“Krılya Sovetov”un baş məşqçisi: “Ramil Şeydayevə haqq qazandırmıram”
29.04.2019 , 10:10

Rusiya Premyer Liqasının 26-cı turunda “Zenit”ə səfərdə 2:4 hesabı ilə uduzan “Krılya Sovetov”un baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.
Monteneqrolu mütəxəssis qarşılaşmada qırmızı vərəqə alan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev barədə danışıb. O, futbolçusunu günahlandırmayıb:
“İlk sarı vərəqə epizodunda Şeydayev deyil, hakim emosiyalarını cilovlaya bilmədi. Ramilə haqq qazandırmıram. Niyə də bunu edim? Sadəcə, davaya rəqib oyunçu başladı. Şeydayev heç nə etməmişdi”.
Şeydayev 48-ci dəqiqədə “Zenit”in müdafiəçisi Məhəmməd Ozdoevlə mübarizə zamanı yerdə qalıb. Hakimə penalti təyin etmədiyi üçün etiraz edən Şeydayev rəqib futbolçu ilə də münaqişə edib və sarı vərəqə alıb.
