Layihə

LAYİHƏ: Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi

08.09.2017 , 14:05

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on üçüncü yazısı

Klublarımızın Lisenziyalaşdırma prosesində yerinə yetirməli olduqları meyarlardan biri – “Gənclər futbolunun inkişaf” proqramına həsr etdiyimiz layihə çərçivəsində “Qəbələ” və “Sumqayıt” klublarında görülmüş işlər haqqında ötən yazılarımızda məlumat vermişdik. Bu dəfə isə ölkə futbolunun ən qocaman klubunun – “Neftçi”nin sözügedən proqramla bağlı həyata keçirdiyi işlərdən danışacağıq. Görəsən daim Azərbaycan futboluna gənc istedadlar verməsi ilə də məşhur olan klub “Gənclər futbolunun inkişaf” proqramını necə icra edir?

 “Nəticə vermək xatirinə işləmək olmaz”

“Ağ-qaralar”ın bu istiqamətdə gördüyü işlərin koordinatoru Eldar Bədəlovdur. 35 illik təcrübəyə malik olan Eldar bəy Əməkdar məşqçi və idman ustasıdır. Müsahibimiz “Neftçi”yə gəlməzdən əvvəl uzun müddət Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində çalışıb.

Eldar bəy deyir ki, klubun öhdəlik kimi qəbul etdiyi proqramın müddəti bir ildir və görülməli olan işlərin 99 faizi artıq icra edilib: “Bütün lazımi tədbirlər, demək olar ki, görülüb. Düşünürəm ki, bu müddət, yəni 1 illik dövr hazırda gənclər futbolu üçün ən optimal seçimdir. Çünki futbol dayanmayan sahədir, daim inkişaf gedir. Hər il yeniliklər olur və bunlardan məşqçilərin xəbəri olmalıdır. Bu yenilikləri hər dəfə tətbiq etmək üçün isə bizim üçün qısamüddətli, yəni birillik proqram daha məqsədəuyğun hesab olunur. Tərtib olunan proqramın icrası üçün bir il tam uyğun müddətdir. Həm uşaqlar, həm də məşqçilər baxımından, düşünürəm ki, doğru yoldayıq. Üçillik və daha uzun müddət üçün nəzərdə tutulmuş proqramlarla işləyən komandalar azdır. Gələcəkdə də bu planımızın dəyişəcəyinə inanmıram. Yəqin ki, növbəti illərdə də bir illik proqramla işləyəcəyik”.

Müsahibimizin sözlərinə görə, klubun proqram üçün birillik müddət seçməsinin başqa səbəbi də var: “Bildiyiniz kimi, bizdə infrasturkturla bağlı bəzi işlər gedir, baza tikilir, yeni meydançalar istifadəyə veriləcək. Akademiyada rəhbərlik tərəfindən iki süni meydançanın tikilməsi nəzərdə tutulub. Bundan başqa, qalmağa yer üçün verilən layihə də icra edilir. Bu səbəbə görə uzunmüddətli proqram verə bilmirik. Yəni hələ görülən daha vacib işlər var. Yaxın gələcəkdə birillik proqramlar nəzərdə tutulsa da, bütün layihələrin icrası tamamlandıqdan sonra artıq üçillik və daha uzunmüddətli proqramlar barədə düşünə bilərik. Hal-hazırda beynəlxalq turnirdə iştirak edirik. Beynəlxalq turnirlərdə iştirak da “Gənclər futbolunun inkişafı” proqramında mühüm bəndlərdən biridir və biz bunu icra edirik”.

“Ağ-qaralar”ın koordinatoru deyir ki, cari proqram üzrə işlər yekunlaşmaq üzrə olduğundan, növbəti proqram barədə düşünməyin vaxtı artıq çatıb: “Bu proqram çərçivəsində işlər, dediyim kimi, artıq 99 faiz yerinə yetirilib. Bəndlər üzrə təfsilatı ilə danışmaq çox vaxt aparar. Amma əsas məqamlar var ki, məşqçilər heyəti olaraq onları yerinə yetirmişik. Bölgələrdən prespektivli uşaqların cəlb olunması proqramın əsas məqsədlərindən biridir. Bu yöndə işlər görülüb və komandamıza Azərbaycanın bir neçə rayonundan istedadlı futbolçuları cəlb etmişik. Onlarla xüsusi işləyirik və demək olar ki, hər şəraiti yaratmışıq. Rəhbərlik tərəfindən həmin uşaqların məskunlaşmaları üçün yer də verilib. Bundan başqa, gündəlik qidalanma, məşq prosesində lazım olan hər bir ləvazimatlarla təmin edirik. Düşünmürəm ki, bu istiqamətdə hansısa problemlər yaşayaq. Rəhbərlik hər cür şəraiti yaradıb, qalıb məşqçilərin işləməyi və uğurlu, istedadlı kadrların ərsəyə gətirilməsi. Biz də bu yöndə çalışırıq və mən ümidliyəm ki, gələcək üçün işlərimizi uğurla görürük. Proqram çərçivəsində çempionatlarda iştirak etmək kimi bəndlər də var və bunu da icra edirik. Hazırkı proqramımız, demək olar ki, bitib və tezliklə yenisini hazırlayıb təqdim edəcəyik”.

Eldar bəylə klubun uşaq futbol akademiyasının məqsədlərindən də danışdıq. Müsahibimiz iddia edir ki, “Neftçi” bu gün əksər klub rəhbərlərinin gənc uşaq məşqçilərini mübtəla etdikləri “nəticə vermək” bəlasına yoluxmayıb: “Akademiyamısın əsas məqsədi futbolçu yetişdirməkdir. Mən onu deyə bilərəm ki, uşaq futbolu üçün nəticə önəmli deyil. Bu sahədə əsas məsələlərdən biri, bəlkə də birincisi istedadlı futbolçuları Azərbaycan futboluna bəxş etməkdir. Bu yaşda qazanılan uğurdansa, gələcəkdə istedadlı oyunçuların daha böyük uğurlar əldə etməsini üstün sayırıq. Bu baxımdan bir mütəxəssis kimi onu deyə bilərəm ki, məqsəd nəticə yox, futbolçu yetişdirmək olmalıdır. Bu nüans bizim komandada əsas hədəf kimi götürülüb. Rəhbərliklə də danışmışıq və onlar bizim futbolçu yetişdirməyimizi nəticədən üstün sayırlar. Düşünürəm ki, uşaq futbolu üçün ən doğru yol budur. Bizim hal-hazırda 7 futbolçumuz Azərbaycanın U-17 komandasında, Mirbağır İsayevin rəhbərlik etdiyi heyətdə mübarizə aparır. Ötən aya kimi bizim komandamızdan 7 nəfər U-19-a çağırılıb. U-15 və U-16 komandalarının da hər birinə 5-6 futbolçu göndərə bilmişik. Qeyd etdiyim nüanslar icra etdiyimiz proqramın sadəcə bir bəndidir. Orada qeyd olunur ki, əsas məqsəd Azərbaycan futboluna futbolçu yetişdirməkdir. Biz də buna xüsusi diqqət edirik və uğurlu nəticələr əldə etmişik. Akademiyanın vəzifəsi də odur. Bilirsiniz, uşaq və yeniyetmə yaşlarında nəticə qazanmaq boş şeydir. Komandalar var ki, birinci yer tuturlar, amma futbolçu yetişdirmək məsələsini ikinci plana atıblar, yığma komandalara heç bir futbolçu da göndərə bilmirlər. Bu, əlbəttə ki, həmin klubların gələcəyi üçün yaxşı heç nə vəd etmir”.

İcra etdikləri hazırkı proqramın qənaətbəxş olduğunu desə də, Eldar Bədəlov növbəti proqrama əlavələr ediləcəyini də vurğulayır. Ancaq bunun üçün rəhbərliyin razılığının da mühüm olduğunu əlavə edir: “Hazırkı proqramımız, demək olar ki, komplektləşib. Gələcəkdə bir-iki xırda əlavə və dəyişiklər etmək fikrindəyik. Hazırda icra edilən proqram çərçivəsində o qədər işlər görülüb ki, qarşımıza çıxan bütün xırda problemləri nəzərə alırıq. Hər birinin həlli üçün yollar axtarırıq ki, gələcəkdə həmin problemlərlə qarşılaşmayaq. Məşqçilərimiz bu istiqamətdə yaxşı işləyirlər. Bəzi məqamlar var ki, gündəlik tələbatdır, bəzən yeni texnologiyalardan istifadə, ümumiyyətlə, məşqçilərin yetirmələrinə aşılamağı üçün yeni məsələlər olur. Biz onların hamısını nəzərdə saxlayırıq və istifadə etməyə çalışırıq. Ümumi götürdükdə, hazırkı layihəmizi normal hesab edirəm və böyük ehtimalla, əsas məqamlar toxunulumaz qalacaq. Ancaq müəyyən yeniliklər ediləcək ki, bu yeniliklər də futbolun və daimi inkişafın tələbidir. Əgər futbol sahəsi yerində addımlayan olsa idi, uzunmüddətli proqramla hər dəfə işləmək olardı. Ancaq futbol belə sahələrdən deyil. Təbii ki, bir proqramla iki-üç il ardıcıl işləmək olmaz, orada hətta xırda olsa da, mütləq dəyişiklik etmək qaçılmazdır. Bu Avropa və ümumilikdə dünya təcrübəsində də belədir. “Neftçi”də işlərini müasir standartlara uyğun səviyyədə həyata keçirir. Biz akademiya üçün xüsusi proqram hazırlamışıq. Həmin proqramda dəqiqliklə göstərilib ki, A komandası hansı sistemdə, B komandası hansı sistemdə oynamalıdır, məşqçi hansı kateqoriyada olmalıdır, neçə nəfər uşaq işləməlidir və s. Bu cür xırda məsələlərə kimi bölgü aparmışıq və rəhbərliyə təqdim etmişik. Hazırda dediyim məqamlar öz təsdiqini gözləyir. Əgər rəhbərlik ideyalarımıza müsbət yanaşarsa, artıq bu yöndə də işlərə başlayacağıq”.

Əməkdar məşqçi ilə uşaq futbolundakı problemlərdən də danışmaya bilməzdik. Və başlayırıq yüksək keyfiyyətli meydançaların yoxluğundan: “Komandalar meydança baxımından əziyyət çəkirlər. Bizim klubda infrastruktur qaydasındadır, işlər görülür, meydançalar tikilir, ancaq digər klublarda vəziyyət heç də ürəkaçan deyil. Bizə “Dalğa Arena”, “Bayıl Arena” kimi stadionlar verilir. Bu baxımdan bir az səpələnmiş formadayıq və yoxlanış etməkdə çətinlik çəkirik. Bizim yaş qruplarımız ayrı-ayrı yerlərdədir. Bu da işimizə müəyyən qədər çətinlik yaradır. Amma gələcəkdə AFFA-nın da planında mərkəzə yaxın komplekslərin tikintisi nəzərdə tutulur. Bilirsiniz, bizə çoxlu meydanlar lazımdır, çünki bölgələrimizdə istedadlı oyunçular çoxdur, onlar birlikdə məşq etməlidilər. “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarında çıxış edən 10 uşaq müxtəlif bölgələrdəndir. Rəhbərlik tərəfindən onların təminatı üçün maliyyə vəsaiti ayrılıb. Gəncədə, Qəbələdən və Mingəçevirdən uşaqlar var. Onların təhsili ilə bağlı məsələləri də öhdəmizə götürmüşük. Hamısı ciddi nəzarətdədir. Bölgələrdən uşaqların cəlb edilməsinə diqqətin artırılması labüddür, çünki əyalətlərdə istedadlı oyunçular çoxdur. Bakıda klublar kifayət qədərdir və hamısı ayrı-ayrı yerlərdə çıxış edirlər, bu baxımdan istedad seçmək bir qədər çətindir. Ancaq rayonların hamısında bu imkanlar yoxdur, bölgələrdəki istedadları unutmaq lazım deyil”.

Şübhəsiz, hər sahədə olduğu kimi, futbolda da əsas problemlərdən biri yaxşı mütəxəssis qıtlığıdır. Eldar bəy bu məqamı da qabardır və uşaq məşqçilərinin maaşlarının az olmasını vurğulayır: “Bizə uşaq futbolu üçün yaxşı mütəxəssislər lazımdır. Bunun üçün əməkhaqqı yaxşı olmalıdır. Belə olduqda məşçilər daha həvəslə, yaxşı işləyər və Azərbaycan futbolu üçün öz bacardığını əsirgəməz. Bizim klubun məşqçilərinin əksəriyyəti “B” kateqoriyalıdır. Bir-iki nəfər “C” kateqoriyalı məşqçimiz var ki, onları da məcburi oxumağa göndəririk. Etiraz edən olsa, ölçü götürüb başqa məşqçi cəlb edirik. Onu deyim ki, komandalarımızda daha çox gənc məşqçilərə üstünlük veririk. Çünki gənc futbolçular kimi, Azərbaycana gənc mütəxəssislər də lazımdır. Uşaq futbolunda 30 ildən artıq təcrübəm var. Bu, az müddət deyil. Mən Sovet futbolunu, müstəqillikdən sonrakı mərhələni görmüşəm və hər cür çətinliklə qarşılaşmışam. Azərbaycan futbolunun ən çətin dövrünü keçmişəm, hansı ki, hər klubda bir-iki yaş qrupu üzrə komandalar var idi. İndi əvvəlki kimi deyil, şərait yaradılıb. Məşqçilərin və uşaqların inkişafı üçün, demək olar ki, hər şey var. Şübhəsiz ki, həmin illərə baxanda xeyli inkişaf var. Artıq komandalar da çoxdur, uşaqlar da. Düşünürəm ki, gələcəyimiz yaxşı olacaq, sadəcə səbir lazımdır”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Son yazılar

Yuxarı