Bakının “İnter” klubunun Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sonuncu dəfə avqustun 10-da baş tutan II turun “Qəbələ” ilə səfər oyununda uduzan Kaxaber Sxadadzenin yetirmələri bu dəfə “Simurq”la Zaqataladakı qarşılaşmada uduzub.
Hər 2 səfər məğlubiyyəti 0:1 hesabı ilə olan bakılılar 10 matç uduzmadıqdan sonra xalsız qalıb. Bu isə mövsümün rekordudur. 106 gündən sonra meydanı məğlub tərk edən “İnter” XIV turda uduzduğu “Simurq”un rekordunu qırmışdı. Zaqatalalılar 8 oyun uduzmadıqdan sonra məhz “İnter”lə oyunda dayanmışdısa, indi də rəqibini saxladı. Bu həm də “Simurq”un “İnter” üzərində ölkə çempionatları tarixində ilk qələbəsi oldu.
Qeyd edək ki, mövsümün 3-cü məğlubiyyətsiz oyunlar seriyası AZAL-a məxsusdur – 6 matç.
