İsmail Fofana: “Vəziyyətimizi yaxşılaşdırmaq istəyirik”
13.04.2019 , 21:27

Topaz Premyer Liqasının 24-cü turunda “Zirə” “Sumqayıt” klubuna 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin futbolçusu İsmail Fofana oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– “Sumqayıt” ilə oyun barədə fikirləriniz?
Bu gün çox yaxşı oyun nümayiş etdirdik. Hava bir az isti idi. Biz hələ isti havaya öyrəşməmişik. Ardıcıl olaraq iki oyun məğlub olduğumuz üçün bu görüş də mütləq qələbə lazım idi. 3 xal qazandığımız üçün xoşbəxtəm.
– Görüş “Zirə” üçün yaxşı başlamamışdı. “Sumqayıt”un iki topu dirəkdən qayıtdı. Bu sizi həyəcanlandırmadı?
Əlbəttə, rəqib görüşə çox yaxşı başlamışdı. Lakin düşünmürəm ki, biz bu oyunda məğlub olacaqdıq. Onlar əllərinə düşən şanslardan istifadə edə bilmədi. Biz isə rəqibin səhvlərindən istifadə edib, qalib gəldik.
– Bu gün qazanılan qələbə sizə növbəti turlar üçün rahatlıq verirmi?
Şükürlər olsun ki, sonuncu pillələrdə deyilik. Ancaq bu bizə rahatlıq verməməlidir. Hələ çempionat başa çatmayıb. Bizi daha gərgin oyunlar gözləyir. Vəziyyətimizi daha da yaxşılaşdırmaq şanslarımız var.
– Azərbaycan kubokunda “Sumqayıt” ilə qarşılaşma var. Bu günkü qələbə həmin oyun üçün ümid verirmi?
Əlbəttə, bu qələbə bizə əlavə stimul verir. Ancaq Azərbaycan çempionatı ilə, kubok oyunları arasında çox böyük fərq var. Yarımfinal oyunları iki görüşdən ibarətdir. Bizi maraqlı oyunlar gözləyir.
