İtaliya A Seriasında mübarizə aparan “Yuventus”un hücumçusu Qonzalo İquain maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, futbolçu Çempionlar Liqasında “Porto” ilə qarşılaşacaqları matç haqda danışıb:
“Napoli”də oynayan zaman Avropa Liqasında “Porto” ilə qarşılaşmışdıq. Onları məğlub etmişdik. “Real”da (Madrid) çıxış etdiyim zaman da “Porto” ilə qarşılaşmışdıq. Lakin həmin oyunun nəticəsi yadımda deyil. Kasilyas ilə danışırıq. Keçən dəfə mənə bir zarafat elədi, aramızdakı münasibət yaxşıdı. Yaxşı qapıçılara qol vurmaq həmişə gözəl hiss olub”.
Argentinalı oyunçu: “Yaxşı futbolçular ilə birlikdə oynayırsınızsa, siz də yaxşı oyunçu olursunuz. Hər zaman yeni bir şeylər öyrənə bilərsiniz. Bunun üçün Buffona baxmaq kifayətdi. Karyerasında hər şeyi qazanıb. Dani Alveş də karyerası boyu çox böyük uğurlar qazanıb. Lakin hələ də uğura acdılar”.
İquain “Yuventus”a transferi və idealları haqda danışıb: “Doğru qərar verdiyimi düşünürəm. Heç bir təzyiqlə üzləşmədim. Rauldan çox şey öyrənmişəm. Qısa müddət də olsa, Van Nistelroy, Kassono və Ronaldodan da bir şeylər öyrəndim. Braziliyalı Ronaldo mənim idealım idi. Onda hər şey mükəmməl idi. Videolarını izləyirdim. Etdiyi hərəkətləri təkrarlamağa çalışırdım. Lakin həmin hərəkətlər çox çətin idi”.
29 yaşlı hücumçu Messi və Dibala haqda da danışıb: “Əgər Ronaldo, Messi və ya Maradona olmusunuzsa, onda barmağınızı belə tərpətməyə ehtiyac yoxdu. Lakin yaxşı məşq etmək lazımdı. Messi və Dibalanı müqayisə etməyi sevmirəm. Dibala dünyanın ən güclü futbolçusu ola bilər. O bu potensiala sahibdi”.
Bu mövsüm “Yuventus” forması ilə 32 oyuna 22 qol vuran futbolçu: “Anamın bu sözləri heç vaxt yadımdan çıxmaz: “İnsanların sənin haqda danışması yaxşı bir şeydi”. “Yuventus”un stadionunda oynamaq möhtəşəmdi. Meydana çıxmazdan əvvəl Platininin, Bacconun, Del Piyeronun və Zidanın şəkillərini görürəm və belə deyirəm: “Necə oldu ki, onlar bu formanı geyinə bildi”.
