Bu gün “Xəzər Lənkəran” İsrailin “Makkabi” klubuna Lənkəran şəhərində 0:8 hesablı məğlubiyyətindən sonra klubun baş məşqçisi Con Toşakın ölkəni tərk edrtək getməsi ilə bağlı xəbərlər yayılıb.
Korner.az-ın ANSpress-ə istinadən məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu barədə yayılan xəbərləri təkzib edib:
“Con Toşakın ölkədən qaçması xəbəri yalandır. Hazırda səhər məşqinə komandanı Toşak çıxarıb və məşq davam edir. Nəticəyə görə gecə saat 3-ə qədər klub daxilində müzakirələr gedib. Ola bilməz ki, bir komanda bir həftə əvvəl rəqib meydanında 0:2 hesabıyla məğlub olur, 4 real qol vəziyyəti yaradır, amma bir həftə sonra evində, azarkeşləri önündə 0:8 hesabıyla məğlub olur. Demək ki, kimlərsə 2 il əvvəl Mirça Rednikin başına gətirdikləri hadisəni təkrarlamaq istəyirlər. Amma bu dəfə komandanın baş məşqçisi yox, həmin futbolçular gedəcək”.
Konkret hansı addımların atılacağına gəlincə, H.Cəbrayıloğlu bildirib ki, bəzi futbolçular komandadan göndəriləcəklər.
