İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasına yekun vurulub. Korner.az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda 3-cü yeri tutub.
2 nəfərlik qayıqla (M2X) mübarizə aparan cütlüyümüz 2000 metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət edib. Bu nəticə ilə Aleksandrov – Yotov dueti 3-cü yeri tutsa da, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. Bu vəsiqələrə ilk 2 pilləni tutan italiyalı Alessio Sartori – Romano Battisti (6:27.13) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:27.46) yiyələniblər. Azərbaycanlı duetin olimpiadaya yollanmasına cəmi 0,53 saniyəsi çatmayıb. Amma Aleksandrov hələ ötənilki dünya çempionatında uğurlu çıxışı sayəsində 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya lisenziyasını təmin edib. O, Yotovla birgə də bu vəzifənin öhdəsindən gəlsəydi, Londonda 2 qayıqla mübarizə aparmalı olacaqdı.
Qeyd edək ki, Yekun Olimpiya Təsnifat Reqatasında qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan İskra Angelova – Viktoriya Nençeva dueti finala yüksələ bilməyib.