Çempionlar liqası

“Kukesi”nin baş məşqçisi: “Qarabağ” qarşısında bunu bacaracağıq”

31.07.2018 , 21:45

“Bizim üçün çətin oyun olacaq. Bu sözləri “Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib.

Albaniya Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

Oyundan öncə keçirilən mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Qarşılaşmada ciddi hazırlaşmışıq. Futbol sürprizlərlə dolu oyundur. Ümid edirəm ki, “Qarabağ” qarşısında bunu bacaracağıq”.

– Əlavə vaxta hazırlaşmısınız?

– Daha öncə dediyim kimi, bunu bilmək olmaz. Penaltilər seriyasına hazırlaşmışıq. Ancaq oyunun taleyini 90 dəqiqə ərzində həll etməyə çalışacağıq.

– Futbolçularınızın Bakıya hissə-hissə gəldiyi ilə bağlı xəbərlər yayılıb. Bu, doğrudur?

– Əlbəttə, belə hal olub. Viza ilə bağlı problem var idi. Kosovo vətəndaşı olan futbolçumuzu Bakıya gətirə bilmədik. Biz futbol üçün Bakıya gəlmişik, belə halın yaşanmasını istəməzdik. Əsas odur ki, bütün komandamız Azərbaycandadır. Sabahkı oyuna yaxşı hazırlaşmışıq, ümid edirik ki, problem yaşamayacağıq.

– İki futbolçunuz – Rüstem Hoca və Velon Eteminin adı “Keşlə” ilə hallanır. Bu xəbərlə bağlı hansısa məlumatınız var?

– Bununla bağlı məlumatım yoxdur. Ümumiyyətlə, bu barədə düşünmürəm. Bəlkə də, gizlin-gizlin işlər görürlər. Əgər belədirsə, bu, yaxşı durum deyil.

– İlk oyunda hücum etməkdə çətinlik çəkirdiniz. Sabah fərqli “Kukesi” görə biləcəyik?

– Evdə jurnalistlər bizə bu qədər təzyiq etməmişdi. Bu, bizim işimizi daha da artırır (gülür). Bizim əsas işimiz nəticə qazanmaqdır. Maksimum olaraq, ağıllı və səbrli futbol oynamalıyıq.

– Oyunu kifayət qədər azarkeş izləyəcək. Buna hazırsınızmı?

– Buna hazırıq. Mən özüm də belə oyunlarda meydana çıxmışam. Əsas odur ki, futbol oynamağı bacarırıq. Əsas hədəfimiz istənilən şəraitdə mərhələ keçməkdir.

– “Kukesi” ölkəsinin çempionu deyil, məlum səbəblərdən bu turnirdə “Skenderbeu”nu əvəzləyib. Əgər sabah məğlub olsanız, bu, bəhanələrdən biri olmayacaq?

– Biz avrokuboklarda uğurlu illər keçirmişik. Bu hörməti haqq etməliyik. Biz Albaniyanı təmsil edirik. Odur ki, “Şkenderbeu” və “Kukesi”nin fərqi olmamalıdır.

Son yazılar

Yuxarı