İlin son sınağı
22.12.2020 , 16:06
Dekabrın 24-də Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçiriləcək. 13-cü turda “Səbail”lə qarşılaşacaq “Qəbələ” ili səfər matçı ilə başa vuracaq.
Korner.az xəbər verir ki, I dövrədə Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə edən rəqiblər ümumilikdə 15-ci dəfə görüşəcək.
Əvvəlki 14 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. “Qəbələ” oyunların yarısında – 7 dəfə qalib gəlib. 4 heç-heçəsi olan komanda yalnız 3 dəfə uduzub. 40 qolun vurulduğu matçlarda top fərqi də futbolçularımızın xeyrinədir – 25:15. “Səbail”lə oyunlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub.
İndiyəqədərki 14 görüşdən 12-si Premyer Liqa, 2-si ölkə kubokuna təsadüf edib. Azərbaycan çempionatında 5 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 3 yenilgi alıb. 20 qol vuran komandamız 13 top buraxıb.
Səfərdə keçirdiyi 7 matçda 2 qələbə və 2 heç-heçəsi olan “qırmızı-qaralar” rəqib meydanından 3 dəfə xalsız dönüb. 11 qol vuran komanda eyni sayda qol buraxıb.
Xatırladaq ki, dekabrın 24-də keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.