"Qalatasaray"ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Kluj"a qarşı keçirəcəyi oyuna təyinat alan hakim "sarı-qırmızılılar"ın yaddaşında xoş olmayan xatirə ilə qalıb.
Korner.az-ın məlumatına görə, görüşün iki yardımçı hakimindən biri olan Luka Banti "Cim-bom"un Avropa Liqasının 2009-2010-cu illər mövsümündə "Atletiko"yla (Madrid) oyununu idarə etmişdi.
"Əli Sami Yen" stadionunda baş tutan həmin matçda top cərimə meydançası daxilində Caner Erkinlə ikili mübarizəyə girən rəqib oyunçu Pereanın əlinə dəysə də, Banti penalti verməmiş və bu, Türkiyə mediasında mübahisələrə səbəb olmuşdu.
"Qalatasaray" həmin görüşdə 1:2 hesabıyla məğlub olaraq avrokuboklarla vidalaşmışdı.
Qeyd edək ki, sabah keçiriləcək "Qalatasaray – "Kluj" matçı Bakı vaxtı ilə 23.45-də başlayacaq.
