Ötən gün avrokuboklarda mübarizə aparan klublarımızın rəqibləri bəlli oldu. Korner.az-ın məlumatına görə, "Neftçi" Gürsüctan çempionu "Zestafoni", İnter" və "Xəzər Lənkəran", Estoniyanın "Trans" və "Nomme Kalyu", "Bakı" isə Sloveniya "Mura"sı ilə qarşılaşacaq. Korner.az saytı jurnalistlər arasında sorğu keçirdib. Hansı klubumuza daha münasib rəqib düşdü və ya, hansı komandadan uğur gözləmək olar. KİV bunları belə təhlil etdi:
Rəşad Ergün (“Komanda” qazetinin baş redaktoru) : Məncə, püşk avrokubok tarixində komandalarımız üçün heç vaxt belə münasib rəqiblər seçməyib. Dörd klubumuzun dördü də yetərincə arzulanan rəqiblərlə düşüb. Postsovet məkanından olmayan yegənə rəqib Sloveniya "Mura"sıdı ki, o da keçilməz deyil. Ümumiyyətlə, indiki məqamda dörd klubumuzun dördü də mərhələ adlamağı özünə borc bilməlidi. Bizimkilrər Zaqreb "Dinamo"suna, İsrail "Hapoel"inə, Belçika "Brügge"sinə uduzur və bəhanə gətirirlər ki, rəqibin səviyyəsi çox yüksək idi. Bu dəfə artıq bəhanə üçün yer yoxdu. Milyonları xərcləyib, "futbolu inkişaf etdiririk" deyənlər nəhayət, bunu əməldə göstərməlidi. Və bir daha deyirəm – bu ilki avrokubok mövsümü bunun üçün əla imkandı. Nə "Neftçi", nə "Bakı, nə "İnter", nə də "Xəzər Lənkəran" ilk turda uduzub, əvvəlki kimi bollu bəhanə gətirməyi unutmalıdı. Gürcüstan, Estoniya klubları ilə bacarmayacaqsansa, onda UEFA-dan xahiş et, gələn il qabaqına bizim "Ədliyyə"ni çıxarsın. Dörd klubun dördü də ilk mərhələni adlamağı özünə də olmasa, bu ölkəyə borc bilməlidi.
Kənan Məstəliyev (“Rekord.az” saytının redaktoru) : Məncə, püşk bütün klublarımızın üzünə gülüb. Bundan yaxşısını heç arzulamaq da olmazdı. İstər ÇL, istərsə də Avroliqadakı rəqiblərimiz keçiləsi komandalardı. "Zestafoni" Gürcüstan çempionu olsa da, bu heç bir əhəmiyyət daşımır. "Neftçi" bu klubu arxada qoymağa sadəcə, məcburdu. Yoxsa indiyə kimi verilən hay-küylü vədlərin arxasında durmaq asan olmayacaq.
O biri komandalarımıza gəlincə, onlar da bəxtdən gileylənməməlidi. "Bakı" rahatlıqla "Mura"ya qalib gəlməlidi. Ki, o bunu bir neçə gün əvvəl yoldaşlıq görüşündə edib. "İnter" və "Xəzər Lənkəran"a isə eston klubları düşüb. Bu ölkənin klub futbolu bizimkindən heç də güclü deyil və bu rəqiblər mütləq və mütləq dərəcədə keçilməlidi. Bir sözlə, ilk turda 4 klubumuzun 4-ü də mərhələni adlamağa borcludu. İstənilən büdrəməni biabırçılıq kimi qəbul edəcəm.
Əli Sahib (“Fanat.az” saytının baş redakrotu): Başlayaq “Neftçi”dən. “Zestafoni” kim deyirsə zəif fərqibdi yanılır. Onlar ötən il Avroliqanın “pley-off” matçında “Brügge” səddini aşa bilsəydilər bitrbaşa qrupa düşəcəkdilər. Fikirimcə “Neftçi” üçün çətin olacaq. Açığı inanmıram ki “Neftçi” mərhələ keçə. Ancaq mərhələ keçmək “Neftçi”nin borcudu.
“Xəzər Lənkəran” və “İnter”ə eston klubları rəqib olub. Bu rəqiblər heçdə asan komandalar deyil. Hal-hazıra onların çempinatı davam edir və formadadılar. Onlar çoxlu qol vurmağı bacarırlar və bizim klublarımız ehtiyatlı oyun sərgiləyib bu mərhələni adlamaq gücündərirlər. Açığı inanıram ki, bu il ölkəmizi Avroliqada təmsil edəcək hər üç klubumuz mərhələ adlasın. Bizim klublar nə ki bir mərhələ azı iki tur keçməlidir
Elçin Cəlilov (“Futbolpress.az” saytının baş redaktoru) : Əslində, deyildiyi kimi, hamısına asan rəqib düşməyib, əksinə, hamısına çətin rəqib qismət olub. Xüsusən, "Xəzər Lənkəran" və "Neftçi"nin yükü ağır olacaq. "Zestafoni"nin yaxşı avokubok təcrübəsi var, bildiyimiz kimi, ötən mövsüm son anda qrup mərhələsinə düşə bilmədilər. Böyükağa Hacıyev "Bakı"da işləyəndə hazırda "İnter"i çalışdıran Sxadadzenin baş məşqçiliyə yeni başladığı "Sioni"yə uduzmasını xatırlamaq lazımdı. Heç ciddiyə almamğın nəticəsi belə olur. Lənkəran komandası hələ heyəti komplektləşdirməyib. Yalnız Skarlatake və Ruslanın transferi göz qabağındadı. Belə davam eləsələr. mənə elə gəlir, Yunis Hüseynov müdafiəçi Skarlatakenin qoiarına ümid qalacaq.
Qaldı ki, "Bakı"ya. Rəqib 2 gün əvvəl yoxlama matçında 4:0 hesabıyla məğlub olan "Mura"dı. Cəmi 8 ildi yaranıb. Yoxlama matçının nəticəsi aldadıcı ola bilər, Sloveniya çempionatı güclüdü, orada üçüncü yeri tutan komanda çətin rəqib sayılmalıdı. Əgər "Bakı" azca ehtiyatı əldən versə, hər şey əldən gedə bilər, maksimum motivasiya ilə oynamalıdılar. Avrokuboklarda ən çox inandığım komanda isə "İnter"di. Məncə, "Trans" "İnter"də məğlub olacaq. Estonlar atletik futbol oynayır. Bu üslub Sxadadzeyə yad deyil, o həm atletik, həmn də texniki oyuna üstünlük verən rəqiblərə qarşı taktika qura bilir.
İxtiyar Əsgərov (“Apasport.az” saytının baş redaktoru): Çempionlar Liqasında “Neftçi”ni daha çətin sınaq gözləyir. Ən azından “ağ-qaralar” dərk etməlidirlər ki, “Zestafoni” ilə oyunları hansısa Əfqan Həmzəyev, Anar Salmanov, Elçin Məmmədov yox, əcnəbi hakim idarə edəcək. Məncə, gürcülərlə görüşlərdə “Neftçi”nin ardıcıl ikinci dəfə ölkə çempionluğunu necə qazanması bəlli olacaq. Mərhələ keçəcəklərinə inanmıram. Çünki aparıcı futbolçularının əksəriyyəti komandanı tərk edib. Klubda məşqçi işi isə sıfıra bərabər olduğundan, mərhələ adlaması sürpriz olacaq.
Avrokuboklardakı təmsilçilərimizdən “İnter”in bəxti gətirib. “Bankirlər”in 2 mərhələ keçəcəyini gözləyirəm. Məncə, uğurlu püşkdü, “İnter” “Trans”la oyunun taleyini elə Estoniyada həll edəcək. Növbəti mərhələdəki “Asteras” “İnter”in dişinə görədi.
“Bakı” da münasib rəqiblə oynayacaq. Hər halda, yoxlama matçında darmadağın etdikləri “Mura” səddini keçməkdə çətinlik çəkməməlidirlər. Amma ikinci mərhələdəki rəqib MOİK bakılılar üçün problem yaradacaq.
“Xəzər Lənkəran”ın da rəqibini güclü adlandırmaq olmaz. Fikrimcə, bu matçın taleyi “Fırtınalar meydanı”nda həll olunacaq. Növbəti mərhələdəki “Lex” isə əvvəllər həm “Xəzər Lənkəran”ı, həm də “İnter”i mübarizədən kənarlaşdırıb. Məncə, “ağ-yaşıllar”la oyunda favorit “Lex”di.
SƏXAVƏT QURBANOV
