Bakı “İnter”inin prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatmasının nəticələsinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, klubun saytına açıqlamasında o qeyd edib ki, rəqibləri olan Finlandiyanın “Mariehamn” avrokubokda debütantdır: “Lakin buna baxmayaraq rəqibə hörmətlə yanaşmaq lazımdır. “Mariehamn” gücü, yüksək sürəti və fiziki qüvvəsilə fərqlənən Finlandiya futbolunun təmsilçisidir. Finlandiyanın bütün klubları “qaranlıq rəqiblərdir”. Orada oynayan futbolçular yaxşı fiziki parametrlərlə fərqlənirlər. Düşünürəm ki, bizə zəif rəqibin düşdüyünü deyə bilmərik. Bizə bu oyunlara böyük məsuliyyət hissilə yanaşmaq lazımdır və səfər oyununda zəruri üstünlüyə nail olmağa çalışmalıyıq. Bunu etmək bizə müyəssər olarsa, o zaman sakit nəfəs almaq mümkün olacaq”.
Klub prezidenti deyib ki, rəqib onu narahat edir: “Amma hər halda “İnter”in avrokuboklarda az olmayan təcrübəsi var və ondan, eyni zamanda məşqçinin və oyunçuların təcrübəsindən istifadə etməyə çalışacağıq. İkinci tura gəlincə, ancaq onu demək istəyirəm ki, yaşayarıq görərik. Öncə bizə fin maneəsini keçmək lazımdır, sonrasa ikinci mərhələ barədə düşünmək olar”.