Futbol

İndiyə qədər millinin ən yaxşı baş məşqçisi kim olub? – Sorğu

21.11.2019 , 22:43

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə apardı. Komanda 8 oyunda sadəcə 1 xal qazanaraq, utancverici nəticə göstərdi. Millinin çıxışını fiasko adlandırsaq daha doğru olar. Bəs bu uğursuzluqdan sonra nə edilməli və nə dəyişilməlidir?

İndiyə qədər millinin ən yaxşı baş məşqçisi kim olub? Nikola Yurçeviç gedərsə, bu posta uyğun namizəd kim ola bilər?

Futbol jurnalistlərinə bu suallarla müraciət etdik.

Mahir Rüstəmli (futbol+)

Azərbaycan yığması indiyə qədər azarkeşlərə o qədər üzüntü bəxş edib ki, şəxsən mən bu yerdə “pislər arasında ən yaxşı kim olub” sualını işlədərdim. Faciəvi Berti Foqts dönəmindən sonra yığmanı çalışdıran Pobert Prosineçkini xüsusi qeyd edərdim. Məhz onun dönəmində, yəni DÇ-2018-in seçmə mərhələsində qrupda 10 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə etməklə 10 xal yığmağı bacarmışdıq. Təəssüf ki, Türkiyə klublarından aldığı təkliflər ona əvvəlki həvəslə işləməyə imkan vermədi və ya sadəcə, həmin 10 xalın Azərbaycan yığmasının potensialının son həddi olduğunu anladı. Robert Prosineçki gedəndən sonra “sükan arxasına” keçən Qurban Qurbanova isə daha çox vaxt vermək və yığma ətrafında AFFA rəhbərliyi səviyyəsində etimad mühiti yaratmaq lazım idi. Son günlərin ən populyar adamı bu mənada Qurban bəyə işləməyə imkan vermədi.

Nikolay Yurçeviçlə bağlı məqama gəlincə, təbii ki, getməlidi. Mənə elə gəlir ki, ondan heç də pis nəticə göstərməyəcək yerli mütəxəssislər var. Samir Abasov, Tərlan Əhmədov, Şahin Diniyev, Aslan Kərimov… Başqaları da var. Bütün hallarda komandanı yerli məşqçinin çalışdırması daha yaxşı olardı. İndiki potensialımızı bilə-bilə əcnəbiyə pul tökməyin mənası yoxdu!  

Amal Abuşov (sport7.az)

Ən yaxşı baş məşqçini yalnız nəticələrə görə müəyyənləşdirmək bir qədər çətindi. Çünki hər dəfəsində həm şərait, həm də rəqiblər fərqli olub. Amma ümumi götürəndə Berti Foqtsun millini çalışdırdığı dövr “qızıl” kimi xarakterizə oluna bilər. Almaniyalı mütəxəssisə həm yetərincə vaxt verildi, həm da şərait yaradıldı. Beldə ara-sıra parlaq nəticələr qazanılırdı, peşəkarlaşma yönündə müəyyən addımlar atılırdı. Həmin tendensiya Robert Prosineçkini rəhbərliyi vaxtı da davam edirdi. Oyun baxımından xüsusiylə Prosineçkinin çalışdırdığı komandanın ilk oyunları müəyyən dərəcədə nəzərəçarpan idi. Qurban Qurbanovun milliyə gətirilməsi ilə hər kəsin ürəyində bir ümid qığılcımı alovlanmışdı. Təəssüflər olsun ki, Foqtsa, Prosineçkiyə göstərilən diqqət, verilən zaman öz məşqçimizə verilmədi. Nikola Yurçeviç yola salınsa, onu mütləq yerli mütəxəssis əvəz etməlidi. Onsuz da bizim futbolun problemi baş məşqçiylə bağlı deyil. Bu mənada Nazim Süleymanovun, Təlran Əhmədovun adını çəkə bilərəm. Qurban Qurbanov indikə AFFA rəhbərliyini dövründə bir daha milliyə qayıtmaz.

Elçin Cəlilov (futbolpress.az)

Bu suala konkret rәqәmlәrә, statistikaya әsasәn cavab verәcәm. Robert Prosineçki vә Qurban Qurbanov. Çünki milli komanda hәm әn çox xala, hәm әn baxımlı oyuna mәhz bu iki mütәxәssisin dövründә nail olub.

Namizәd mәsәlәsinә gәlincә isә çox tezdi nәsә demәk. Hәlә gәlәn ay AFFA İK toplanıb müzakirә etmәlidir. Ovaxtadәk hadisәlәr çox dәyişә bilәr.

Rəşad Ergün ( komanda.az)

İndiyə qədər Azərbaycan millisinin ən yaxşı baş məşqçisi Berti Foqts olub. Çünki başqaları ilə müqayisədə Azərbaycan xalqını daha yaxşı aldada bilib, burda 6 il qala bildi. Yaxşı, bunu zarafat sayın. Ən yaxşı baş məşqçi deməzdim, amma millinin iddialarına, havasına, boyuna-posuna ən uyğun gələn məşqçi Şahin Diniyev olub, düşünürəm. Yurçeviçin getməsi ilə qalması nəyisə dəyişməyəcək. Ona görə də, icazənizlə, ikinci sualınıza cavab verməyim.

Mina Musayeva

 

Son yazılar

Yuxarı