“İnter”in Antalyada təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərindən daha 5-nin adı müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” Almaniyanın “Aalen” klubu ilə oyundan savayı daha 6 matçda gücünü yoxlamağı planlaşdırır.
Belə ki, Bələkdə yerləşən “Susesi” otelində məskunlaşacaq Bakı təmsilçisi almanlarla – yanvarın 17-də keçirəcəkləri görüşdən sonra “Amkar”la (Rusiya) qarşılaşacaq. Bu oyun yanvarın 18-də olacaq. Üçüncü yoldaşlıq matçı 5 gün sonra, yəni yanvarın 22-də baş tutacaq. Bu dəfə də “İnter”in rəqibi digər Almaniya təmsilçisi olacaq. Komanda “İnqolstadt”la üz-üzə gələcək.
Yanvarın 25-də Ukraynanın “Metallurq”(Zaporojye) komandası ilə qarşılaşacaq “bankirlər” 5 gün sonra bu ölkəni təmsil edən daha bir klublar – “Metallurq”la (Donetsk) gücünü sınayacaq.
Toplanış çərçivəsində daha bir matçın keçirilməsi də planlaşdırılır. Fevralın 3-də olması nəzərdə tutulan oyunda “İnter”in kiminlə qarşılaşacağı hələlik məlum deyil.
Qeyd edək ki, “İnter”in Türkiyə toplanışı yanvarın 11-dən fevralın 4-dək olacaq.
