Layihə

LAYİHƏ: AFFA rəsmisi:”Kağızda yazılanların yerində icra olunduğunu görə bilmirik”

10.08.2017 , 16:24

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində beşinci yazısı
“Gənclər futbolunun inkişaf proqramı”nın əsas məqsədi klublarda düzgün məşq prosesinin tətbiqi, ölkəmizdə istedadlı futbolçuların üzə çıxarılması, yeniyetmələrin uşaq-gənclər komandalarından əsas heyətə yüksəlməsinin təmin edilməsi, Azərbaycan müxtəlif bölgələrində gözdən itən potensiallı uşaqların futbol məktəblərinə, internatlara və akademiyalara cəlb olunmasıdır. Bu yazıda proqramın həyata keçirilməsinə birbaşa nəzarət edən qurumlardan biri olan AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun  fikirlərini öyrəndik. 
– “Gənclər futbolunun inkişafı proqramı” nə vaxtdan lisenziyalaşdırmanın şərtləri sırasına daxil edilib? Əvvəldən “A” dərəcəli meyardır, yoxsa nə vaxtsa “B” dərəcəli meyar olub?
– UEFA lisenziyalaşdırma sistemini tətbiq edəndən bu meyar “A” dərəcəlidir. Həmin vaxtdan, yəni 2004-cü ildən heç bir dəyişiklik olmayıb.
– Kağız üzərində yazılanla təcrübədə görülən həmişə fərqli olub. Maraqlıdır klublarımızın bu sistemə yanaşma tərzi necədi?
– Açığını deyim ki, klubdan-kluba fərq var. Demək olmaz ki, hamısı “yola verir”, ancaq, bəli, elələri də var, çünki biz bəzən kağızda yazılanların yerində icra olunduğunu görə bilmirik. Bəziləri məsuliyyətli yanaşır, ancaq, təəssüflər olsun ki, bəziləri yox. Təcrübəli klubların özləri də anlayır ki, bu meyarı ödəmək önəmlidir və yaxşı formada icra etməyə çalışırlar. İdman meyarlarında başqa bir maddə də var: uşaq-gənclər komandalarının mövcudluğu və onların AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakı. İrəli sürülən tələblər, ən azı, klubları uşaq-gənclər futbolunu inkişaf etdirməyə yönəldir. Bu çox önəmli sahədir. Hər bir klub idarəçisi dərk etməlidir ki, uşaq futbolu yoxdursa, klubun gələcəyi “qaranlıqdır”. Futbolumuzun tarixinə nəzər saldıqda, uşaq futbolu olmayan komandaların dağıldığının dəfələrlə şahidi olmuşuq.
– Çox maraqlıdır, indiyədək hansısa klubun bu meyarı yerinə yetirmədiyi faktı aşkarlanaraq xəbərdarlıq edilibmi, həmin komanda sanksiya ilə üz-üzə qalıbmı?
– Azərbaycanda belə bir fakta rast gəlməmişəm. Çünki bu meyara görə xəbərdarlıq tətbiq oluna bilməz, axı bu meyar “A” dərəcəlidir. Bunun iki yolu var – ya yerinə yetirilir, ya da yox. Amma Avropada belə halın olduğunu deməliyəm.
– Hansı klubların “ilişdiyi” çox maraqlı gəldi. 
– Təəssüflə qeyd etməliyəm ki, həmin klubların adlarını bizə demirlər, yalnız ölkələrin adlarını açıqlayırlar. Əslində bu çox rast gəlinən hadisə deyil, ancaq ötən mövsümlərin statistikasını bizə göstərmişdilər və orada Avropada bir-iki klubun bu səbəbə görə lisenziya almadığı qeyd olunmuşdu.
Belə görünür ki, “köhnə dünya” ölkələrində bu işə çox ciddi yanaşırlar. Yerli federasiyalar bu meyarın tam olaraq yerinə yetirilmədiyi qənaətinə gəldikdə, cəza qaçılmazdır. Klublar özləri bu işdə maraqlı olmalıdır, oturub cəza verilməsini gözləmək olmaz. 
– Ötən dəfə açıqlamanızda bildirmişdiniz ki, Lisenziyalaşdırma qrupunda klubların bu proqramı hansı formada yerinə yetirdiklərini yoxlaya bilən mütəxəssis yoxdur. Bunun üçün Məşqçilər Komitəsinə müraciət etmişdiniz. Komitə ilə iş birliyiniz necə davam edir və ümumiyyətlə, davam edirmi?
– Əslində, proqram bir neçə bənddən ibarətdir. Yəni bir çoxlarının düşündüyü kimi, tək məşqlərin keçirilməsindən ibarət deyil. Orada infrastruktur, maliyyə, hakimlik, tibbi və s. məsələlər var. Bəli, məşqlərin keçirilməsi üçün biz mütəxəssislərə müraciət edirik. Bu da başadüşüləndir, çünki, bizim qrupda mütəxəssis yoxdur. Digər sahələrə biz özümüz nəzarət edirik. 2012-ci ildə UEFA qaydalarda belə bir dəyişiklik etdi. Əvvəllər “Uşaq-gənclər futbolunun inkişafı proqramı” lisenziar – yəni yerli federasiyalar tərəfindən təsdiq olunmalı idi. Bizdə də sənədlərlə tanış olduqdan sonra texniki direktor bunu təsdiq edirdi. Lakin 2012-ci ildə edilmiş dəyişikliyə əsasən, yerli federasiya sözügedən proqramı həm təsdiq etməli, həm də yoxlamalıdır. Təbii ki, bu daha genişşaxəli bir işdir. Ən maraqlı məqam ondan ibarətdir ki, yeni qaydalarda yoxlamanı hansı qurum tərəfindən aparılmalı olduğu qeyd edilməyib. Məsələni belə gördükdə biz rəhbərliyə təklif etdik ki, proqramın icrasını Məşqçilər Komitəsi
Texniki Departamentlə birlikdə yoxlasın. Bu daha effektli və faydalı olar. Keçən il Məşqçilər Komitəsinin üzvləri bütün lisenziya iddiaçılarının akademiyalarını ziyarət etməklə ediblər, vəziyyətlə yerində tanış olublar. Orada hesabatlar hazırlanıb. Klublarla bu məsələ ətrafında geniş müzakirələr aparılıb. Bizdə proqramları texniki direktorla yanaşı, Məşqçilər Komitəsinin sədri də təsdiqləyir. Təbii ki, digər bəndlərlə bağlı Lisenziyalaşdırma qrupunun rəyi nəzərə alınır. Məncə, bu çox müsbət haldır. Çünki klublar görür ki, yoxlanılırlar və daha məsuliyyətli olurlar, təcrübəli məşqçilərimizin tövsiyələrini nəzərə alırlar. 
– Yəni Məşqçilər Komitəsinin işi rəy verməkdir…
– Rəy verir və onun əsasında qərar qəbul edirlər ki, proqram təsdiq olunur, ya yox.
– Bu günə qədər mənfi rəy alan olubmu?
– Məşqçilər Komitəsi cəmi bir ildir ki, işə cəlb edilib. Onlar ilk ildə sadəcə tövsiyələrini verdilər. Növbəti mövsümdə də monitorinq davam edəcək. Düşünmürəm ki, hər hansı ciddi çatışmazlıq olsun. Ola bilsin, hansısa məşq prosesi ilə bağlı tövsiyələr verilsin ki, bu yaşda bu “yükləmə” olmalıdır, məşqlər filan qədər keçirilməlidir və s. Yəni, bir növ, təcrübəli məşqçilərlə klubların uşaq çalışdırıcıları arasında təcrübə mübadiləsi aparılır. Ancaq ümumilikdə mənfi rəy olmayıb.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı