Karikari: “Əsas odur ki, start heyətdə çıxış etdim”
19.08.2018 , 21:29

Bu gün Topaz Premyer Liqada ikinci tura yekun vurulacaq.
Turun mərkəzi görüşü olan “Neftçi” – “Qəbələ” matçı ev sahiblərinin qələbəsi ilə başa çatdı. Oyundan sonra “Neftçi”nin futbolçusu Karikari jurnalistlərin suallarını cavablandırıb.
– Bizim üçün çox vacib oyun idi. Ciddi hazırlaşmışdıq. Sadəcə öz şansımızdan istifadə edə bildik deyə qalib gəldik.
– Oyundan çıxarkən narazı idin…
– Hər oyunda, hər futbolçuda belə emosiyalar baş verə bilir. Mən baş məşqçinin qərarına ona görə etiraz etdim ki, komandaya daha çox kömək edə bilərdim.
– Bəlkə fayda verdiyini düşünməyib ona görə çıxarıb?
– Qol vurmaq hələ komandaya faydalı olmaq deyil. Mən özümü daha çox göstərmək, oyunun gedişində daha çox kömək etmək istəyirəm.
– Komandaya adaptasiya ola bilmisən?
– Komandada yeni olmağıma baxmayaraq, əsas heyətdə çıxdım. Bu, mənim üçün çox vacib və pozitiv bir amildir.
– Qol vurmaq üçün şanslar yarandı. Bəs nə mane oldu ki, fərqlənə bilmədin?
– Mənim bir neçə zərbəm çərçivəyə getdi, lakin qapıçı yaxşı oynadığına görə, qol olmadı. Buna baxmayaraq, hücumçu hər zaman çalışmalıdır ki, imkan yaratsın və qol vursun.
– “Qarabağ”a qol vura biləcəksən?
– “Qarabağ” güclü komandadır. Lakin biz sonacan mübarizə aparsaq, ona qarşı da şanslarımız olacaq.
– “Qarabağ”ın başı Avropa Liqasına qarışıqdır. Fürsətdən istifadə edib qələbə qazanmaq olar?
– Bizim üçün vacib deyil, onların fikri hardadır. Biz öz oyunumuza baxacağıq.
