"Kəpəz" qış fasiləsində baxışa dəvət etdiyi iki legioner futbolçu ilə müqavilə bağlayıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Mahmud Qurbanov Alan Soltanov və Vladislav Serebryakovun oyununu bəyənərək, onları komandada saxlayıb. Soltanov müdafiə xəttində çıxış edir. Serebryakov isə hücumçudu. Futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
Bu arada əsas komanda ilə yanaşı, "Kəpəz"in əvəzedici heyəti də sıralarına yeni futbolçular cəlb edib. "Dubl" fasilə müddətində iki oyunçu ilə güclənib. Bunlar qapıçı Novruz Rəhimov və yarımmüdafiəçi Elşad Əliyevdi.
Sonuncu MOİK-dən gəlib. Rəhimov isə Gəncə futbol məktəbinin yetirməsidir. O, hərbi xidmətdən qayıdıb. Qolkiper əsgərliyə gedənə kimi "Qəbələ" Futbol Akademiyasının üzvü olub.
