Bura “İmarət"dir. Xarabalığı xatırlatmasına baxmayın. Sözün əsl mənasında İMARƏTdir – hər bir ağdamlı üçün. 21 ildir yolumuzu gözləyən “İmarət”… 90 dəqiqə “Qarabağ”, “Qarabağ” sədalarına möhtac “İmarət”…
21 ildir bakılıların "dır-dırını" eşidə-eşidə özümüzə Bakıda “imarət”lər qurmuşuq. Amma nə qədər “imarət” tiksək də, xaraba qalmış “İmarət”imizin yerini verməz…
Yadımdadır, uşaq vaxtı yaşıdlarımla “spor”a girərdim ki, dünyanın ən böyük stadionu “İmarət”dir. Bəlkə də bu fikri məndə ailəmizin və qohum-əqrəbanın “İmarət” haqqında ağızdolusu danışması formalaşdırmışdı…
“İmarət”də sonuncu oyun mayın 12-də olmuşdu. O gün sonuncu dəfə ağdamlı azarkeş görürdü Ağdam. Ta ki, 2009-da “Qarabağ” Quzanlıya dönənə qədər. 16 il futbol üzü görməyən azarkeş naşılıq edirdi. Həmin ərəfədə yeni azarkeş qrupu yaranmağa başladı. Ad seçilməsi çox vaxt aparmadı. “İmarət”…
Düzdü, ad seçərkən bir az tərəddüd oldu. Bu adı yaşada bilməyəcəyimizi düşünürdük. Fan-klub üçün hər nə lazımdısa onu etməyə çalışdıq. İlk vaxtlar çətinliklər çox oldu. Təbii hal idi. Öncə özümüzü sübut etməliydik. Bu yola “oboy”a yazılmış “İmarət” adı ilə çıxdıq. Kimisi gülürdü, kimisi isə anlayışla qəbul edirdi.
Azərbaycanda azarkeşlərin əksəriyyəti yağışdan çıxan göbələyi xatırlatdığından, fan-klub kimi formalaşmağımızda çətinliklər vardı. Zaman keçdikcə, “Qarabağ” qələbələr qazandıqca “İmarət” ailəsi də böyüməyə başladı.
Artıq 5 ildir “İmarət” adını yaşadırıq. Artıq “İmarət” adı təkcə Azərbaycanda duyulmur. İndi onun Ukrayna, Avropa, Türkiyə, Rusiya və qızlardan ibarət “Xan qızı” kimi qolları var.
Məqsədə qismən də olsa, çatdıq. Amma əsl məqsəd bizi gözləyir…
Zaur Zakiroğlu
İmarətin həmtəsisçisi
