Albaniya səfərindən qayıdandan dərhal sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Böyükağa Hacıyev, eləcə də məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib.
Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və sabah saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bilidirib. Məşqçilər isə klub prezidentinin verəcəyi qərara razı olduqlarını söyləyiblər. “Skenderbu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.
