"Yaponiyaya da uduzduq". Hər dəfə bu tipli xəbərlərdə bu cümlənin feili dəyişmir. Dəyişən sadəcə addı.
Foqts da əzbərçiliyini davam etdirir. Kiminlə qarşılaşırıq-qarşılaşaq, qoca almanın oyundan əvvəl dediyi sözlər dilində bitib yəqin: " … millisindən öyrənməyə çalışacağıq". Almaniyanı başa düşdük, onlardan öyrəniləsi çox şey var. Amma bax Yaponiya millisindən niyə öyrənməliyik – bunu qanammıram. Çox yox, 25 il bundan əvvəl yaponların komandasını Bakıya gəlməyə peşman eləməmişdimi "Neftçi"? O vaxtın Azərbaycan millisi olan "Neftçi" deyildimi Yaponiyaya 10 top vurub geri göndərən? Dəyişən sadəcə zamandı…
Bugünkü oyundan sonra Foqts əkə yenə çıxıb gələcəyə hesablanmış addımlardan-zaddan danışıb. Guyamış, növbəti Avropa çempionatını fikirləşdiyi üçün gənclərə daha çox şans verir. Yalanın rəngarəngliyinə bax e! Qoca almanın gəncləşdiririk dediyi komandanın bugünkü "11-liyinin" yaşı 26-dı. Necədi? Gəncləşirikmi? Kiminlə? Çertoqanovla? Subaşiçlə? Bu komandanın ən gəncinin 21 yaşı var. Onlar da azərbaycanlı yox, Türkiyə əsilli türkdü – Əli Gökdəmirlə Ufuk Budak. Yeri gəlmişkən, start heyətdəki 11 nəfərdən 4-ü "geydirmə Azərbaycan vətəndaşı" idi. Hələ ehtiyatda qalan "Azərbaycanşünaslıq doktorları"nı demirik…
Kimə gəlirsən, qoca alman?
P.S. Əşi, vecinizə almayın, yaxşı bir təklif var: yığışın pivələnin… "Əldə bir qədəh şərab…"
