İŞİD terror qruplaşması Liviyada öz tərəfdarları arasında futbol turniri keçirmək niyyətindədir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə qruplaşma üzvlərindən biri “Alfajer” telekanalına açıqlamasında deyib.
Turnir terrorçuların nəzarətindəki Liviyanın Derna şəhərində keçiriləcək. Yarışda İŞİD-in Əfqanıstan, İraq, Misir və Suriyada döyüşən tərəfdarları, həmçinin, Liviyadakı radikallar iştirak edəcək.
Telekanala danışan qruplaşma üzvü deyib ki, oyunlarda şəriət qaydalarına uyğun qaydalar tətbiq olunacaq: “Çempionatın keçiriləcəyi tarixi təhlükəsizlik səbəbilə açıqlamırıq. Döyüşlərə gələn kifayət qədər futbolçu var. Çempionatda onlardan ibarət komandalar yarışacaq”.
Təşkilatçılar ümid edir ki, turnir gənclər arasında İŞİD tərəfdarlarının sayını artıracaq.
