İvan Rakitiç: “Frenkiyə deyin ki, ora mənim yerimdir”
22.05.2019 , 14:42

“Barselona” klubunun yarımmüdafiəçisi İvan Rakitiç klubdakı gələcəyi ilə bağlı danışıb.
“Mundo Deportivo” nəşrinə danışan xorvatiyalı oyunçu “İnter” klubuna gedəcəyi ilə bağlı xəbərləri təkzib edib. 31 yaşlı futbolçu “Barselona” ilə Çempionlar Liqasını qazanmaq istədiyini deyib. Rakitiç Frenki De Yonqun keçidi ilə bağlı isə bunları danışıb:
“Frenki De Yonqun transferinə sevindim. Hər bir yaxşı oyunçu bu kluba gələ bilər. Sadəcə, o mənim yerimə gəlmədiyini bilsin, çünki ora doludur (gülür). O, mənim mövqeyimdən bir qədər fərqli mövqedə oynayır. Buna görə də, insanların onun mənim yerimə keçəcəyini deməsi doğru deyil. Ona hörmətim var və uğurlar arzulayıram.”
Qeyd edək ki, İvan Rakitiç 2014-cü ildən “katalonlar”ın heyətində çıxış edir.
