqram tərtib edilməlidir. Əh mühüm məsələ isə futbolda baş verən yenilikləri araşdıran məşqçilər korpusunun mövcudluğudur. Ola bilər ki, bu federasiyanın və yaxud klubun tərkibində yaradılsın. Onların üzərinə böyük yük düşməlidir. Dünya futbolunda baş verən yenilikləri araşdıraraq, onları bizim futbolda tətbiqini təmin etmək, zamanın nəbzini tutmaq lazımdır. Futbol hər gün, hər saat inkişaf edir, digər ölkələrdən geri qalmaq olmaz”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

Son yazılar

Yuxarı