Azərbaycan kuboku tarixində ilk dəfə finalda “Böyük oyun” baş tutacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” və “Xəzər Lənkəran” arasında oyunla 2012/13 mövsümünə də yekun vurulacaq. Mövsümün son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bu qarşılaşma rəqiblər arasında 28-ci dueldir. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar hələlik öndədir – 28:25.
Baş tutan 27 matçdan 25-i Azərbaycan çempionatında keçirilib. Kubokda isə yolları yalnız 1 dəfə kəsişən komandalar 2010/11 mövsümündə ¼ finalda 2 dəfə üz-üzə gəlmişdi.
Həmin duel “Xəzər Lənkəran”ın xeyrinə başa çatmışdı. Bakıdakı məhsuldar oyunda 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” evdəki bərabərliklə mərhələ adlamışdı.Finalda isə azarkeşlər ilk dəfə “Böyük oyun” izləyəcək. Kubokda “Neftçi”yə uduzmayan Lənkəran təmsilçisi tarixində 4-cü dəfə kuboku qazanmaqla rekorda şərik olmağa yaxındır. Bu göstəricidə rekord isə “Neftçi” ilə “Kəpəz”ə məxsusdur. Bu komandalar hərəyə 4 dəfə kuboku başı üzərinə qaldırıb.