“Əla komandaya qarşı oynayırdıq. Çətin olsa da, önə keçmişdik
Ancaq matçı necə bitirəcəyimizi bilmirdik, rəqib öndə pressinq tətbiq edirdi”. Bunu “Atletiko”nun yarımmüdafiəçisi Anxel Korrea deyib.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi La Liqanın X turunda öz meydanında “Vilyarreal”la qollu bərabərə (1:1) qalıb. “Atletiko”nun yeganə qolunun müəllifi olan Korrea artıq bütün diqqətlərini Azərbaycan çempionu ilə matça yönəltdiklərini söyləyib.
Argentinalı gənc futbolçu yerli mətbuata açıqlamasında qələbəyə ehtiyacları olduğunu vurğulayıb: “Vilyarreal”la görüşdə bir neçə qol vəziyyəti yaratdıq. Rəqibin müdafiə xəttini yarmaq da asan deyildi. Düşünmürəm ki, oyunumuzda geriləmə var. Güclü komandaya qarşı böyük səylə mübarizə apardıq. İndi öz meydanımızda daha bir finala bərabər oyun olacaq. Sakit olmalıyıq, çünki bizdə uğur çatmır. “Qarabağ”la oyuna ciddi yanaşırıq. Hər matçda olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacağıq. Mütləq şəkildə 3 xala ehtiyacımızın olduğunu bilirik. Hər şeyə sıfırdan başlayacağıq”.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı sabah “Vanda Metropolitano” stadionunda keçiriləcək.
