“İslandiyadakı oyundan sonra bizə çətin olacaq. Bildiyiniz kimi, qapıçımız meydandan qovuldu və qol buraxdıq. Bundan sonra işimizi çətinə saldıq. Üstəlik sabah topla yaxşı rəftar etməyi bacaran “İnter”in tərəfində “doğma divarlar” da olacaq. Buna baxmayaraq, bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının 2-ci təsnifat mərhələsində “İnter”lə Bakıda baş tutacaq cavab qarşılaşması öncəsi mətbuat konfransında İslandiya “Hafnrafyordur”unun baş məşqçisi Heymir Qudyonsson deyib.
İslandiyalı mütəxəsis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Amma məşqdə futbolçularınızın əhval-ruhiyyəsi olduqca yüksək idi…
– Maraqlı oyun gözləyirəm. Sabah qalib gəlsək “Atletik” kimi komandaya rəqib olacağıq. Buna görə də yetirmələrim bacardıqlarının ən yaxşısını ortaya qoymağa çalışacaqlar. Biz optimist olmalıyıq.
– “Neftçi” artıq “Hafnarfyordur” səddini bir dəfə keçib. Özü də səfərdə 2:1 qalib gələrək. Düşünmürsünüz ki, tarix təkrarlanacaq?
– Həmin görüşdə futbolçu kimi iştirak etmişəm. Ancaq tarixin təkrarlanmayacağına ümid edirəm.
– Havanın isti olması oyununuza təsir göstərməyəcək?
– Görüşün saat 21:00-da başlaması lehimizə olan amildi. Çünki həmin vaxt artıq hərarət bir qədər aşağı düşür.
