“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XIV turunda “Sumqayıt”a evdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə oyun hadqa fikirlərini bildirib.
– Əslində, oyunla bağlı fikri bildirməli bir şey yoxdu. Hər şey göz qabağında idi. “Sumqayıt” yaxşı oyunla qalib gəldi. Təbrik edirəm. Kubok oyunumuzu çıxram. Heç qalib gəldiyimiz həmin matçda da komandamın oyunundan razı qalmadım. “Kəpəz” çempionatda rəhbərliyim altında 2 oyuna 9 qol buraxdı. Bu da onu göstərir ki, komandada çatışmazlıqlar həddən artıq çoxdu. İndiki komandamız birinci dəstə səviyyəsindədi. Bunu açıq şəkildə deyirəm. “Örtülü bazar, dostluğu pozar”. Bəhanə etmirəm, “Kəpəz”ə çətinliyə görə gəlmişəm. Ancaq “Binə”yə 3:0 hesabı ilə qalib gəldiyimiz matçda da komanda birinci dəstəki rəqibindən heç bir komponentdə fərqlənmirdi. Belə olmasaydı, çempionatda 2 oyuna 9 qol buraxmazdıq.
– Belə demək olar ki, qış fasiləsində heyəti 90 faiz dəyişməlisiniz? Buna maddi gücünüz çatacaqmı?
– Bu gün ilk dəfə idi paltardəyişmə otağında futbolçulara dedim ki, kim özünü kubokda göstərəcək, komandada qalacaq, göstərməyəcək, göndəriləcək. Yalnız bu gün komandayla belə söhbətim oldu. Belə getmək olmaz. Xarakter göstərmək lazımdı. Hamıya şans verilir, ancaq ümidləri doğrultmrular. Eybi yoxdu, komandada 13 futbolçu olacaq, ancaq can yandıranlar qalacaq. Lazım gəlsə, əvəzedicilərdən futbolçular götürəcəyik. Ancaq əsas komandada boş yerə heç kim qalmayacaq. (Sport24.az)
