Avroliqada ölkəmizi təmsil edəcək klubların oyunlarının başlama saatı açıqlanıb. Korner.az-ın məlumatına görə, iyulun 5-də baş tutacaq qarşılaşmalar fərqli saatlarda başlayacaq. Avrokuboklarda çıxış edəcək komandalarımızdan ən tez meydana "Xəzər Lənkəran" çıxacaq. Lənkəranda baş tutacaq "Nomme Kalyu" ilə ilk qarşılaşma saat 20:00-a təsadüf edəcək.
Mövsümü üçüncü kimi qapayaraq Avropa Liqasında mübarizə aparacaq digər təmsilçimiz "İnter" isə bundan yarım saat sonra Estoniyanın Rakvere şəhərinin eyni adlı stadionunda meydana çıxacaq. "Bankirlər" "Trans" (Narva) ilə üz-üzə gələcək.
Avropa Liqasına hamıdan sonuncu qatılan isə “Bakı” olacaq. Onlar “Dalğa Arena”da Sloveniya “Mura”sını qəbul edəcək. Bu görüş saat 21:00-da başlayacaq.