“Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Nəticəyə görə məyusuq. Oyun ərzində qol imkanları oldu, amma dəyərləndirə bilmədik”.
Korner.az-ın məlumatına görə, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turunda Norveç yığması ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Daha sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
– Bakı Olimpiya Stadionunun ot örtüyü ürəyinizcə oldu?
– Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində hücumlar olurdu. Sadəcə şanslarımızı dəyərləndirə bilmədik.
– Seçmə mərhələdə göstəriciniz heç də yaxşı deyil. Postunuzdan getməyi düşünürsünüz?
– Üç xal itirdiyimiz üçün məyusuq. Ötən mərhələdə bu komandadan 4 xal aldıq. İndi bütün diqqətimizi San Marinoya yönəltməliyik.
– Oyundan öncə Azərbaycan və San Marinodan xal alacağınıza əminliyinizi bildirmişdiniz. Düşünmürsünüz ki, bu açıqlamanız Azərbaycan millisini daha da motivasiya etdi…
– Həmişə qələbə qazanmaq istəyirik. Amma rəqibdə oyun keyfiyyətinin artdığı görünür. Ötən ildə bizdən və Xorvatiyadan xal ala bilmişdiniz.
– Qoldan sonra hava ötürmələrindən başqa ötürmələr görmədik. Başqa seçim yox idi?
– Gördünüz ki, Azərbaycan orta xətdən müdafiəyə başlayırdı. Bizim qol vurmaq üçün başqa yolumuz yox idi. Cərimə meydançasında da olan fürsətləri dəyələndirə bilmədik. (sportnet.az)
