Futbol

İlqar Azero: Bizim “Nike” və “Under Armour” ilə rəqabət aparacağımızı deyirlər

05.11.2019 , 11:13

Azərbaycanda ən sevilən idman növlərindən biri, heç şübhəsiz ki, voleyboldur. Voleybol ölkəmizdə yerli istehsal olan idman geyimlərini sözün həqiqi mənasında üzərində sınamış ilk idman növüdür. Söhbət təsisçisi İlqar İmamquliyev olan “İl‘Azero” idman geyimləri istehsal edən şirkətdən və brenddən gedir.

İlqar İmamquliyev – adını nəinki Azərbaycanın, eləcə də əminliklə demək olar ki, dünyanın idman tarixinə yazdırmış bir şəxsdir. Axı onun yaratdığı ticarət markasının məhsullarından dünyanın hər bir yerindən olan idmançılar və komandalar istifadə edir.

Komanda.az sizə İlqar Azero İmamquliyevlə müsahibəni tədqim edir:

– İlqar bəy, brendinizin yaranma tarixi haqqında danışardınız, ideya necə yarandı və brendiniz neçə müddətdir ki mövcuddur?

– İlk öncə hər kəsi salamlayıram və bizim brendə göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm.

“İl‘Azero” brendi Azərbaycanın ilk, eyni zamanda yeganə idman geyimi brendidir. Mən idman sahəsində çalışan bir şəxsəm,  “Rabitə”, “Azəryol”, “Lokomotiv” və “Azərreyl” voleybol komandalarının idman direktoru vəzifəsində çalışmışam, və artıq 6-cı mövsümdür ki, voleybol üzrə milli komandanın idman meneceri olaraq fəaliyyət göstərirəm.

Bütün bu illər ərzində biz komandalar üçün geyimləri müxtəlif idman geyimi istehsalçılarından sifariş edirdik. Şübhəsiz ki, bizim hamımımızn arzusu idi ki, yeli komandaların geyimlərinin üzərində, xüsusilə də milli komandanın geyimlərinin üzərində Azərbaycan naxışları, Azərbaycan ornamentləri əks olunsun. Təəssüf ki, dünya brendləri ilə bu barədə razılığa gəlmək bir az çətin idi, bu cür xüsusi sifarişlər 2-3 dəfə baha başa gəlirdi və sifarişlər iri partiyalarla edilməli idi. Üstəlik, Azərbaycanda yerli idman geyimləri istehsalçısı yox idi.

Mən voleybol aləmində “İlqar Azero” kimi tanınırdım ki, bu da italyan və ispan dillərindən tərcümədə “azərbaycanlı İlqar” anlamına gəlir.

Eyni zamanda “İl” italyan dilində “bir” anlamımı verən qeyri-müəyyən artikldır. Mənim ağlıma belə bir fikir gəldi ki, brendə bu adı vermək olar və brendimizin adının Azərbaycanla bağlı olması, formaların üzərində bayrağımızın rənglərinin və milli ornamentlərin olması idmançılarımızı daha da motivasiya edəcək.

Düşündüm ki, nəhayət bütün bunları rəsmiləşdirmək zamanı gəldi. Biz üç ildir ki, fəaliyyət göstəririk və artıq ilk zamanlardan yetərincə məşhur olduq. Şirkətimizin geyimləri Polşada istehsal olunur. Geyimlərimizin üzərində buta, nar, simurq quşu kimi milli ornamentlər əks olunur, yeni layihələrimizdə Qobustan qaya rəsmləri də əks olunacaqdır. Doğrunu söyləsəm, qısa zamanda bu qədər xoş qarşılanacağımızı düşünmürdüm. Biz öz gözləntilərimizi də üstələdik.

 

– Brendinizin adındakı “İl” həm də sizin adınızın ilk hərfləridir.

– Dünya praktikasında bu cür hallara çox rast gəlinir, məsələn, Stefano Ricci, Dolce & Gabbana, Adidas brendləri onların təsisçilərinin adlarını daşıyır. Mən dünüşdüm ki, bir güllə ilə iki dovşan vura bilərəm. Brendimizin adı uğurlu alındı və hərkəs tərəfindən xoş qarşılandı. Loqotip də ən azı onun qədər uğurlu alındı və görüntü olaraq, vizual olaraq gözəldir. Biz hamımız razıyıq və insanlar da brendimizin adının yaranma tarixini eşitdikdə bu onların xoşuna gəlir.

– Hansı idman növləri ilə məşğul olmusunuz və ya hazırda məşğul olursunuz?

– Mən 13 yaşımdan voleyboldayam. Əsasən funksioner olaraq çalışmışam. Amma həftədə dörd dəfə voleybol oynamağa davam edirəm, bundan əlavə fitneslə məşğul olaraq ozümü formada saxlayıram. Mənim həyatım voleybolla bağlıdır və bu idman növü mənim üçün bir həyat tərzində çevrilib və mənim ən xoş məşğuliyyətimdir.

– Peşəkar səviyyədə voleybol oynamısınızmı?

– Oynamışam, amma əsasən özümü funksioner olaraq görmüşəm. Eyni zamanda, mən beynəlxalq voleybol meneceri lisenziyasına sahibəm, mən voleybol agentiyəm, yəni əcnəbi oyunçuların Azərbaycan klublarına və yerli oyunçuların əcnəbi klublara keçidi ilə məşğul oluram.

– Voleybola necə gəldiniz və niyə məhz bu idman növü diqqətinizi cəlb etdi?

– Voleybolla ilk dəfə 2001-ci ildə maraqlanmağa başladım. O zaman Azərbaycanda voleybolun ikinci dirçəliş dövrü yaşanırdı. Prezident İlham Əliyevin dəvəti ilə Faiq Qarayev yenidən Azərbaycana təşrif buyurmuşdu. Belə ki, Azərbaycandakı durğunluq dövrü zamanı o, Türkiyədə çalışaraq orada bu idman növünün səviyyəsini yüksəltdi və Türkiyəni Avropa voleybol elitasına çıxardı. O zaman məndə voleybola qarşı ciddi maraq oyandı. Mən “Azərreyl” və milli komandanın oyunlarını izləməyə başladım.  Bir oyun belə qaçırmırdım və təsəvvür edə bilməzdim ki, televiziyada izlədiyim adi idman növü insanın qanına bu qədər işləyə bilər.

Səmimi deyəcəm, mən voleybol meydançasında olduğum zaman bütün problemlər və dərdləri unuduram. Bu səbəbdən mən həyatımı bütünlüklə voleybola həsr etdim və voleybolsuz təsəvvür edə bilmirəm. Ola bilsin ki, yaxın zamanlarda öz qərarım ilə voleyboldan bir az uzaqlaşım, amma ümumən mən həmişə bu idman növünün episentrində oluram.

– Müsahibələrinizdən birində bildirmisiniz ki, italyan və ispan dillərini bilirsiniz. Siz bu dilləri iş prosesi zamanı öyrənmisiniz yoxsa bu dillərdə təhsil almısınız?

– Mən 6-7 dildə ünsiyyət qurmağı bacarıram. Şübhəsiz ki, doğma azərbaycan dili və türk dillərindən başqa, ki türk dilini də doğma dilimiz hesab etmək olar, mən rus və ingilis dillərini də bilirəm ki, bu dilləri də artıq öz dillərimiz hesab edə bilərik. Türk dilini mən mükəmməl səviyyədə bilirəm və təmiz türk ləhcəsi ilə danışıram. Sonra voleybolla əlaqədar iş prosesi zamanı mən ispan dilini öyrəndim. İtalyan məqşçi heyətilə çalışarkən mən yetəri qədər yaxşı səviyyədə bu dilə də yiyələndim, lakin sonradan ispan dilinə daha çox diqqət ayırdığm üçün özümü ispan dilində daha sərbəst hiss edirəm, nəinki italyancada. Bunlardan əlavə polşa və serb dillərində müəyyən səviyyədə ünsiyyət qura bilirəm.

İxtisasca mən şərqşünasam, peşəm diplomatdır. Ərəb dilində yazıb oxuya bilirəm, ancaq danışıq üçün praktikaya ehtiyacım var, çünki bu dili çoxdan öyrənmişəm. Bir sözlə, ərəb və fars dilləri mənim ixtisasımdır.

Məndə əcnəbi dilləri öyrənməyə qarşı bir istedad var. İşlə bağlı çoxlu səyahət edirəm, əsasən də milli komanda ilə, və harada oluramsa olum, mən özümü çox sərbəst hiss edirəm. Bu dillərdən heç birinin təhsilini almamışam, ərəb dilindən başqa, ki bu dili də digərləri ilə müqayisədə daha zəif bilirəm. Bütün dilləri iş prosesi zamanı öyrənmişəm.

– Brendinizin ilk geyimlərinin istifadəçiləri hansı idmançı və ya komanda olub?

– İlk olaraq bizim idman geyimlərini 2017-ci ildə qadınlardan ibarət voleybol yığmamız öz üzərində sınayıb, biz komandaya geyimləri eksperiment (sınaq) olaraq hədiyyə etmişdik. Lakin rəsmi olaraq biz həmin ildə Azərbaycan Superliqasında çıxış edən kişilərdən ibarət “Sərhədçi” voleybol klubunu geyimlərlə təmin etmişik. Mən özüm bu klubda peşəkar olaraq voleybol oynamışam. Daha sonra bizə Rusiya Superliqasının aparıcı klublarından, Macarıstan, Tayland, Amerika klublarından təkliflər gəlməyə başladı. Hazırda bizim brendin idman geyimlərindən yerli güləşçilər və idmançılar, güləş və karate üzrə yığma komandalarımız, voleybol yığmalarımız və klublarımız yararlanır. Zamanla daha çox idmançı, o cümlədən əcnəbi idmançılar bizim brendin geyimlərindən istifadə etməyə başladılar.

Brendin əhatə dairəsi getdikcə genişlənir. Biz bir çox xarici klubdan təkliflər almışıq. Polşanın özündə voleybol klubları bizim brendin idman geyimlərindən istifadə edir. Bu yaxınlarda biz Macarıstan və İndoneziya klublarından, İsveçin voleybol üzrə milli komandasından təkliflər almışıq. Niderland yıömasının kapitanı bizim məhsulları sosial şəbəkədə gördükdən sonra çox bəyənib. Ola bilsin ki, növbəti mövsümdən etibarən onlar bizim geyimlərdən istifadə edəcək. Həmçinin Yunanıstan yığmasının nümayəndələri ilə də görüş keçirmişik. Düşünürəm ki, gələcəkdə biz adı Azərbaycanla bağlı olan bu brendi daha da irəliyə aparacağıq və onu bir çox xarici ölkələrdə görəcəyik.

– Müsahibələrinizdən birində bildirmisiz ki, “Qarabağ” futbol klubu üçün də geyim istehsal etməyi arzulayırsız. Niyə məhz “Qarabağ” klubu?

– Bu yaxınlarda Prezident İlham Əliyev insanın qəlbini fərəhləndirən və qürur hissi yaşadan bir sitat işlətdi: “Qarabağ – Azərbaycandır və nida işarəsi”. Demək istəyirəm ki, bu Qarabağın Azərbaycan üçün necə əhəmiyyət kəsb etdiyini və yaralı mövzu olduğunu bir daha sübut edir.

Mən özüm əslən Qarabağlıyam və arzu edirəm ki, bizi beynəlxalq arenalarda təmsil edən idmançılar və komandalar, ki futbol arenasında da bizim məhz “Qarabağ” təmsil edir, Qarabağ ənənələrinə sadiq və müvafiq idman geyimlərində çıxış etsinlər.

Bu mənim üçün böyük bir xöşbəxtlik olardı və əminəm ki, azarkeşlərin də qəlbləriycə olardı. Ümid edirəm ki, biz buna nail olacayıq.

– Bu istiqamətdə danışıqlar aparmısınız, yoxsa hələ ki bu ideya olaraq qalır?

– “Qarabağla” hələ ki danışıqlar aparmamışıq. Bilıdiyim qədər, onların digər bir şirkətlə əməkdaşlığı davam edir (Adidas – red.). Ancaq Olimpiya yığması barədə müəyyən səviyyədə danışıqlar aparılır. Burada mən MOK və Gənclər və idman nazirliyinə və ilk növbədə dövlətin dəstəyinə ümid edirəm.

– Hansı yerli və əcnəbi idmançılarla əməkdaşlıq edirsiniz?

– Yerli idmançılardan Hacı Əliyevin, Cəbrayıl Həsənovun, Tofiq Musayevin, Vüqar Kərəmovun adlarını çəkə bilərəm. Əcnəbilərlə isə biz əsasən komanda şəklində müqavilə imzalayırıq, fərdi (şəxsi) müqavilələr hələ ki imzalamamışıq. Ancaq biz çoxlu təklif almışıq, əsasən də birnövçülük idman növlərinin təmsilçiləri ilə – bizimlə əməkdaşlıq etmək arzuzu ilə bir çox məşhur idmançılar, Ukrayna, Polşa olimpiya çempionları müraciət ediblər.

– Azərbaycan voleybolunun hazırkı durumu barədə nə deyə bilərsiniz? Fikrinizcə, voleybol əvvəlki illərlə müqayisədə irəliləyib ya geriləyib?

– Azərbaycan voleybolunun mənafeyi naminə üzün illər çalışmış və xidmət etmiş bir şəxs olaraq deyə bilərəm – çox təəssüf ki, voleybolumuzun hazırkı durumu məni heç də qane etmir. Zamanında biz demək olar ki hər il Dünya çempionatlarının final mərhələlərində, Çempionlar liqasının finallarında çıxış edirik, klublar səviyyəsində avrokuboklarda qalib gəlirdik.

İndi isə ölkədə voleybolun səviyyəsi çox aşağı düşüb. Mənim voleyboldan uzaqlaşmağımın bir səbəbi də görmək istədiyim, arzuladığım inkişaf səviyyəsinin və keyfiyyətin olmamasıdır. Bizim brendlə işimiz çox yüksək səviyyədə aparılır və voleybolun aşağı səviyyəsinə uyğunlaşmaq, xüsusilə də mənim üçün çox çətindir. Ancaq biz yenə də əvvəlki kimi voleybola dəstəyimizi əsirgəmirik. Bu yaxınlarda biz Ziya Rəcəbovla səfərdə idik, biz onunla zamanında “Rabitə “ və “Rabitənin” gənclər komandası olan “Telekom” üçün oyunçular dəvət edirdik. Biz Ukraynadan çoxlu voleybolçu dəvət etmişik, onları milliləşdirmişik və bu voleybolçular hazırda Azərbaycan yığmasının əsas özəyini təşkil edir. Biz indi də qadın voleybolçuların transfer edilməsi ilə bağlı köməklik göstəririk, danışıqlar aparırıq.

Harda oluramsa olum, mən hər zaman Azərbaycan voleybolu naminə bütün gücümü sərf edirəm və ümid edirəm ki, voleybol yenidən əvvəlki səviyyəsinə yüksələcək. Əslində bunun üçün hər bir şərait mövcuddur. Sadəcə olaraq məsələyə yanaşma dəyişilməlidir. Rəhbərlik voleybola kifayət qədər diqqət ayırır. Lakin problemlərdən biri ondan ibarətdir ki, voleybol tamamilə bir qüruma yüklənib və istər yerli liqa olsun, istər federasiya və ya milli komanda, bunların hər birini maliyyə baxımından bir mərkəzdən idarə etmək çox çətindir. Dəmiryol idarəsi başda Cavid Qurbanov  olmaqla öz işinin öhdəsindən çox yaxşı gəlir.

Hesab edirəm ki, biz bü gün kifayət qədər biliyə, bacarığa, çəkiyə və potensiala malik olan Faiq Qarayevin xidmətlərindən düzgün istifadə etmirik. O, Azərbaycan voleybolunda böyük bir şəxsiyyətdir. Ola bilsin ki, nə vaxtsa bizdə ondan da güclü məşqçilər yetişəcək, ancaq Faiq Qarayev fenomeninin Azərbaycan voleybolunda əvəzeilməz olduğu şübhəedilməzdir. Heç kim onun yerini doldura biləcəyini ağlına belə gətirə bilməz, çünki o bizim voleybolun qurucusudur. Bir misal çəkə bilərəm, təsəvvür edin ki, ana dünyaya uşaq gətirir, ona həyat verir və hətta bundan sonra digərləri bu uşağa daha çox qayğı göstərsə də, anadan daha yaxşı onun qeydinə qalsa da, uşağı dünyaya gətirən ana birdir, və onu heç kimlə əvəz etmək mümkün deyil.

Demək istəyirəm ki, Faiq Qarayev Azərbaycan voleybolunun atası, yaradıcısı və bünovrəsini qoyan şəxsdir. Ümid edirəm ki, o, voleybolu əvvəlki vəziyyətinə gətirəcək və biz əllərimizi çirmələyərək yenidən böyük həvəs və arzu ilə voleybolumuzun mənafeyi naminə xidmət göstərəcəyik.

– Geyimlərinizin dizaynı ilə özünüz məşğul olursunuz?

– Bəli, mən hər şeyi tam nəzarətdə saxlayıram. Bizim öz konseptimiz, stilimiz var ki, ilk növbədə bu al-əlvan rənglərə əsaslanır. Biz çalışırıq ki, elə bir geyim yaradaq ki, onu gördükdə bunun “İl’Azero” brendi olduğu anlaşılsın.

Əsasən bizim dizaynerlərimiz avropalıdır və xaricdə çalışırlar. Biz onlarla məsləhətləşirik və əməkdaşlıq edirik. Lakin bizim əcnəbilərdən heç də geri qalmayan, hətta deyərdim ki, onlardan üstün olan yerli dizaynerlərimiz də var. Biz möhtəşəm qrafik dizayner Lalə Əliyeva ilə əməkdaşlıq edirik, ki onunla bir-birimizi ruhən daha yaxşı anlayırıq. O, mükəmməl əsərlər yaradır. Düşünürəm ki, yaxın zamanda biz yeni rəngarəng layihələrlə hərkəsi sevindirəcəyik.

– Ən sevdiyiniz idman və dəb geyim brendləri hansılardır?

– Mən bir çox brendin geyimlərindən istifadə edirəm. Çalışıram ki, birinin üstün cəhətlərini digər brendin fəqli cəhətləri ilə birləşdirib onları “İl’Azeroda” əks etdirim. Hər bir brendin özünüməxsus modeli, lekalı, parçasının keyfiyyəti vardır. Mən çalışıram bunların hamısını birləşdirim və ortaya gözəl bir şey çıxarım.

Ən sevdiyim idman brendləri “Nike” və “Under Armourdur”.

Gündəlik və dəb brend geyimlərinə gəldikdə isə, açığı söyləsəm, mən heç vaxt brendlərə diqqət yetirmirəm. Bu istənilən brend ola bilər. Mənə yaraşan istənilən brendin geyimi mənim üçün mənim brendim sayılır. Brendin mənim üçün əhəmiyyəti yoxdur.

– Şirkətinizin rəsmi geyim dükanı yoxdur. Geyim dükanı açmaq haqqında düşünmüsünüzmü və bunu nə zaman  həyata keçirməyi planlaşdırırsınız?

– Azərbaycanda bizim rəsmi dükanımız yoxdur. Biz bir neçə dəfə danışıqlar aparmışıq. Bizə ölkəmizdəki iri idman dükanlarından təkliflər olunub. İlk əvvəl biz bu təkliflərə razılıqla cavab verməyi düşünürdük, lakin sonradan qərara gəldik ki, Azərbaycanda bu brendi tamamilə fərqli bir kolleksiyada, fərqli formatda, uyğun zamanda təqdim etmək lazımdır. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq.

– Bəs idmançılar üçün klassik geyim hazırlamağı düşünürsünüzmü?

– Biz əlbəttə ki, bu haqda düşünmüşük. Gələcəkdə bu istiqamətdə planlar həyata keçirmək arzusundayıq. “İl’Azero” yalnız idman geyimləri istehsal edən bir brend olmayacaq, biz yeni layihələrin də müəllifi olmaq arzusundayıq.

– Sizin geyimlər Polşada hazırlanır. Bu yalnız sizin geyimlərin istehsal edildiyi bir məkandır, yoxsa orada bir neçə brendin geyimləri istehsal olunur?

– Bizim idman geyimləri Polşada iri zavodda hazırlanır. Nəyə görə məhz Polşanı seçmişik?! Polşa Avropa toxuma mallarının beşiyidir. Mən istəmirdim ki, Azərbaycan brendinin geyimləri keyfiyyətsiz şəraitdə hazırlansın. Hədəfim bizim brendin öz keyfiyyəti, dizaynı ilə müəyyən bir səviyyəni qoruyub saxlaması idi. Ona görə də, qərara aldım ki, bizim məhsullar ən yaxşı yerdə hazırlanmalıdır və mən bundan çox məmnunam. Həmin zavodda digər brendlərin də geyimləri hazırlanlr, amma üstünlük, prioritet bizim brendlərə məxsusdur. Çünki, mənim üçün ən vacib olan keyfiyyətdir. Biz bu brendi yaradanda, gəlir haqda yox, brendin nüfuzu haqqında düşünürdük, müəyyən bir kütlənin brendi olmaq və Azərbaycanın adına layiq olmağa çalışırdıq.

– Brendiniz haqqında deyilən ən xoş söz hansı olub və kim tərəfindən deyilib?

– Bizə kifayət qədər əhəmiyyətli və hörmətli şəxslər tərif deyib, bizim yerli müğənnilərdən aktyorlar və idmançılara qədər. Hər bir xoş söz mənim üçün doğmadır və əhəmiyyətlidir. Ancaq dünya brendlərindən birinin rəhbərinin “deyəsən, siz yaxın zamanlarda “Nike” və “Under Armour” ilə ciddi rəqabət aparmaq fikrindəsiniz” deməsi mənim üçün unudulmazdır. Bu mənim üçün o qədər gözlənilməz və xoş idi, mən həmin an üçün qarşıma belə bir hədəf qoymurdum.

Mən cavab verdim ki, “bu mənim üçün zamanı qabaqlamaq və təkəbbürluk olardı, ancaq əgər siz bizim işlərimizə əsasən bu qənaətə gəlirsinizsə, nə xoş bizə və bunu sizdən eşitmək bizi çox sevindirir”. Bu brendlər özlərini doğruldub və dünyəvi brendlərdir. Sozsüz ki, biz də dünyəvi bir nişan olmağa çalışırıq. Bizim bu gün əcnəbi idmançılara çıxmaq imkanımız vardır, onlarla aramızda gözəl dostluq münasibətləri mövcuddur. Biz çalışacayıq ki, buna doğru irəliləyək.

Mən “nəyə görə belə düşünürsüz?” sualını verdikdə, o cavab verdi ki, ilk növbədə qeyri-adilik, özünəməxsusluq və öz konsepsiyanızın olması bunu deməyə əsas verir, yəni sizin tutduğunuz öz yolunuz var ki, bununla da illərlə mövcud olan şirkətlər belə öyünə bilmir. Bizim şirkət hədiyyə olaraq ona keyfiyyətli parça nümunəsi bağışladı və həmin şəxs məndən brendimizi Avropanın 11 ölkəsində təmsil etmək hüququ istədikdə, mən məsələnin nə qədər ciddi olduğunu anladım.

– Brendizin yaradılması yolunda hansı çətinliklərlə və maneələrlə üzləşmisiniz?

– Biz elə böyük və ağır çətinliklərlə qarşılaşmışıq ki, onların hamısını sizə anlatmağa vaxt kifayət etməz. Bu çətinlikləri yaşamaq lazım idi və onlar olmasaydı mən bu işimdən bu qədər zövq almazdım və işimiz də bu qədər uğurlu alınmazdı.

Ancaq sizə bir şeyi deyim ki, bu brendin həyata keçməsi yolunda Allah mənə elə dostlar göndərdi ki, mən onlarsız bacara bilməzdim. “İl’Azero” dostluq brendidir, yaxın dostların, bizimlə dost olan idmançıların brendidir. Dostlar mənə elə bir dəstək oldular ki, qarşılaşdığımız bütün çətinliklər mənin gözümdə maneə olaraq görsənmədi.

Ümid edirəm ki, müəyyən biz səviyyəyə çatdıqdan sonra, mən xatirələrimi özündə toplayacaq kitab yazacam və orada keçdiyimiz bütün səddləri qeyd edəcəyəm. Lakin bunun üçün hələ çox hədəflər və yüksəkliklərə nail olmaq lazımdır. Axı biz hələ yolun başlanğıcındayıq. Hazırda mən özümü xatirələr yazacaq səviyyədə görmürəm.

– Brendinizlə bağlı ən böyük hədəfiniz nədir və ya hansı hədəfə nail olduqdan sonra “mən missiyamı başa vurdum” deyə biləcəksiniz?

– Əgər hər hansısa bir missiya, hədəf başa vurulursa, demək bu yalnış yoldur. Xüsusilə də bizim sahəmizdə. Ola bilsin ki, müəyyən çərçivədə qarşıya hər hansısa bir kiçik hədəf qoyulsun. Bu zaman bu hədəf tamamlanır və qarşıya yenisi qoyulur.

Ancaq bizim sahə elə bir sahədir ki, burada hədəflər bitə bilməz. Hər dəfə bizim yeni və daha böyük hədəflərimiz meydana çıxacaq, axı dünya bir yerdə dayanmır, idman inkişaf edir, rəqabət güclənir. Ona görə bu günkü gündə mənim ən böyük arzum Azərbaycan milli komandasını Tokio-2020 Olimpiya oyunlarında bizim brendin idman geyimlərində görməkdir. Necə ki, xarici milli komandalar öz yerli istehsalları olan idman geyimlərindən istifadə edirlər, mən də istəyirəm ki, uzaqdan bizim komandanı gördükdə, anlaşılsın ki, bu komanda Azərbaycanı təmsil edir, ki bu Azərbaycan ornamentləri, naxışları və Azərbaycan bayrağının rəngləridir.

Bilmirəm bu nə qədər mümkün olacaq, axı bu birbaşa ölkə rəhbərliyindən asılıdır, ölkənin idman elitasının qərarından asılıdır. Ölkə Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev fondunun rəhbəri Mehriban Əliyeva idmana çox böyük diqqət göstərirlər. Ümid edirəm ki, mən onların dəstəyini alacağam və onlar Azərbaycan oğluna və Azərbaycan brendinə şans tanıyacaqlar və növbəti il Olimpiya oyunlarına biz xüsusi və gözəl idman əlbisələrində yollayanacayıq. Ancaq hazırda bu mənim üçün bir arzu olaraq qalır.

Vüsal Cəfərov

Son yazılar

Yuxarı