"Biz ilk növbədə İsrail çempionu "İroni Kiryat"ı mübarizədən kənarlaşdıraq sonra növbəti mərhələ haqda düşünək". Korner.az-ın məlumatına görə, bu sözləri "Jilina" klubunun baş məşqçi köməkçisi Stefan Tarkoviç deyib.
Slovakiya mətbuatına danışan çalışdırıcı Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Neftçi" haqda bunları deyib:
"Püşk bizə yaxşı rəqiblər bəxş etdi. Təbii ki, püşkün nəticəsini qənaətbəxş hesab etmək olar. Çünki bizə daha çətin rəqiblər də düşə bilərdi. Bu səbəbdən də "Neftçi" və "Zestafoni" bizim üçün münasib rəqiblərdi. Növbəti mərhələyə keçsək, rəqibimiz haqda dolğun məlumat əldə etməli olacağıq.
Bilirik ki, "Neftçi" ilk görüşdə "Zestafoni"ni 3:0 hesabı ilə məğlub edib. Bunun özü də bir məlumatdır. Ancaq rəqibin kimliyi bizi maraqlandırmır. Yenə deyirəm ilk növbədə İsrail çempionunu mübarizədən kənarlaşdırmalıyıq".
Qeyd edək ki, "Jilina" "İroni Kiryat"la evdə keçirdiyi ilk görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. Cavab matçı isə sabah İsraildə keçiriləcək.
