42-ci Ümumdünya Şahmat Olimpiadasının IV turunda qadınlardan ibarət ikinci milli komandamızın üzvü, dördüncü lövhədə yarışan Nərgiz Umudova italiyalı Alessia Santeramonu məğlub edib.
Korner.az-ın məlumatına görə, görüşdən sonra təcrübəli şahmatçımız jurnalistlər üçün brifinq təşkil edib.
– Əvvəlcə görüş haqda fikirlərinizi bildirərdiniz.
– Bu gün İtaliyaya qarşı oynayırıq. Rəqibin heyətində 2 təcrübəli, 2 də gənc şahmatçı yer alıb. Son lövhədəki rəqibim Alessia Santeramo gənc şahmatçıdır. Ağlarla oynayırdım. Əvvəldən üstünlüyə yiyələndim və qələbə qazandım. Demək olar ki, oyun təkqapıya getdi.
– Belə çıxır ki, rəqibi yaxşı analiz etmişdiniz?
– Rəqib reytinqdə məndən aşağı idi. Bu halda qələbə qazanmalı idim. Sevinirəm ki, qarşıya qoyulan tapşırığın öhdəsindən gəldim.
– 4 turdan sonra ikinci milli komandamızın çıxışını necə dəyərləndirmək olar?
– Qarşıda hələ 7 tur var. Dünən təsadüf nəticəsində Almaniya ilə heç-heçə etdik. Rəqibim reytinqə görə 10-cu komanda olsa da, biz qələbə qazanmalı idik. Oyunların gedişindən əksəriyyət 3:1 hesablı qələbə gözləyirdi. Lakin ani diqqətsizlik heç-heçə oynamağımızla nəticələndi. Ümumiyyətlə, qarşılaşdığımız rəqiblər zəif deyil. Monqolustana qalib gəldik, almanlarla heç-heçə oynadıq. Bu gün üz-üzə gəldiyimiz İtaliya da güclü rəqibdir. Almanlar güclü olsalar da, heç-heçəyə görə çox əziyyət çəkməli oldular.
– Almaniya ilə görüşdə qələbəni əldən verdiyimizi qeyd etdiniz. Bu, kimin səhvi idi?
– Komanda yarışında belə hallar olur. Gərginlikdən son 2 oyunda gözlənilmədən səhvlər baş verdi və yekunda heç-heçə qeydə alındı. Kimisə günahlandırmaq düzgün deyil.
– 4 turdan 3-də oynamısınız. Qarşılaşdığınız rəqibərlə daha əvvəl görüşmüşdünüz?
– Xeyr, onlardan heç biri ilə daha əvvəl görüşməmişdim.
– Bu olimpiadada yer aldığınız komandanın kapitanı Sərxan Quliyevdir. Onun fəaliyyətini necə dəyərləndirmək olar?
– Kapitanımız Sərxan Quliyevdir. Anar Allahverdiyev də bizimlə birgə çalışır. Onun rəhbərliyi altında 2007 və 2008-ci ildə də çıxış etmişik.
– Lövhələrin seçimi ilə bağlı kapitan sizinlə məsləhətləşir?
– Xeyr, hər hansı məsləhət olmur. Yekun qərarı o özü qəbul edir.
– Bildiyimiz qədəri ilə tezliklə ailə həyatı qurmağa hazırlaşırsınız. Ailə həyatı qurduqdan sonra karyeranızı davam etdirəcəksiniz?
– Bəzi şeyləri hələ ki sirr saxlamaq istərdim.
– Hər halda, şahmata davam edib-etməyəcəyiniz maraqlıdır…
– Karyeramı davam etdirəcəyəm. Hətta bu yaxınlarda universitetə də daxil olmuşam. Xaricdə təhsil alacağam.
– Maraqlıdır, şəxsi məşqçiniz kimdir?
– Hazırda şahmatla daim məşğul olmuram. Əsasən yarışlardan öncə toplanışlarda iştirak edirəm.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
