“Ayntraxt” klubunun azarkeşləri oyunlar öncəsi “Qarabağ” azarkeşlərini sosial şəbəkələrdə təhqir edici şəkillərlə qıcıqlandırmağa start veriblər.
“Qarabağ”ın əsas azarkeş dəstəyi olan “İmarət” fan klubu məsələ ilə bağlı açıqlama verib.
Fan klubun idarə heyətinin üzvu Qabil Hüseyn, Korner.az-a açıqlamasında məsələnin o qədərdə ciddi olmadığını, bu addımı təhqir kimi qəbul etmədiklərini bildirib:
"Fikrimcə ciddi məsələ sayılmalı deyil. Futbol azarkeşləri arasında bu cür "cırnatmalar" olur. Təhqir kimi qəbul etmirik. Etsək, Bakıya gələcəkləri halda onlar üçün yaxşı olmaz. Bizim cavabımız həmişə əks formada olur. Almanlar buraya gələndə biz onlara "Qarabağ" adının bizə nə qədər müqəddəs olduğun göstərəcəyik. Bu məsələni də heç vurğulamayacağıq, özləri peşman olacaqlar. Belə ki, biz əvvəl “Brugge” azarkeşlərinə etdiyimiz kimi almanları da qonaq etməyi, onlara Şəhidlər xiyabanını gəzdirməyi və Qarabağ həqiqətləri barədə məlumat verməyi nəzərdə tuturuq. Tədbirin sonun da onlara ingiliscə "Ağdam Qafqaz Xirosiması" qısa filmini də təqdim edəcəyik. Bu bizim misiyamızdır. Almaniya Avropanın mərkəz ölkələrindən biridir, Frankfurt da onun böyük şəhəri. İnşallah bizim də kim olduğumuzu tanıyarlar. Təəssüf ki, Qarabağ problemi hələ də həll olunmadığından biz bu məsələlərə sırf emosional azarkeş kimi yanaşa bilmirik".
Qabil Hüseyn “Ayntraxt” azarkeşlərinə ən yaxşı cavabın Bakıdakı oyun zamanı stadionun tam doldurulması ilə veriləcəyini bildirib və azarkeşlərə müraciət edib:
"Ən yaxşı cavab dəstəyimiz olacaq. Bir də bilirik ki, “Ayntraxt”ın güclü azarkeş ordusu var. Həm burda onların gözünü qorxutmaq üçün, həm də öz doğma komandamızı səfərə ürəkli yola salmaq üçün möhtəşəm dəstək verməliyik. Biz klubumuzdan Avropa səviyyəli oyun gözləyiriksə, özümüz də Avropa səviyyəsinə çatmağa cəhd etməliyik. Bütün azarkeşlərimizdən həqiqi dəstək gözləyirik. Burada həm Qarabağ adı, həm də Qurban müəllimin yetirmələrinin baxımlı futbolu var. Bu oyun da azarkeşlik etməyəndən sonra nə zaman edəcəklər ki?"
