Layihə

LAYİHƏ: “Birlik Kuboku” Azərbaycana ilk dəfə necə gəldi? – VİDEO

28.03.2017 , 06:10

Korner.az və Sportfm.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində on birinci yazısı
 
Ötən günlərin nostaljisi
Sovet imperiyasının dağılması yalnız dünyanın siyasi xəritəsində, insanların talelərində öz əksini tapmadı. Bu tarixi hadisə idman sahəsinə, o cümlədən futbola da təsir etdi. Bir zamanlar dünyanın ən maraqlı və intriqalı yarışlarından sayılan SSRİ çempionatı bir anın içində tarixin yaddaşına köçdü. Amma xatirələr yaşayırdı. Kiyev, Moskva, Minsk  və Tbilisinin “Dinamo” klubları, “Spartak” (Moskva), “Şaxtyor” (Donetsk), “Neftçi” (Bakı) kimi nəhənglərin hər il təkrarlanan mübarizəsini unutmaq çətin idi. Elə əski maraqlı hadisələri yaşatmaq naminə keçmiş Sovetlər Birliyi respublikalarının çempionlarının iştirakı ilə “Birlik kuboku” təsis edildi. 1993-cü ildə Moskvada ilk turnir baş tutdu.
Qələbəyə 1 il qalmış
10 il ərzində “Birlik” kuboku ancaq iki ünvan tanıdı: Moskva və Kiyev. SSRİ çempionatlarında olduğu kimi, yenə də Rusiya və Ukraynanın aparıcı kollektivləri dominantlıq təşkil edirdilər. 6 dəfə “Spartak”, 4 dəfə isə Kiyev “Dinamo”sunun qələbəsi ilə yaranan ənənəni ilk dəfə 2003-cü ildə Moldova çempionu “Şerif” pozdu. Əlbəttə ki, Azərbaycan azarkeşləri “Birlik kuboku” qaliblərinin sıralamasında doğma klublarımızdan birini görmək arzusunda idilər. 2005-ci ildə də “Neftçi” bu arzunu reallaşdırmağa çox yaxın idi. Lakin yarımfinala qədər inamla irəliləyib bu mərhələdə Kiyev “Dinamo”sunu məğlub edən (2:1) “ağ-qaralar”, final görüşündə Moskva “Lokomotiv”inə uduzdular. Zaur Tağızadə hesabı açsa da, meydan sahibləri iki qol vuraraq kuboku Rusiyada saxlamağa nail oldular. Amma həlledici görüşdə uduzmağımıza rəğmən, 2005-ci ildəki yarış həmyerlilərimizin tutarlı və gözəgəlimli oyunu ilə yadda qaldı. Eyni zamanda həm azarkeşlərdə, həm də futbolçularımızda bu turnirdə maksimal nəticənin əldə olunmasının mümkünlüyünə inam yarandı. Turniri yaddaşlara həkk etdirən daha bir hadisə oldu. Amma bu barədə bir qədər sonra…
“Birnəfəsə” keçilən qrup
2006-cı ildə “Birlik kuboku”nda Azərbaycanı yenə də “Neftçi” təmsil edirdi. Qrup mərhələsində rəqiblərimiz Tacikistan çempionu “Vaxş”, Qazaxıstan çempionu “Aktobe” və Latviya çempionu “Metallurq” idi. Start bakılılar üçün son dərəcə uğurlu alındı. Elə rəqib də turnirin ilk oyunu üçün münasib idi: aşkar autsayderlərdən biri – “Vaxş”. Artıq 6-cı dəqiqədə “Neftçi”nin serbiyalı forvardı Branimir Subaşiç Azərbaycan təmsilçisinin yarışda ilk qoluna imza atdı. 26-cı dəqiqədə Aftandil Hacıyevin 2-ci qolu isə artıq qalib haqqında bütün sualları gündəmdən çıxardı. Düzdü, oyunun bitməsinə hələ xeyli vaxt var idi, futbolda da hər şey ola bilər. Amma “ağ-qaraların” aşkar dominantlığı möcüzəyə yer qoymurdu. İkinci hissədə Tomislav Mişura görüşün yekun nəticəsini müəyyən etdi – 3:0.
İkinci turda Azərbaycan çempionu start matçında Qazaxıstan təmsilçisini darmadağın etmiş (3:0) “Metallurq”la qarşılaşırdı. 1/4 finala 1-ci yerdən adlamaq üçün qələbə lazım idi. “Neftçi” yenə də hücum futbolu nümayiş etdirərək 1-ci hissədə rəqibi iki dəfə mərkəzdən başlamağa məcbur etdi. 6 dəqiqə ərzində (25 və 31) iki dəfə fərqlənən Georgi Adamiya çempionumuzun qələbəsinin təməlini qoydu. İkinci hissədə latviyalılar bu qolların yalnız birinin əvəzini çıxa bildilər. Beləliklə də, 2:1 hesabı ilə qalib gələn “Neftçi” 1/4 final mərhələsinə vəsiqəni təmin etdi. Artıq son turdakı görüşün (“Aktobe” ilə 1:1) turnir baxımından əhəmiyyəti qalmırdı.  
Bir qaçışın tarixi…
1/4 finalda rəqibimiz Özbəkistan çempionu, hələ SSRİ çempionatlarından çox yaxşı tanış olan “Paxtakor” idi. Bu oyunun “Neftçi” üçün turnirdə ən çətini olduğunu söyləsək, yəqin ki, yanılmarıq. Qarşılıqlı hücumlarla keçən qarşılaşmada hər iki tərəf fərqlənmək üçün kifayət qədər imkan qazandı. Lakin tribunalara toplaşan tamaşaçılar qol görə bilmədilər. Qalibi penalti seriyası müəyyənləşdirməli idi. Bu “futbol lotereyasında” Azərbaycan çempionu daha şanslı oldu. 4:2 hesablı qələbə əldə edən “ağ-qaralar” ikinci il ardıcıl olaraq yarımfinala yüksəldilər. Burda isə bizi Ermənistan “Püniki” gösləyirdi. Nə qədər idmanın siyasətdən uzaq olduğunu söyləsək də, istər-istəməz həyatın digər sahələrindəki dövlətlərarası münasibətlərdən yan ötmək olmur. Bu görüş də qan düşmənimiz olan ermənilərdən növbəti təsəlliverici “qisas” almaq fürsəti kimi dəyərləndirilirdi. Amma ermənilər meydana çıxmadılar. Əvvəlcə təhlükəsiliklərinin təminatı məsələsini gündəmə gətirən, bu təminatı təşkilatçılar tərəfindən aldıqdan sonra isə heç bir izahat vermədən Moskvanı tərk edən “Pünik” yarışdan kənarlaşdırıldı, “Neftçi” isə mübarizəni davam etdirdi. Ermənilərin bu addımına izah verməyi özümüzə borc bilirik. Bunun üçün isə, yuxarıda söz verdiyimiz kimi, bir il geriyə dönməliyik…
  
…və pərdəarxası
2005-ci ildə keçirilən turnirdə Azərbaycan və Ermənistan çempionları 1/4 finalda üz-üzə gəlmişdilər. Görüş ərəfəsindəki gərginlik və ajiotajı söz ilə ifadə etmək çox çətindir. Oyun günü isə həyəcan apogeyə çatdı. Matçın keçirildiyi “Dinamo” maneji hər iki klubun tərəfdarları ilə dolmuşdu. Oyunun təşkil olunduğu tarix də əlamətdar idi: yanvarın 19-u, 1990-cı il 20 Yanvar faciəsinin 15-ci ildönümü. Əlbəttə ki, Azərbaycan təmsilçisində motivasiya çox yüksək idi. Amma “Pünik” də mübarizəsiz təslim olmaq niyyətində deyildi. Çox əsəbi və gərgin keçən oyunun birinci hissəsində tribunalara toplaşan 1500 tamaşaçı qol görmədi. Hərçənd hər iki tərəf fərqlənmək üçün imkanlar yaxalamışdı. İkinci hissənin əvvəlində isə ermənilər hesabı açmağa çox yaxın idilər: təqribən 20 metrlik məsafədən yerinə yetirilən cərimə zərbəsindən sonra top qapı çatına tuş gəldi. Azərbaycan çempionun tutarlı cavabı isə 62-ci dəqiqədə gəldi: sol cinahdan Vidadi Rzayevin başladığı hücumu Georgi Adamiya qola çevirdi. Bundan sonra ermənilər məğlubiyyətdən yaxa qurtarmaq cəhdləri etsələr də, əvəzində qapılarında ikinci qolu gördülər. Vidadi Rzayev meydanın mərkəzində topu rəqibdən alaraq Mahmud Qurbanova ötürdü. Dəqiq ötürmələri ilə tanınan Mahmud isə öz növbəsində irəli şığıyan Vidadini gördü və onu ustalıqla topla təchiz etdi. İki rəqib müdafiəçisi ilə dueldən qalib çıxan yarımmüdafiəçimiz qapının sol küncünü dəqiq nişan aldı – 2:0.  Meydandakı və tribunalardakı gərginliyi söz ilə ifadə etmək çox çətindir. Yalnız bir faktı qeyd edək: ikinci qolun müəllifi Vidadi Rzayev fərqlənəndən cəmi bir neçə dəqiqə baş məşqçi Ağasəlim Mircavadovdan əvəzlənməsini istədi. Daha sonralar təcrübəli yarımmüdafiəçi etiraf etmişdi ki, həmin anlarda nəfəs almaqda ciddi problemlər yaşamış, həyəcan və gərginlik onun səhhətinə belə təsir göstərmişdi. Oyun isə elə 2:0 hesabı ilə “Neftçi”nin qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bakılılar 1 il sonra da “Pünik”i pərişan etməkdə qərarlı idilər. Amma artıq qeyd etdiyimiz kimi, ermənilər talelərini bir daha sınağa çəkməmək qərarına gələrək, uduzmaqdansa aradan çıxmağa üstünlük verdilər. Beləliklə, “Neftçi” ikinci dəfə ardıcıl olaraq “Birlik kuboku”nun finalına yüksəldi.
Tarixə vurulan “ağ-qara” möhür
Həlledici qarşılaşmada rəqibimiz yarımfinalda favoritlərdən hesab edilən Moskva MOİK-ini üstələyən Litva çempionu “Kaunas” idi. Ötən il finalda məğlubiyyət acısını dadan “Neftçi” bu dəfə Azərbaycana kubokla qayıtmaq əzmində idi. Lakin görüş heç də bizim üçün istədiyimiz kimi başlamadı. 15-ci dəqiqədə künc nöqtəsindən ötürülən topa Patsyaviçus müdafiəçilərimizdən tez yetişdi və güclü zərbə endirdi. Qolkiper Hüseyn Məhəmmədov komandasına yardım etməkdə artıq aciz idi. Amma Ağasəlim Mircavadovun formalaşdırdığı kollektiv ruhdan düşmədi və hələ hakimin birinci hissənin sona çatmasını bildirən fitinə qədər iki dəqiqə fasilə ilə iki dəfə rəqibi meydanın mərkəzindən başlamağa məcbur etdi. Əvvəlcə Nadir Nəbiyev Vadim Boretsin dəqiq ötürməsindən sonra bərabərliyi bərqərar etdi.
Daha sonra isə moldovalı legioner özü təqribən 25 metrdən “doqquzluğ”u dəqiq nişan aldı. Amma futbolçularımız fasiləyə üstün durumda yollana bilmədilər. Yenə də standart vəziyyətdən, bu dəfə  cərimə zərbəsindən ötürülən topa Zelmikas müdafiəçilərimizdən tez yetişdi. Artıq hər şey yenidən başlamalı idi. Amma ikinci hissədə Azərbaycan çempionu qələbəyə daha layiq olduğunu sübut etdi. 47-ci dəqiqədə Branimir Subaşiç, 56-cı dəqiqədə isə “ağ-qaralar”ın bolqarıstanlı legioneri Stefanov fərqləndilər. Görüşün qalan vaxtında Litva təmsilçisinin yenidən tarazlığı bərpa etmək cəhdləri boşa çıxdı. Beləcə, 2006-cı il “Birlik kuboku”nun qalibi “Neftçi” oldu və Azərbaycan futbol tarixində növbəti “ilk”ə imza atdı. Daha sonra “Xəzər-Lənkəran” və “İnter”də bu kuboku vətənə gətirdilər. Amma “Neftçi” tarixin yaddaşına yenidən “birinci” və “ilk” olaraq həkk olundu.

14-cü Birlik kuboku

B qrupu

NEFTÇİ – VAXŞ (KURQANTÜBE, TACİKİSTAN) 3:0 (2:0)

NEFTÇİ: Vladimir Miçoviç (Konstantin Qusev, 82), Aftandil Hacıyev (İqor Getman, 46), Valeri Abramidze (Elvin Əliyev, 75), Rəşad Sadiqov (Elçin Rəhmanov, 54), Vadim Borets, Aleksandr Çertoqanov, Georgi Adamiya (Tomislav Mişura, 46), Aqil Məmmədov, Ruslan Abbasov (Elnur Allahverdiyev, 59), Branimir Subaşiç (Nadir Nəbiyev, 46), Svetoslav Stefanov.

VAXŞ: Asliddin Habibulloyev, Rustəm Hodayev (Yusuf Rabiyev, 46), İlhom Ortıkov (Firzavs Fayzullayev, 88), Kamol Ortıkov (Zəfər Zubidov, 69), Nəzir Rizomov (İndust Hüseynov, 46), Aleksey Niqmatov, Mehrob Zaurbəyov, İsgəndər Nuriddinov, Rüstəm Usmonov (Sahib Savonkulov, 82), Camoliddin Oyev, Akmal Saburov.

Qollar: B.Subaşiç, 6 (1:0). A.Hacıyev, 26 (2:0). T.Mişura, 73 (3:0).

Vərəqələr: R.Sadiqov, E.Allahverdiyev, İ.Nuriddinov – sarı.

Hakim: Paulyus Maljinskas (Litva).

Moskva. «Dinamo» maneji. 14 yanvar. 500 tamaşaçı. 

METALLURQ (LİEPAYA, LATVİYA) – NEFTÇİ 1:2 (0:2)

METALLURQ: Viktor Spole, Oskar Klyava, Dzintarş Zirnis, Denis İvanov, Mindauqas Kalonas, Gennadi Solonitsin, Darius Mitseyka, Yevgeni Gets (Andrey Juravlyov, 73), Nerius Astrauşkas (Kristap Qrebis, 61), Girt Karlsons, Anton Yemelin.

NEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov (Elnur Allahverdiyev, 90), Vadim Borets (Elçin Rəhmanov, 78), Aleksandr Çertoqanov (İqor Getman, 86), Georgi Adamiya (Branimir Subaşiç, 46), Aqil Məmmədov, Ruslan Abbasov, Nadir Nəbiyev (Tomislav Mişura, 85), Svetoslav Stefanov.

Qollar: G.Adamiya, 25 (0:1). G.Adamiya, 31 (0:2). D.İvanov, 64-p (1:2).

Vərəqələr: G.Karlsons, S.Stefanov, E.Allahverdiyev – sarı.

Hakim: İqor Yeqorov (Rusiya).

Moskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 15 yanvar. 1000 tamaşaçı. 

AKTOBE (AKTYUBİNSK, QAZAXISTAN) – NEFTÇİ 1:1 (1:0)

AKTOBE: Yevgeni Plotnikov, Oleq Musin, Yuri Aksyonov (Viktor Dobretsov, 46/Dmitri Lukaşko, 76), Menover Rizviç, Sergey Yaskoviç, Vitali Kitsak (Aleksey Kosolapov, 73), Aleksandr Suçkov, Andrey Meşyaninov, Anatoli Malkov (Yevgeni Lovçev, 46), Konstantin Qolovskoy, Maksim Sançenko (Sergey Kaputin, 69).

NEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov, Vadim Borets, Aleksandr Çertoqanov (Elvin Əliyev, 87), Aqil Məmmədov (Elçin Rəhmanov, 46), Ruslan Abbasov, Branimir Subaşiç, Nadir Nəbiyev (Georgi Adamiya, 46/İqor Getman, 69), Svetoslav Stefanov.

Qollar: A.Suçko, 39 (1:0). B.Subaşiç, 61 (1:1).

Vərəqələr: A.Malkov, A.Çertoqanov, V.Borets – sarı.

Hakim: Gennadi Orlik (Moldova).

Moskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 17 yanvar. 300 tamaşaçı.

 

Komanda

1

2

3

4

O

Q

H

M

T/F

X

1

NEFTÇİ

2:1

1:1

3:0

3

2

1

0

6-2

7

2

Metallurq (Liepaya, Latviya)

1:2

3:0

2:1

3

2

0

1

6-3

6

3

Aktobe (Aktyubinsk, Qazaxıstan)

1:1

0:3

1:0

3

1

1

1

2-4

4

4

Vaxş (Kurqantübe, Tacikistan)

0:3

1:2

0:1

3

0

0

2

1-6

0

 

1/4 final

NEFTÇİ – PAXTAKOR (DAŞKƏND, ÖZBƏKİSTAN) 0:0, penaltilərlə – 4:2.

NEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Valeri Abramidze, Rəşad Sadiqov, Vadim Borets, Aleksandr Çertoqanov, Aqil Məmmədov, Ruslan Abbasov (Elnur Allahverdiyev, 59), Branimir Subaşiç, Nadir Nəbiyev, Stefanov Stefanov (Elçin Rəhmanov, 75).

PAXTAKOR: İqnati Nesterov, Asror Alikulov, Sərvər Çeparov, Sədrəddin Abdullayev (Vladislav Kiryan, 70/Qoçquli Qoçquliyev, 82), Aleksandr Kletskov, İslam İnomov, Vyaçeslav Ponomaryov, Timur Kopadze, Zeynəddin Taciyev, Renat Bayramov, İlhom Suyunov.

Penaltilər seriyası: S.Çeparov (0:1). V.Borets (1:1). T.Kopadze (1:1). B.Subaşiç (2:1). A.Alikulov (2:2). N.Nəbiyev (3:2). İ.Suyunov (3:2). A.Hacıyev (4:2).

Vərəqə:yoxdur.

Hakim: Yuri Baskakov (Rusiya).

Moskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 18 yanvar. 1000 tamaşaçı. 

1/2 final

NEFTÇİ – PÜNİK (YEREVAN, ERMƏNİSTAN) +:-

20 yanvar.

«Pünik» oyuna gəlmədiyinə görə «Neftçi»yə texniki qələbə verilib.

Final

KAUNAS (KAUNAS, LİTVA) – NEFTÇİ 2:4 (2:2)

KAUNAS: Eduardas Kurskis, İrmantas Zelnikas (İrakli Xubutiya, 45), Mindauqas Patsyaviçyus (Viqantas Zubaviçus, 71), Nukri Mançxava, Gedrius Bareviçyus, Qlidas Yuşka, Tadas Papeçkis (Arturas Rinkyaviçyus, 67), Audrius Kşanaviçyus (İlqiz Fattaxov, 40), Kestutis İvaşkaviçyus, Linas Pilibaytis, Edin Pexliç (Riçardas Beniuşis, 51).

NEFTÇİ: Vladimir Miçoviç, Aftandil Hacıyev, Ruslan Abbasov (Elnur Allahverdiyev, 65), Valeri Abramidze, Aleksandr Çertoqanov (İqor Getman, 89), Rəşad Sadiqov (Elvin Əliyev, 90), Svetoslav Stefanov, Aqil Məmmədov (Elçin Rəhmanov, 80), Vadim Borets, Branimir Subaşiç (Georgi Adamiya, 88), Nadir Nəbiyev.

Qollar: M.Patsyaviçyus, 15 (1:0). N.Nəbiyev, 34 (1:1). V.Borets, 36 (1:2). İ.Zelnikas, 40 (2:2). B.Subaşiç, 47 (2:3). S.Stefanov, 56 (2:4).

Vərəqələr: G.Bareviçyus, N.Mançxava, V.Abramidze – sarı. İ.Xubutiya, 55 – qırmızı.

Hakim: Yuri Baskakov (Rusiya).

Moskva. «Olimpiyski» İdman Kompleksinin maneji. 22 yanvar. 6200 tamaşaçı.

Baş məşqçi: Ağasəlim Mircavadov.

Son yazılar

Yuxarı