Layihə

LAYİHƏ: “Bizi futzaldan qovdular” – dağılan klubun sabiq prezidenti

26.06.2017 , 10:56

Korner.az və Sportfm.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri" layihəsi çərçivəsində onuncu yazısı
 
Bundan öncəki yazıda futzala könül verən, Azərbaycan idmanı üçün böyük işlər görən Elman Ələkbərov haqqında yazmışdıq. Ələkbərov 2000-ci illərin əvvəllərində futzalımızın inkişafı üçün "qollarını çırmalayır”,  böyük pullar xərcləyirdi. Bu yazıda "parket üzərində oyun”u Elman bəy qədər sevən, əvəzsiz xidmətlər göstərən digər şəxs haqqında bəhs edəcəyik. Məhz onun sayəsində futzal üzrə Yüksək Liqada ciddi rəqabət yaşandı. Ölkə futzalının bayraqdarı hesab edilən "Araz” komandası yalnız bürünc medalla kifayətlənməli oldu.
Çimərlik futbolu üzrə Super Liqanın qalibi, futzal Yüksək Liqasında gümüş medalları və ölkə kubokunu qazanan "Fənər” komandasının sabiq prezidenti Turqay Fərzəliyev söhbətə idmana necə gəlməsindən başladı:
 
”Biz idmançı ailəsiyik. Əmim Bəhlul Fərzəliyev idmançı olub. Mən özüm uşaq yaşlarımdan futbol oynamışam. Düzdür, həvəskar səviyyədə top qovmuşam, ancaq həmişə peşəkar olmaq arzusu ilə alışıb-yanmışam. Yəni biz kənardan gəlməmişik, daim idman aləminin içində olmuşam. Futzalı isə bir gözəllik hesab edirəm, bu oyunu çox sevirəm. Hətta "Gömrükçü” komandasının heyətində belə çıxış etmişəm. Bir ara kapitan sarğısını daşıdığım komandada çox yaxşı futzalçılarımız vardı”.
 
Oyunçu kimi karyerasını bitirdikdən bir müddət sonra Azərbaycan futzal aləminə klub prezidenti kimi qayıtmasını Turqay bəy belə şərh etdi:
"Hansısa komandanın azarkeşi olmaq mümkündür, ancaq fanatı olmaq hər adama nəsib olmur. Mən özümü Türkiyənin "Fənərbaxça” klubunun ən böyük fanatlarından biri hesab edirəm. Komanda yaratmaq ideyası da məhz bu kluba rəğbətimdən irəli gəldi. Türkiyə təmsilçisinin futzal komandasının olmadığını bilirdim. "Böyük futbol”dakı "Fənərbaxça” qədər olmasa belə, ən azından ona bənzər bir klub yaratmaq çoxdankı arzum idi. Azərbaycanda eyniadlı klubun olmasını çox istəyirdim. Şükürlər olsun ki, buna nail oldum. Dostlarım da köməyini əsirgəmədi. İndiki kimi yadımdadı, uşaqlarla yığılıb futbol oynayırdıq, aralarında Ağatahir Əzimov, qapıçı Ramin Həsənzadə var idi. 1-ci liqada veteranları toplayaraq çıxış edik, sonra yavaş-yavaş kollektivi genişləndirdik, Xətai Bağırovu, Ramiz Çovdarovu heyətimizə cəlb etdik. Elşad Quliyev bizə qoşuldu. Bu klubla 1-ci liqanın qızıl medallarını əldə etdik, ölkə kubokunun finalında "Neftçi”yə yalnız penaltilər seriyasında məğlub olduq. İkinci il kubokda yenə finala adladıq, bu dəfə də yenildik, yalnız 3-cü cəhddən kuboku başımız üzərinə qaldırdıq. Düzdür, əsas arzum olan çempionluğu qazana bilmədim, bunun isə obyektiv və subyektiv səbəbləri var”.
 
Azərbaycan Yüksək Liqasında "Fənərbaxça” adlı klub mübarizəyə qoşulduqdan sonra Turqay Fərzəliyev bəzi çətinliklərlə qarşılaşdı:
"Yeni fəaliyyətə başlayanda əsas çətinliyimiz adla bağlı oldu. Mətbuatda daim adımız hallandığı üçün Türkiyə tərəfinin etirazı ilə qarşılaşdıq. İstanbul klubu adımızın dəyişdirilməsi tələbi ilə bağlı rəsmi məktubla müraicət etmədi, sadəcə klubun saytında bu haqda bir dəfə yazı dərc olundu.
Ondan sonra komandamızın adını dəyişərək, "Fənər” qoydum. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdik, loqonun patentini belə aldım. Hazırda bütün sənədlər əlimdədir”.
 
Fərzəliyev görülən bu qədər işdən sonra klubun fəaliyyətini dayandırmasının səbəbini açıqladı:
"Mən hər zaman deyirəm, Xəqani Məmmədov(AFFA Hakimlər Komitəsinin sədri – red.) nə vaxt postundan gedərsə, o zaman biz klub olaraq yenidən Azərbaycan futzalına xidmət edəcəyik. Bu mənim yeganə istəyimdir. Biz 2010-cu ildə "Fənər” komandasını ölkə idmanına fayda vermək üçün yaratdıq, işimizə əngəl törətdilər, bizdə getdik. Hələlik qoy belə olsun. Yəqin ki, uzun müddət belə davam etməz. Bizi futzaldan sözün həqiqi mənasında qovdular.
Ola bilər ki, Azərbaycanda bir daha "Fənər” səviyyəsində komanda heç vaxt olmasın. Təkcə o faktı qeyd edim ki, heyətimizdə üç nəfər Serbiya millisinin əsas üzvləri yer alırdı. Mən əyninə milli formanı geyinib,qıraqdan durub əl çalan futzalçılara yığmanın üzvü kimi baxmıram. Transfer edəndə buna çox fikir verirdim, üç nəfər Ukrayna yığmasının futzalçısını gətirmişdim. Bir idmançımız Özbəkistan millisinin aparıcı üzvü idi. Yığmamızın futzalçılarından Vitali Borisov "Fənər”in şərəfini qoruyurdu. Hazırda Azərbaycan millisində oynayan bir neçə braziliyalını da Bakıya mən dəvət etmişdim. Bütün gördüyümüz işlər yarımçıq qaldı. Hakimlərin bizə qarşı törətdiklərini əsl qətliam hesab edirəm. Təsəvvür edirsiniz, çempionatın bitməsinə 5-6 tur qalsa da, futzalçıları psixoloji baxımdan matçlara kökləyə bilmirdik. Elə bir vəziyyət yaranmışdı ki, heyətdə olan futzalçılar oynamaq istəmirdilər, yarımçıq çıxıb getmək istəyirdilər. Xərc çəkib, "Xəzər Adaları” ilə oyunumuzun canlı yayımlanmasını təşkil etdik, düşündük ki, bəlkə hakimlər çəkinərlər, doğru qərarlar verərlər. İnanırsınız, əksinə, televiziya vasitəsilə yüz minlərlə insanın seyr etdiyi görüşdə bizi daha da, "baltaladılar”. Mən bununla onların qələbəsinə kölgə salmaq fikrim yoxdur. "Xəzər Adaları” çox əla komanda idi. Məndən olsaydı, deyərdim ki, iki çempion olsun”.
 
"Xəzər Adaları” qızıl medalları qazandıqdan sonra İbrahim Nehrəmlinin həbs olunması və klubun dağılması, "Fənər”ə uzun müddət həsrətində olduğu Avropanın yolunu açırdı, ancaq Yüksək Liqada 2-ci olan klub bu şansdan yararlanmadı:
"Bəli, bizim belə bir şansımız yarandı. Ancaq fürsətçi olmaq istəmədik. Biz "biləyimizin” haqqı ilə avrokuboklara yollanmaq istəyirdik. Mən belə bir şeyi özümə sığışdıra bilməzdim! Onda hamı deyərdi ki, Turqay Fərzəliyev elə bunu gözləyirdi. Biz hakimlərdən heç nə istəmirdik, sadəcə obyektivlik gözləyirdik. Oyunların birində Vitali Borisovun üzünə zərbə endirdilər, sifəti al-qana boyandı, hakim rəqibə nəinki qırmızı, heç sarı vərəqə göstərmədi. Matçdan sonra Vitalini vuran futzalçı yaxınlaşıb üzr istədi və ona üç qırmızı vərəqə düşdüyünü bildirdi.
Hakim isə bunların heç birini nəzərə almırdı. Bütün baş verənlərdən sonra Xəqani Məmmədov etiraf etsəydi ki, "Fənər”ə qarşı haqsızlıqlar olub, biz bunu qəbul edərdik, ancaq o özünü elə aparırdı ki, sanki belə də olmalıdı. Belə olan təqdirdə, mübarizə aparmanın, böyük pullar xərcləmənin heç bir əhəmiyyəti yox idi. Biz sanki futzalda artıq idik, fəaliyyət göstərməyimiz mənasız olmuşdu. Biz böyük maliyyə hesabına güclü komanda yaratmışdıq, "Fənər” dağıldı, Azərbaycan futzalı görün nələr itirdi? Klub olaraq uşaq futzalına, infrastrukturaya çox önəm verirdik. Gələcəklə bağlı böyük planlarımız vardı. Hakimlərimizin sayəsində hamısı bir anda "silindi”. 
 
Ölkə futzalının və Yüksək Liqanın hazırki səviyyəsindən bəhs edən sabiq prezident rəqabətin çox vacib amil olduğunu vurğuladı:
"Deməzdim ki, futzalımızın səviyyəsi aşağı düşüb. Razıyam, hazırda çempionatda "Araz” rəqib tanımır. Ancaq bunun günahı digər klublardadı, onlar güclü heyət yığa bilmirlər. Yüksək Liqada "Araz”ın bəzi oyunlarını izləmişəm, deməliyəm ki, komandanın futzalçıları meydana motivasiyasız çıxır. Bununda səbəbi bəllidi, komanda gücünə arxayındı. Düşünürəm ki, bu il çempionat daha güclü olacaq”. 
 
Ambisiyalı Turqay Fərzəliyevə Azərbaycan Futzal Federasiyası tərəfindən təklif gələcəyi təqdirdə, verəcəyi cavabla da maraqlandıq:
"Futzalla bağlı bütün təklifləri qəbul etməyə hazıram. Ölkə futzalının inkişafı üşün sevə-sevə çalışaram. Mən bu idman növü ilə "nəfəs alıram. Futzalımızın yüksəlməsi üçün bütün potensialımı ortaya qoymağa hazıram”. 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı