“İnter” bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirilən oyundan sonra baş verənlərlə bağlı bəyanat yayıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, bəyanatda “Neftçi”nin iddiaları təkzib olunur.
Bəyanatı diqqətinizə çatdırırıq:
“İnter” Peşəkar İdman Klubunun rəhbərliyi Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “İnter”-“Neftçi” oyunundan sonra yaşananları pisləyir.
Bundan başqa, klub rəhbərliyi “Neftçi” klubunun rəsmi nümayəndələrinin “İnter” klubunun prezidenti Georgi Nikolovun ünvanına səsləndirdiyi əsassız və etikadankənar fikirlərini pisləyir və belə ifadələrin işlədilməsini yolverilməz hesab edir.
Oyundan sonra dəhlizdə qonaq komandanın 3 nömrəli futbolçusu Denis Silva “İnter” klubunun oyunçusu David Meza Kolliyə qarşı fiziki güc tədbiq etmişdir və hadisənin böyüməsinin qarşısının alınmasında iddia edildiyi kimi, klubun hər hansı mühafizə xidmətinin əməkdaşının iştirak etmədiyini nəzərə çatdırırıq. Hadisə oyunun protokolunda qeyd edilmişdir.
“İnter” komandası meydanda əzmkar qələbə qazanmışdır və rəqibi reallığı qəbul etməyə səsləyirik”.
