Layihə

LAYİHƏ: Əlçatmaz qrup və xərəkdə Moskvaya yola salınan Hacıyev! – Tahir Süleymanovun xatirə yazısı

05.04.2017 , 10:07

Korner.az və Sportfm.az saytlarının “Nefçi” – 80: ağ və qara tarix” layihəsi çərçivəsində xatirə yazısı

Bu mövsüm futbolçuların və məşqçilərin “dolub-boşalan” quyuya döndərdiyi Azərbaycan futbolunun bayraqdarı, yubiley ilində uğursuz çıxışı, azarkeşlərlə arasında yaranan “mehriban düşmən” münasibəti ilə yadda qalır. Ancaq bu həmişə belə olmayıb. “Neftçi”nin şanlı tarixinin səhifələrini vərəqləmək üçün klubun sabiq vitse-prezidenti Tahir Süleymanovla geriyə boylandıq. Tahir bəyin qələmə aldığı xatirələrində indiyə qədər bilinməyən bir çox məqamlar ortaya çıxdı. 

“Çoxları haqq etmədikləri milyonları “qazanır”, mövsümləri yola verirdilər”

“2004-cü ildən başlayaraq Azərbaycan futboluna 100 milyonlarla vəsait yatırıldı, yeni klublar yaradıldı, köklü klubların bəziləri bərpa olundu. Durğunluq dövründən sonra ölkə futboluna inam yaranmışdı. Daxili çempionatın oyunlarına 15-20 min azarkeş gəlirdi. Ümid var idi ki, güclü rəqabətə çevirilən çempionatda klublarımız inkişaf edəcək və nəhayət ki, Avropada çıxışları ilə xalqımızı sevindirəcəklər. İlk illərdə “Neftçi” “Birlik kuboku”nu qazanaraq ümidləri doğrultdu. Ermənilər üzərində qələbə isə ikiqat sevincli idi. Zəifləmiş turnir olsa da ardınca “Xəzər Lənkəran” və “İnter”də bu uğuru təkrarladı. Avropada isə nəticələr ürəkaçan deyildi. 1-2 mərhələ ilə kifayətlənilirdi. Milyonlarla vəsaitin xərclənməsi fonunda klubların uğursuzluğu azarkeşləri narazı salırdı. Əsas səbəb ümumi futbolda olan idarəçilik problemləri ilə yanaşı, aparıcı klublarda işini bacarmayan, futbolda təsadüfi insanların olması idi. Çoxsaylı legioner futbolçuların Azərbaycana axışması ilə yanaşı adlı-sanlı əcnəbi məşqçilər də klublarda çalışırdı. İctimaiyyətdə narazılıqları aradan qaldırmaq üçün “uğur xofu” yaradıldı. Yerli, əcnəbi mütəxəssislər, klub rəsmiləri Avropada nəticə qazanmağın qeyri-mümkün olduğunu bir ağızdan söyləyərək futbol ictimaiyyətini inandırdılar ki, Avropanı unudun. Bir mərhələ, bəxt gətirsə iki mərhələ keçilsə “papağınızı göyə atın”. Hətta, dünya  şöhrətli Toni Adams klublarımızın qruplara çıxmaq proqnozunu da verdi-2020-ci il…Beləcə çoxları haqq etmədikləri milyonları “qazanır”, mövsümləri yola verirdilər. Klublarda, futbolda  çalışan, futbolu ən yaxşı halda həvəskar səviyyədə qavrayan rəsmilərə, illərdi Azərbaycan futbolunda “nağıl” danışan yerli futbol adamlarına belə durum tam olaraq sərf edirdi.”Bakı” və “Qarabağ”ın pley-off səddini aşa bilməməsi, baxmayaraq ki, həmin dönəm üçün uğur sayılırdı, qrupların həqiqətən əlcatmaz olduğu fikirini tam olaraq formalaşdırırdı. 

“O sözü dillərinə gətirməyə çəkinirdilər!”

Millinin də ümidsiz çıxışı ilə ölkə futboluna inamı get-gedə azalırdı. Bir tərəfdən də ölkənin flaqman klubu olan “Neftçi” Gede dönəmini yaşayırdı. Biabırçı çıxışlara son qoymaq üçün “Neftçi”də çox ciddi islahatlar aparıldı. Klub rəhbərliyi və məşqçilər dəyişdirildi. Həmin ərəfədə mən vitse-prezident vəzifəsinə dəvət aldım. Kluba yeni təyin olunan prezident Sadıq Sadıqovla yaxın 3-5 ilin strategiyasını hazırladıq. Yeni rəhbərlik və məşqçilər korpusu formalaşdırdıq. “Neftçi” altı il idi ki, çempionluq üzünə həsrət idi və durumu yaxşı deyildi. Buna baxmayaraq, strateji planımız və iddiamız klubu krizisdən dərhal çıxartmaq, minimum hədəf kimi çempionluq və ya ölkə kubokunu qazanmaqla yanaşı, 2-3 mövsümə qruplara vəsiqə qazanmaq idi. Bu həmin dönəm idi ki, Azərbaycan futbolunda hamı, klub rəsmiləri, əcnəbi və yerli məşqçilər nəinki qrup iddiasını, qrup sözünü belə dillərinə gətirməyə çəkinirdi. Mətbuat konfansı keçirərək “Neftçi”nin planlarını açıqladıq və ölkə miqyasında 100-ə yaxın jurnalist qarşısında qəti sözümüzü deyərək, “Neftçi”ni yaxın 1-2 mövsümdə qruplara daşıyacağımızı bildirdik.Və çox böyük psixoloji təzyiqlə üzləşdik. Həmin anda jurnalistləri, ictimaiyyəti başa düşürdük. 5-6 ildə məqsədli olaraq uğursuzluqlarını ört-bastır edənlərin “təbliğat”ı öz işini görmüşdü. Komandaya böyük inamsızlıq vardı. Bütün bunlara baxmayaraq, iddiamızı əsaslandıraraq buna nail olacağımızı əminliyimizi vurğuladıq. Eyni zamanda qəti qərara alındı ki, yalnız yerli məşqçilərlə çalışaq. Yeni mövsüm üçün komandanın formalaşdırılmasına start verildi. Mən və Bəxtiyar Musayev Braziliyaya, baş məşqçi təyin olunan Arif Əsədovla, Elnur Əşrəfolğlu Avropa səfərinə çıxdıq. Səviyyəli futbolçular Flavinyo, Mitreski, Nasimov kimi legionerlərlə yerli gənc, istedadlı futbolçuların vəhdəti yaradıldı. 6 illik həsrətdən sonra “Neftçi” ilk dəfə çempion oldu. Avropada UEFA klub reytinqi çox zəif olduğu üçün Xorvatiyanın güclü “Dinamo” Zaqreb komandası qarşımıza çıxdı.
Onlarla görüşlərdə komandanın hansı mövqelərinin daha da gücləndirilməsini aşkarladıq. Yeni baş məşqçi Böyükağa Hacıyevlə yolumuzu davam etdirdik. Klubda çalışdığımız ikinci mövsümü də çempion kimi başa vurduq. Qrup hədəfinə çatmaq üçün çox riskli, eyni zamanda düşünülmüş addım atdıq. Ardıcıl 2 mövsümdə çempion olmağımıza baxmayaraq, heyətin yarıdan çoxunu dəyişdik. R.Sadiqov, J.Vobay, N.Kanales, B.Bertuççi, E.Ramos kimi futbolçular komandaya cəlb olundu. Artıq Türkiyə və Avstriyada keçidiyimiz təlim-məçq toplanışları, yoxlama görüşlərində komandanın səviyyəsinin artdığı və özünəinamı hiss edirdik. Güclü rəqiblərlə oyunlarda futbolçularımız gözəl təsir bağışlayırdı. Klubda olan mehriban mühit isə daha da gücümüzə güc qatırdı. Belə bir durumda deyərdim ki, istər peşəkar, istərsə mənəvi baxımdan imtahana çəkildik. Təsəvvür edin, Çempionlar Liqasının “Zestafoni” ilə görüşünə bir həftə qalmış baş məşqçisiz qaldıq. Avstriyadan geri döndükdən sonra Böyükağa Hacıyevin səhhətində ciddi problem olduğu üçün dərhal Moskvaya əməliyyata göndərildi. Bəli, yollanmadı,  təyyarədə xüsusi  yer ayrılaraq xərəkdə yola salındı. Sağlamlıq durumu kritik idi. Rəhbərlik olaraq üzərimizə böyük məsuliyyət düşürdü. Nə etməli? Operativ olaraq klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirdik. Komanda baş məşqçisiz qalmışdı. Məsuliyyəti öz üzərimizə götürərək məşqçilər korpusu ilə yolumuzu davam etdirmək qərarına gəldik. Təsəvvür edin “Zestafoni”yə məğlub olsaydıq nələr baş verəcəkdi. Heç kimin mənəvi dəyərlər yadına düşməyəcək, baş məşqçisiz yola çıxdığımız üçün  qeyri-peşəkarlıqda suçlanacaqdıq. Eyni zamanda xalqımıza söz verdiyimiz qrup iddiamızın da üstündən xətt çəkmiş olacaqdıq. Mənəvi olaraq bu bizim üçün ölümə bərabər idi. Qeyd etdiklərimi göz önünə gətirmişdik. Özümüzə, kollektivə, yaratdığımız mühitə, futbolçularımıza inanırdıq. İlk oyundaca “Zestafoni”nin qapısından birnəfəsə 3 top keçirərək cütün taleyini həll etdik. Qarşıda bizi İsrail səfəri gözləyirdi…

“Qapımıza gələn hər top qolla nəticələndi”

Çox ağır səfər alındı. Qısa müddətdə iki ardıcıl səfər oyununa çıxırdıq. Gürcüstanda baş tutan oyunun Zestafonidə keçirilməsi, hava limanının olmaması, 5-6 saat avtobusla yol qət etməyimiz və eynilə Tel-Əvivdən Hayfaya yolçuluq, futbolçularda müəyyən yorğunluq yaratsa belə komanda özünə inamlı idi. Oyunun ilk dəqiqələrindən “Neftçi”nin rəqibdən geri qalmadığı aydın görünürdü. Belə bir oyunda, demək olar ki, qapımıza gələn hər top qolla nəticələndi. Nə biz, nə də rəqib belə bir nəticənin necə alındığına inanırdı. Artıq cavab görüşünün əhəmiyyəti qalmırdı, Avroliqanın qrupu yolunda pley-off mərhələsini düşünərək, ağır məğlubiyyətin səbəbləri araşdırılmalı idi. Görüşdən sonra elə İsraildə klub prezidentinin razılğı ilə toplantı keçirildi. Mən, Güloğlan Cabbarov, Gündüz Abbaszadə, Mübariz Xudiyev, Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Nebo (qapıçılar üzrə məşqçi Neboyşa Manoyloviç – red.), klubun maliyyə departamentinin üzvlərinin iştirakı ilə müzakirələrdən sonra klub prezidentinə rəsmi raport verildi. Sadıq Sadıqovun rəhbərliyi ilə məsələlərə baxılaraq, mühüm qərarlar qəbul olundu. Bakıya döndükdən sonra Mahir Şükürov komandaya cəlb olundu. Bu vaxt artıq baş məşqçi də əməliyyatdan uğurla çıxaraq komandaya qoşuldu. Qarşıda bizi Çempionlar Liqasının ¼ final mərhələsinə çıxmış və “Real” Madridlə oynamış güclü Kipr təmsilçisi APOEL gözləyirdi. İsraildəki məğlubiyyət və pley-off mərhələsində rəqibin çox güclü olması, psixoloji olaraq ilk görüşdə öz təsirini göstərdi. 1-1 hesabı ilə nəticələnən oyun rəqibə cavab görüşündə üstünlük verirdi. Eyni zamanda bərabərə qalmağımıza baxmayaraq, futbolçuların və ümumilikdə bizim özümü inamı artırmışdı. Biz heç də onlardan zəif deyildik. Kiprə yollanmazdan öncə bazada geniş toplantımız oldu. Açıq bildirdik ki, qələbəyə kim inanmırsa səfərə çıxmasın. Məşqçi və futbolçularla səmimi söhbətdən sonra 15-ə yaxın jurnalistlə Kiprə yola düşdük. Sonrasını hamınız bilirsiniz. Biz tarix yazaraq, ilk dəfə qrup mərhələsinə düşən Azərbaycan klubu olduq”.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

Yuxarı