"Bakı" Premyer Liqanın XVIII turunda səfərdə "İnter"in qonağı olacaq.
Korner.az-ın məlumatına görə, bu oyun cari ilin təqvimində "Bakı"nın keçirəcəyi son qarşılaşma olacaq. Rəqiblərin bü günədək keçirdiyi oyunların tarixinə nəzər salsaq, "Bakı"nın üstünlüyünü müşahidə etmək olar.
2004-cü ildən ölkə çempionatına qatılan komandalar cəmi 26 dəfə üz-üzə gəliblər. 11 dəfə "Bakı", 8 dəfə "İnter" qalib gəlib. 7 oyun bərabərliklə başa çatıb. Vurulan və buraxılan qolların nisbəti "Bakı"nın xeyrinədir – 22:13.
"Bakı" rəqibinə 5 dəfə evdə, 6 dəfə isə səfərdə qalib gəlib.
Oyunların 3-ü kubok uğrunda yarışlara təsadüf edib. Kubok oyunlarında "Bakı" 2 dəfə qalib gəlib və 1 dəfə məğlub olub.
Bu qarşılaşmalardan biri Azərbaycan kubokunun finalına təsadüf edib. "Bakı" 2004/2005-ci illər mövsümünün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan finalında 2:1 hesabı ilə qalib gəlib. Həmin oyunda nominal ev sahibi kimi "İnter" çıxış edib.
Ölkə çempionatlarına gəldikdə isə, komandaların ilk derbisi 13 dekabr 2004-cü il tarixində baş tutub və qolsuz bərabərliklə nəticələnib. 12 oyunun taleyini 1 qol həll edib. 5 dəfə "Bakı", 7 dəfə isə "İnter" 1:0 hesabı ilə qalib gəlib.
2011-ci ilin avqust ayında oynanılan qarşılaşmada meydanı tərk edən "İnter"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Komandaların bu günədək qeydə alınan ən məhsuldar oyununda 4 qol vurulub. "Bakı" 2009/2010-cu illər mövsümünün yarımfinalında səfərdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Komandalar 2012/2013-cü illər Azərbaycan Kubokunun 1/4 final mərhələsində də qarşı-qarşıya gələcəklər. Bu qarşılaşmalar 27 fevral və 7 mart 2013-ci il tarixində keçiriləcək.
