Çempionlar liqası

“Kukesi” – “Qarabağ” matçı niyə canlı yayımlanmır?

25.07.2018 , 14:11

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Kukesi” ilə qarşılaşacaq. Amma Azərbaycan çempionunun Albaniya klubu ilə oyunu böyük ehtimalla, yenə hansısa telekanalımız tərəfindən yayımlanmayacaq. “Qarabağ”ın ÇL-in 1-ci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sı ilə səfər görüşü də tv-də canlı yayımlanmamışdı.

Texnologiyanın tam sürətlə inkişaf etdiyi 21-ci əsrdir və sənin çempion komandan Çempionlar Liqasında oyuna çıxır, amma sən bu qarşılaşmanı izləyə bilmirsən… Buna görə sosial şəbəkələrdə narazılıq edən azarkeşləri, insanları anlamaq olar.

Azərbaycanda iki idman kanalı – “İdman Azərbaycan” və “CBC Sport” fəaliyyət göstərir. Hər iki kanalın fəaliyyəti üçün də dövlətdən xeyli vəsait ayrılır. Belədisə, niyə hər dəfə azərbaycanlı futbolsevərlər klublarımızın avrokuboklarda oyunları zamanı internetin canına düşüb, matçları izləmək üçün sayt, link axtarmalıdır?

“Kukesi” – “Qarabağ” matçını canlı yayımlayacağına ümid etdiyimiz telekanallardan birinin – “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Şəmsəddin bəy Komanda.az-a açıqlamasında bunları dedi:

“Biz Albaniya tərəfi ilə ilk gündən danışıqlara başlamışıq. Amma bizim təklifimiz siqnalların barter edilməsidir. Albaniya tərəfi buna razılıq vermir. Hazırda danışıqları davam etdiririk. Amma əks tərəfə barterdən başqa bir təklif irəli sürə bilmirik. İstənilən halda, müsbət cavab aldıqda bu haqda dərhal “öz facebook” və internet səhifəmizdə məlumat verəcəyik”.

Sonda, “Kukesi” – “Qarabağ” matçını tv-də canlı izləmək arzunuz reallaşmasa, saat 21.00-da start götürəcək qarşılaşmaya “Qarabağ”ın “youtube” kanalından baxa bilərsiz.

(komanda.az)

Son yazılar

Yuxarı