Layihə

LAYİHƏ: “Dinamo” Kirovabadda oynamaq arzusunun arxasınca qaçan gənc

10.09.2017 , 17:58

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on dördüncü yazısı

Bir zamanlar dünyada adından söz etdirən sovet futbol məktəbinin gənclər futbolunun inkişafı istiqamətində gördüyü işlər haqqında bizə çox şey məlum deyil. 1960-cı illərdən başlayaraq, adı dünyanın ən inkişaf etmiş futbol ölkələri sırasında çəkilən və özəl statusa malik SSRİ-nin bu sahədə apardığı məqsədyönlü işlərdən hətta Avropanın aparıcı futbol ölkələrinin belə yararlandığı məlumdur. SSRİ-nin süqutundan sonra Azərbaycan daxil olmaqla, sabiq sovet respublikalarında uzun müddət həmin məktəbin metodlarından ümumi şəkildə istifadə edilirdi. Elə indinin özündə də Sovetlər dönəmində məşqçiliyin sirlərinə yiyələnən bir çox mütəxəssis eyni proqramlardan bəhrələnir. İmperiya dönəmində Moskvanın gənclər futbolunun inkişafı proqramları çərçivəsində müxtəlif illərdə dərc etdiyi xeyli vəsait vardı. Lakin, günümüzə gəlib çıxan yalnız qocaman mütəxəssislərin xatirələri və yaddaşlarda həkk olunan maraqlı əhvalatlardır. Bu yazıda sabiq futbolçu sizlərə həmin hadisələrdən birini nəql edəcək. 1950-ci ildə Borçalı mahalının(Gürcüstan SSR-red.) Qardabani(Qarayazı-red.) rayonunun Qaratəhlə kəndində dünyaya gələn Ziyadxan Əhmədov söhbətə futbola necə gəlişindən başladı:

“Məktəbə getdiyim vaxtlardan top qovmağa başlamışam. Top məni elə ovsunlamışdı ki, dünya gözümdə yaşıl meydandan və dəri topdan başqa bir şey deyildi. İllər ötdükcə, bütün varlığımla futbola bağlandığımı, bu oyunun sevdalısı olduğumu hiss etməyə başladım. Demək olar ki, məktəbdən sonra bütün vaxtımı kəndimizin stadionunda keçirirdim. Buna görə bəzən evdə mənə tapşırılan təsərrüfat işlərindən yayınırdım. Ailəmiz böyük idi, evdə 10 uşaq idik. Dolanışıq çox çətin idi. Hərdən hava işıqlı olanda futbol oynamağa vaxt tapa bilmədiyim üçün, stadiona gecələr, qaranlıqda yollanırdım. Uşaqları başıma toplayıb otun üzərində ora-bura qaçmaqdan yorulmurdım. Mənim üçün həyatın bir mənası vardı – futbol. Bəzən yaşıdlarımla birlikdə qaçıb Tiflisə gedirdik, “Dinamo”nun evdə keçirdiyi qarşılaşmaları izləyirdik. Mən gürcü futbolçularının oyununu seyr edərkən, elə bilirdim tamaşaya baxıram, çox texnikalı oyun sərgiləyirdilər. Onların gördükləri işdən necə zövq aldıqlarını görmək olurdu. Zərgər dəqiqliyi ilə edilən ötürmələr, baxımlı oyun, topu “başa düşmək”, yüksək sürət, çevik hücum futbolu, həlledici qollar – futbol məni ovsunlamışdı”. 
Gənclər futbolunun inkişafı proqramı sayəsində SSRİ-nin ən ucqar kəndlərində yaşayan istedadlı gəncləri belə kəşf edərək, uşaq-gənclər idman məktəblərinə cəlb edir və onları futbola qazandırırdılar. Peşəkar futbola gəlişi çox maraqlı alınan Əhmədovu baxın necə “üzə çıxarıblar”:
“Mənim doğulub boya-başa çatdığım bölgədə çox böyük potensial var. O dövrdə burada bir çox texnikalı oyunçular görmüşəm. Orta məktəbdə idman müəllimim məni komandaya cəlb etmişdi. 1963-cü ildə məktəbimizin futbol komandası rayon birinciliyində iştirak edirdi. Mən komandanın əsas qol silahlarından biri sayılırdım. Yaxşı xatırlayıram, Norio kənd orta məktəbinin uşaqları ilə qarşılaşmada 4:1 hesabı ilə qalib gəldik. Bu görüşdə het-trik etdim. Oyunun bitimində iki məşqçi mənə yaxınlaşdı, neçə yaşım olması ilə maraqlandılar, xeyli söhbət etdikdən sonra – komanda yoldaşım Yolçu Məmmədovu, qapıçımız Aydın Məmmədovu və məni Rustavi şəhərinin “Metallurq” komandasının futbol məktəbinə dəvət etdilər. Valideynlərim mənim futbola getməyimi istəmirdi. Buna baxmayaraq məni futboldan ayırmaq mümkün deyildi. Bu təsadüf nəticəsində mən peşəkar futbola gəldim. Bir müddət sonra həmin klubun kiçik yaş qrupunda məşqlərə başladıq.

1967-ci ildə orta məktəbi yaxşı qiymətlərlə bitirdim. Sənədlərimi Azərbaycan Dövlət Neft və Kimya Akademiyasına(Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-red.) verdim, kimyə və fizika imtahanlarından yaxşı qiymət alsam da, xarici dil imtahanından keçə bilmədim. Təhsil sahəsindəki bu uğursuzluq məni yenidən futbola bağladı. O dövrlər bir çox gənc futbolçunun xəyalı olan Kirovabad “Dinamo”suna yollanmaq qərarına gəldim, özümü sınamaq istəyirdim. Həmin il SSRİ-nin Güclülər Dəstəsinə yüksələn “Dinamo”nun təşkil etdiyi seleksiya xarakterli məşqlərə qatıldım. Onda “Dinamo” SSRİ çempionatının 1-ci dəstəsində çempion olub güclülər dəstəsinə vəsiqə qazanaraq Azərbaycan futbol tarixində bir ilkə imza atmışdı. Ölkəmizin futbol tarixində ilk dəfə olaraq Azərbaycan güclülər dəstəsində iki komanda ilə təmsil olunacaqdı. Gəncə futbolçuları SSRİ 1-ci dəstəsində qızıl medallar qazanan yeganə Azərbaycan klubu idi(“Neftçi” SSRİ çempionatının 1-ci dəstəsindən güclülər dəstəsinə vəsiqə qazanarkən üçüncülüklə kifayətlənərək vəsiqəni təmin etmişdi-red.).Klubda ən aşağı komandadan əsas heyətə qədər əsas xətt kimi güclü çalışma, komanda oyunu və inam amilləri dururdu. Kollektivdə əla mühit hökm sürürdü. Məşqlərə Hamlet müəllim(soyadını xatırlamadı-red.) rəhbərlik edirdi. Çox tələbkar və gənclərlə necə çalışmağı gözəl bilən məşqçimiz, həm də gözəl insani keyfiyyətlərə malik şəxs idi. Bir müddət məşq etdikdən sonra məni yanına çağıraraq bildirdi ki, fiziki hazırlığım qaydasında deyil, bunun üzərində işləmək lazımdır. Qocaman mütəxəssis qeyd edirdi ki, fiziki hazırlığım qaydasında olarsa, mən yaxşı hücumçu ola bilərəm. Seleksiya məşqləri Gəncənin 2 saylı hərbi hissəsinin ərazisində olan “Spartak” stadionunda keçirilirdi.

Tanınmış futbolçulardan Asəf Namazovla birlikdə məşq edirdik. 1968-ci ildə klubun əvəzedici heyətinin məşqçisi Qoşqarov(adını xatırlamadı-red.), komandanın baş məşqçisi isə əməkdar idman ustası, futbolçu kimi 4 dəfə ölkə çempionu olan Viktor Çistoxvalov idi. Daim bizim məşqlərimizi izləyən Qoşqarov bir müddət sonra məni və Namazovu əvəzedici heyətin məşqlərinə cəlb etmək qərarına gəldi. İki gün sonra biz artıq “Dinamo” Kirovabadın əvəzedici heyətinin üzvləri idik. Mən uzun illərdir xəyalını qurduğum komandaya bir az daha yaxınlaşmışdım. O zamanlar “Dinamo”nun ikinci komandasına düşmək hər gəncə nəsib olmurdu, güclü rəqabət vardı. Burda N.Eynullayevlə dostlaşdıq. “Dinamo”nun idman zalında rəhmətlik Ruslan Abdullayevlə, N. Salahovla fərdi məşqlərimiz zamanı komandanın çalışdırıcıları bizə xüsusi diqqət ayırırdı. Onlar gənclərə dəyərli məsləhətlər verirdi. Artıq əvəzedici heyətin əsas üzvlərindən birinə çevrilmişdim, məşqçilərimiz də mənə inanırdı. Mən yavaş-yavaş əsas heyətin “qapısını döyməyə” başlayırdım. Növbəti məşqlərimizin birində baş məşqçimiz Qoşqarov bizi bir yerə toplayaraq həftəsonu əsas heyətlə yoxlama matçına çıxacağımızı bildirdi. Bu, gənclər üçün şansı idi. Oyuna bir gün qalmış gecəni yata bilmədim, çox həyəcanlı idim. Qarşılaşmaya əsas heyətdə çıxmışdım, uzaq kənddən gələrək, “Dinamo” kimi adlı-sanlı komandanın heyətinə düşmək üçün mənə şans verən insanlara ürəyimdə təşəkkür edirdim. İlk dəqiqələr həyəcandan oyunum alınmırdı, sanki məşqçinin göstərişlərini eşitmirdim. Bir oyun epizodu zamanı rəqibin vurduğu top mənə dəyərək istiqamətini dəyişdi, “ayıldım”. Başımda olan fikirləri bir kənara ataraq oynamağa başladım. Təbii ki, həmin görüşdə əsas heyətin üzvləri bizə qalib gəldi. 90 dəqiqənin sonunda bizi bir yerə toplayan baş məşqçimiz irad və tövsiyələrini bizimlə bölüşdü. Başı ilə razılığını ifadə edərək, məndən məhz belə oynamağını istədiyini dedi. Emosiyalarımı çox çətinliklə cilovladım, sevincimin həddi-hüdudu yox idi. Əsas heyətlə qarşılaşmadan sonra məşqlərdə daha səylə çalışırdım. Tez-tez baş məşqçimizdən tərif eşidirdim. Lakin bu xoşbəxtlik uzun sürmədi, məşqlərimizin birində növbəti ikitərəfli oyun zamanı dizimdən aldığım zədə məni sehrinə salan futbolla bağlı arzularımın gerçək olmasına imkan vermədi. Həkim müayinəsindən sonra məlum oldu ki, mən bir daha top dalınca qaça bilməyəcəm. Uşaqlıqdan vurğunu olduğum Qarrinçanı, Metrevelini, Banişevskini yamsılaya-yamsılaya meydanın sağ cinahından keçidlər etmək niyyətində ikən, futboldan həmişəlik ayrılmalı oldum. Uzun illər yaşıl meydanlara gedib, həsrətlə orada oynayanlara baxmışam. Əynimdə Gəncə komandasının forması ilə qollar vurmuşam, sevinərkən hər şeyin xülya olduğunu anlamışam. Futbolsuz çətindir, çox çətindir…”
Hazırda Ziyadxan Əhmədovun yolunu davam edən nəvəsi var. Sabiq hücumçu nəvəsinin parlaq gələcəyinə ürəkdən inanır: “Nəvəm Tuqay Əhmədov kiçik yaşlarından futbolla məşğul olur. Əvvəllər Bakıda “Sərhədçi” idman klubunda məşqlərə qatılırdı.

İndi 15 yaşı var, Gürcüstanın “Vaxtanq Qorqasali”(Rustavi şəhərinin futbol klubu-red.) komandasında çıxış edir. Vaxtilə Ukraynada və Portuqaliyada legioner həyatı yaşayan Bensan Menteşaşvili hazırda Tuqayın çıxış etdiyi komandanın baş məşqçisidir. O, nəvəmdən çox razıdır. Deyir ki, öz üzərində işləsə, gələcəkdə yaxşı futbolçu ola bilər. İnanıram ki, nəvəm mənim həyata keçirə bilmədiyim arzularımı gerçəkləşdirəcək”. 
Hazırda yazdığı şerlərlə hamının rəğbətini qazanan Ziyadxan bəy Azərbaycanda gənclər futbolunun inkişafı üçün hansı işlərin görülməli olduğunu deməyi də unutmadı:”Klublarımızda ən aşağı yaş qrupundan əsas heyətə qədər güclü çalışma olmalıdır. Hesab edirəm ki, gənclərlə çalışan hər kəs nəticənin önəmli olmadığını anlamalıdır. Uşaqlarla işləyən hər bir məşqçi kollektiv içərisində əvvəlcə gözəl mühit yaratmağı bacarmalıdır. Kiçik yaşlarında futbol uşaqlar üçün əyləncəli olmalıdır, sizi əmin edirəm ki, uğurlu təlimlərin və inkişafın yolu zövq almaqdan keçir. Bütün mütəxəssislər gördükləri işdən zövq almalı, yaradıcı olmalı, həmişə öz üzərində işləyərək inkişaf etməlidir. Onlar ən yaxşı oyunçuları qərar qəbul etməkdə, özünəinamlı və həvəsli olmaqda hər cür dəstəkləməlidirlər. Uşaqlar səhv etməkdən qorxmamalıdır! Bu, öyrənmək üçün ən yaxşı yoldur. Hamıya eyni cür yanaşmanın olması çox vacibdir. Həmçinin məşqçilər komanda daxilində nizam-intizamı qoruyub-saxlamalı, inkişafa kömək edəcək yeni metodlardan istifadə etməlidir. Futbolla məşğul olan uşaqların gələcəkdə hansı istiqamətə gedəcəklərindən asılı olmayaraq, keçdikləri təcrübə xoş hadisə kimi xatirələrində yaşamalıdır, onların gələcək həyatı üçün pozitiv həvəsləndirici amil olmalıdır. Futbol sadəcə top qovmaq deyil, futbol həm də, uşaqlara həyat təcrübəsi qazandıra bilər”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı