“Portuqaliya ilə oyunda milli komandanızın əzmkarlığı əsl rus xarakterinin göstəricisi idi. Ancaq təşkilatlanmaq baxımından meydanda heç nə görmədim”.
Korner.az-ın məlumatına görə, bu sözləri Rusiyanın “Sovetski sport” nəşrinə açıqlamasında Kazbek Tuayev deyib.
Təcrübəli çalışdırıcı bildirib ki, belə oyunla bir-iki oyunda nəsə qazanmaq olar, ancaq sonda mütləq “sürüşmə” olacaq: “Komandanız müdafiədən deyil, müdafiədə oynadı. Bir-iki dəfə rəqib qapısına yaxınlaşdılar, zərbə vurdular. Kapellonun əlinin altında bu qədər usta futbolçu var ikən, bu, sadəcə, biabırçılıqdı.
K.Tuayev millimizin çalışdırıcısı Berti Foqtsla bağlı fikirlərini də bildirib: “Əvvəllər ona iradlar var idi. Xüsusən də vaxtının çox hissəsini vətənində keçirtdiyinə görə. Amma indi Foqts tamamilə Bakıda yaşayır. İctimai həyatda aktiv iştirak edir. İndi pis işləmir. O gələndən bəri komanda oyununda, nəticələrdə müəyyən irəliləyiş hiss olunur. Misalçün, Türkiyəni Avropa çempionatında məğlub etdik”.
“Vaqif Cavadovdan qorxun. O, çox texnikalı oyunçudu və sürpriz etməyə qadirdi” – deyən K.Tuayev rus həmkarlarımıza “milliləşdirməylə” bağlı fikirlərini də bildirib: “Orta və ortadan da aşağı səviyyəli oyunçuların gətirilməsini bəyənmirəm. Bu, biabırçılıqdı”.
Çalışdırıcı son 3 ildə Azərbaycan futbolunda baş verən dəyişikliklərdən də danışıb. O bnildirib ki, indi futbolçular daha çox qazanırlar, aviaşirkətlər, banklar, böyük şirkətlər futbolu himayəyə götürüblər.
