Rusiya Futbol İttifaqının keçmiş vitse-prezidenti Aleksandr Tukmanov “Birlik Kuboku”nun artıq keçirilməyəcəyi ilə bağlı verilmiş qərarı şərh edib.
Korner.az-ın məlumatına görə, o, sözügedən yarışın heç vaxt azarkeşlərdə xüsusi maraq oyatmasa da, keçmiş ittifaq ölkələrinin futbol funksionerləri, UEFA və FİFA rəsmiləri ilə görüşlər keçirmək üçün əlverişli mühit yaratdığını deyib.
“Hansısa futbol yarışının dayandırılması həmişə üzücüdür. Əgər bu gün “Birlik Kuboku”nu keçirmək üçün vəsait yoxdursa, bu, başadüşülən qərardır. Əvvəllər bütün xərcləri Rusiya Futbol İttifaqı öz üzərinə götürürdü. Bu gün pul yoxdursa, xərcləri iştirakçılar arasında bölmək olardı. Əgər belə bir cəhd olubsa və alınmayıbsa, heç nə deyə bilmərik. Bu yarış heç vaxt azarkeşlərin əlahiddə marağında olmayıb. Ancaq biz onun sayəsində keçmiş ittifaq ölkələrinin futbol adamları, FİFA və UEFA nümayəndələri ilə görüşlər keçirir, ümumi problemləri müzakirə edirdik. Bu cəhətdən turnir faydalı idi. Ancaq idman nöqteyi-nəzərdən əhəmiyyətli yarış deyildi”, – deyə Tukmanov bildirib.
